Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:43

'Hökumətin münasibətindən anladığım budur ki, ölkəyə elm lazım deyil'


Doktorant: 'Məcburam ki əlavə işdə işləyim'
Gözlə

No media source currently available

0:00 0:05:22 0:00

Doktorant: 'Məcburam ki əlavə işdə işləyim' (2022)

"Gənc alimə ev verməkdənsə, elə maaş verək ki, həm ev ala bilsin, həm də motivasiyası olsun...". Bunu, yerli saytların məlumatına görə, fevralın 29-da elm və təhsil naziri Emin Əmrullayev Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında deyib.

İllərdir Azərbaycanda alimlərin maddi və mənzillə təminatının ürəkaçan olmaması ilə bağlı şikayətlər eşidilir. İddialara görə, gənc alimlər bu səbəbdən ya xaricə üz tutur, ya da elmdən gedib başqa sahələrdə çalışırlar.

Alimlərin sayı azalır

Əslində bununla bağlı son yeddi ilin statistikası da ürəkaçan deyil.

Dövlət Statistika Komitəsinin 2022-ci ilə olan məlumatına görə, ölkədə 59 akademik, 89 müxbir üzv var. Alimlik dərəcəsi olan tədqiqatçıların sayı 7 min 69 nəfərdir. Onlardan min 343-ü elmlər doktoru, 5 min 726-sı fəlsəfə doktorudur.

2015-cı ildə Azərbaycanda 65 akademik, 113 müxbir üzv fəaliyyət göstərib. Həmin ildə elmi tədqiqatla 23 min 93 mütəxəssis məşğul olub ki, onların hər üçündən birinin elmlər doktoru, fəlsəfə doktoru alimlik dərəcəsi olub.

2024-cü il dövlət büdcəsindən elmin inkişafına 228.8 milyon manat ayrılıb. Bu da ötən illə müqayisədə 3.5 milyon manat və ya 1.5 faiz çoxdur.

Y.Qaraqoyunlu
Y.Qaraqoyunlu

"İşə gəlib-getməyə yolpulu tapa bilmirəm"

Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Yasəmən Qaraqoyunlu "Turan"a deyib ki, Milli Elmlər Akademiyasında inzibati işlərlə məşğul olanların maaşlarını qaldırırlar, amma gerçək alimlərin maaşları artırılmır: "Məsələn, Azərbaycanda professor uzağı 1000 manat maaş alır, vergi çıxdıqdan sonra bu, 700-800 manat edir. Avropa, Türkiyə, hətta Rusiya ilə müqayisədə bu, çox azdır".

Mənzillə təminat məsələsi ilə bağlı alim vurğulayıb ki, AMEA-da 3 minə yaxın alim çalışır, amma onların cəmi 80 nəfərini dövlət mənzillə təmin edib: "Mən 30 ildir Akademiyada işləyirəm, öz evim yoxdur, kirayədə qalıram. İndi Bakıda mənzil kirayəsi o qədər bahadır ki, şəhərdən çox uzağa köçmüşəm, çünki maaşım bu qədər kirayə haqqını ödəməyə bəs etmir. Heç işə gəlib-getməyə mən yolpulu tapa bilmirəm".

Y.Qaraqoyunlu deyir ki, bu maaşla böyük elmi nailiyyətlər əldə etmək qeyri-mümkündür: "Əksinə, hökumətin bizə münasibətindən anladığım budur ki, bu ölkəyə elm lazım deyil. Elmin inkişaf strategiyası alimə xüsusi yanaşma tələb edir. Əgər elmi işçiyə dövlət tərəfindən qayğı yoxdursa, deməli, dövlət özü maraqlı deyil ki, elm inkişaf etsin".

C.Məmmədov
C.Məmmədov

"Alimlərin maaşları mütləq qalxmalıdır"

Bu fikirlərə Prezident Administrasiyası və Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da "Turan"a deyib ki, həqiqətən, Azərbaycanda alimlərin maaşı azdır: "Bu gün Akademiyada bir alim 500 manat maaş alır. Bu, azdır. Mən parlament iclasında büdcə müzakirə olunarkən da demişdim ki, bu məsələyə yenidən baxmalıyıq. Düzdür, cənab prezidentin göstərişi ilə bu istiqamətdə müəyyən addımlar atılır".

Deputat hesab edir ki, alimlərin maaşları mütləq qalxmalıdır: "Bu gün elmə, müəllimliyə gəlmək istəyənlərin sayı sürətlə azalır… Bu gün ən az maaş alan sahələrdən biri də müəllimlər, alimlərdir. Yaşlı nəsil dünyadan köçəndən sonra onların yeri doldurulmur".

C.Məmmədovun fikrincə, alimlərə və müəllimlərə müəyyən güzəştlər edilməlidir: "Onlara aşağı faizlərlə kreditlərin verilməsi nəzərdə tutula bilər. Amma əsas prioritet maaşlardır".

K.Əsədov
K.Əsədov

"Professorun aldığı əməkhaqqı məktəb direktorunun əməkhaqqısından aşağıdır"

Təhsil üzrə ekspert Kamran Əsədovun AzadlıqRadiosuna deməsinə görə, indi Azərbaycanda gənclər elmə ona görə gəlmir ki, maaşlar çox aşağıdır: "Professorun aldığı əməkhaqqı min 500 şagirddən az olan məktəbin direktorunun əməkhaqqısından aşağıdır. Beynəlxalq jurnallarda məqalə çap etmək üçün alimlərə pul lazımdır, amma onlar yoxdur".

O, alimlərin mənzil şəraitinin də yaxşılaşdırılmalı olduğunu vurğulayır: "Bu, güzəştli şərtlərlə ipoteka da ola bilər. Amma onların sosial vəziyyətini yaxşılaşdırmaqdan ötrü birinci vəzifə onlara yaxşı pul verməkdir. 500 manat əməkhaqqı ilə alim hansı ixtira edə bilər? Bu gün AMEA əməkdaşının əksəriyyətinin banka kredit borcu var, onlar hətta müalicə almaqdan ötrü kredit götürürlər".

XS
SM
MD
LG