Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:25

Ali Məhkəmənin hakiminin adı zavod qalmaqalında


Ali Məhkəmə
Ali Məhkəmə

İran vətəndaşı olan işadamı Hacı Reza Əkbər deyir ki, Azərbaycanda 50 faiz pay sahibi olduqları zavoda daxil ola bilmirlər.

İran vətəndaşı olan işadamı Hacı Reza Əkbər deyir ki, Azərbaycanda 50 faiz pay sahibi olduqları zavoda daxil ola bilmirlər. Söhbət plastik və alüminium məhsullarının istehsalı ilə məşğul olan "Azprof" MMC-dən gedir. Zavodun səhmlərinin 50 faizi "Tulu Fəcr Tehran Limited" şirkətinə məxsusdur. Bu şirkətin Azərbaycandakı rəsmi təmsilçisi isə Hacı Reza Əkbərdir. Onun sözlərinə görə, 50 faizlik pay özlərindən xəbərsiz 10 min manata Tamilla Qasımova adlı şəxsin adına alqı-satqı olunub. Sözügedən alqı-satqı müqaviləsindən sonra "Azprof" MMC-nin nizamnamə kapitalındakı paylar bu şəkildə yenidən qeydə alınıb: 50 faiz İdris Məmmədov, 25 faiz Hacı Reza Əkbər, 25 faiz Tamilla Qasımova.

Bundan xəbər tutan kimi Tamilla Qasımovaya, alqı-satqı müqaviləsini bağlamış notariat kontoruna və üçüncü şəxs qismində zavodun direktoru İdris Məmmədova qarşı Nərimanov rayon Məhkəməsində iddia qaldırılıb. İddia təmin olunub və alqı-satqı müqaviləsi etibarsız hesab edilərək ləğv olunub. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.

"Deyirlər ki, əslində, pay onundur"

"Biz uzun müddət bu qərarın icrasına nail ola bilmədik. Əlimizdə məhkəmə qərarı olduğu halda, öz zavodumuza daxil ola bilmirdik. Bu gün də vəziyyət elədir. Xanlar Məmmədov bizə öz əmlakımızdan istifadə etməyə imkan vermir. O, Ali Məhkəmənin hakimi Xaqani Məmmədovun əmisi oğludur. Deyirlər ki, əslində, pay onundur, sadəcə, hakim olduğuna görə bizneslə məşğul ola bilməz, ona görə kənardan idarə edir", – Hacı Reza Əkbər belə deyir.

Konstitusiya Məhkəməsi "Azprof" MMC-nin səhmlərinin alqı-satqısıyla bağlı Tamilla Qasımovanın müraciətinə baxaraq onun şikayətini təmin edib. Bundan sonra iş Ali Məhkəmənin Plenumuna çıxarılıb. Plenum qərar verib ki, əvvəlki qərar ləğv olunsun və Bakı Apellyasiya Məhkəməsi bu işə yenidən baxsın.

"Hamı bilir ki, Konstitusiya Məhkəməsi çox nadir hallarda işlərə baxır. Təsadüfə baxın ki, Tamilla Qasımovanın müraciətinə baxıb, onun xeyrinə qərar verildi. Nəzərə almaq lazımdır ki, Xaqani Məmmədov məhz Konstitusiya Məhkəməsində çalışıb", – Hacı Reza Əkbər vurğulayıb.

"Bu cür iddialar..."

Ali Məhkəmənin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, 2020-ci ilin yanvarında Ali Məhkəmədə bu mülki mübahisəyə baxılanda Hacı Reza Əkbərin xeyrinə qərar çıxarılıb. Sonradan Konstitusiya Məhkəməsi o qərarı ləğv edib: "Bu cür iddialar ədalət mühakiməsinin nüfuzuna xələl gətirir, hakimlərə və məhkəmə hakimiyyətinə qarşı cəmiyyətdə mənfi fikir formalaşdırmasına xidmət edir".

"Azprof" MMC-dən isə bildirilib ki, hazırda məhkəmə prosesi davam etdiyi üçün heç bir açıqlama vermək istəmirlər.

XS
SM
MD
LG