Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:40

Bir neçə ölkə vətəndaşlarını Ukraynadan evakuasiya edir


Brüsseldə Ukraynaya dəstək aksiyası
Brüsseldə Ukraynaya dəstək aksiyası

Kanada da vətəndaşlarına Ukraynaya getməməyi tövsiyə edib, “Rusiyanın təhdidlərinin, silahlı münaqişə riskinin qaldığını” göstərib.

Bir neçə ölkə vətəndaşlarının Ukraynadan təxliyəsinə başlayıb və ya Ukraynadan çıxmaları üçün onlara müraciət edib.

Belə bir müraciətlə fevralın 11-də Yaponiyanın Dövlət Xarici İşlər Nazirliyi və Niderlandın Kiyevdəki səfiri çıxış ediblər.

İsrail bildirib ki, Ukraynadakı diplomatlarının ailələrini təxliyə edəcək.

Kiyev Post qəzeti xəbər verir ki, ABŞ ATƏT-dəki amerikalı diplomatların evakuasiyasna başlayıb.

Politico saytı bildirir ki, ABŞ-ın Avropa İttifaqındakı missiyasının qeyri-əsas heyəti də evakuasiya olunur.

Blinken: Rusiya Ukraynaya istənilən vaxt təcavüz edə bilər

ABŞ-ın Dövlət katibi Entoni Blinken deyir ki, Rusiya Ukrayna ilə sərhədə qoşun yığmağa davam edir və istənilən vaxt təcavüzə başlaya bilər, hətta Pekində Qış Olimpiya Oyunları keçirildiyi vaxtda belə.

O, Vaşinqtonun Kiyevdəki səfirlik əməkdaşlarının sayını azaltmağa davam edəcəyini deyib, Dövlət Departamentinin Ukraynadakı ABŞ vətəndaşlarına bu ölkəni dərhal tərk etməklə bağlı xəbərdarlığını bir daha dilə gətirib.

“Sadəcə, Rusiyanın eskalasiyasında çox narahatedici əlamətlər görməkdəyik, Ukrayna sərhədinə yeni qüvvələr gəlir. Əvvəl dediyimiz kimi, təcavüzün istənilən vaxt başlaya biləcəyi bir zaman aralığındayıq, bu, Olimpiya oyunları vaxtı da baş verə bilər”, – Blinken fevralın 11-də Avstraliyanın Melburn şəhərində söyləyib.

Qış Olimpiya Oyunları fevralın 20-dək Pekində keçirilir. Həmişə olmasa da, adətən, ölkələr oyunlar dövründə münaqişələrdə atəşkəsə əməl edirlər.

***

Dövlət Departamenti amerikalıları Ukraynadan çıxmağa çağırır

ABŞ Dövlət Departamenti yeni tövsiyəsində amerikalıları mümkün qədər tez Ukraynadan çıxmağa çağırır. Daha öncəki xəbərdarlıqlarda ABŞ vətəndaşlarına belə bir addımı “nəzərdən keçirmək” tövsiyə olunurdu.

“Rusiyanın hərbi hücum təhdidinin artması və COVID-19 pandemiyasına görə Ukraynaya getməyin”, – fevralın 10-da yayılmış xəbərdarlıqda deyilir.

“Ukraynada olanlar kommersiya, yaxud özəl vasitələrlə çıxmalıdırlar. Ukraynada qalırsınızsa, cinayətkarlıq, vətəndaş itaətsizliyi, Rusiya hərbi hücuma keçərsə potensial döyüş əməliyyatları ilə bağlı ehtiyatlılığı gücləndirin. Bəzi ərazilərdə risk artıb”, – qurum bildirir.

Xəbərdarlıqlar

Rusiyanın Ukrayna ilə sərhəd yaxınlığına azı 100 min əsgər yığmasının yaratdığı gərginlik fonunda Qərb liderləri Rusiya ilə danışıqları davam etdirirlər. Qərb Rusiyanın qonşusu və rəqibi Ukraynaya yeni təcavüz planından narahatdır. Moskva 2014-cü ildə Krım regionunu ilhaq edərək Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb.

Rusiya Ukraynaya təcavüz planı olmadığını deyir. Amma eyni zamanda Belarusda 30 min əsgərin iştirakıyla irimiqyaslı hərbi manevrlər keçirir.

Kanada da vətəndaşlarına Ukraynaya getməməyi tövsiyə edib, “Rusiyanın təhdidlərinin, silahlı münaqişə riskinin qaldığını” göstərib.

Yanvarın 26-da ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynadakı amerikalıları ölkədən çıxmağı nəzərdən keçirməyə çağırmış, Rusiyanın sərhədə qoşun yığması fonunda “proqnozlaşdırılmayan” vəziyyət yarandığını bildirmişdi.

Diplomatik fəaliyyət davam edir

Fevralın 11-də Ukrayna böhranı üzrə diplomatik görüşlər davam edəcək. Britaniyanın Müdafiə naziri Ben Vallas Moskvaya səfər edəcək. O, bir gün öncə müsahibəsində deyib ki, Qərb müttəfiqləri NATO üzvü olub-olmamağından asılı olmayaraq ölkələrin hüquqlarını qorumağa çalışır.

Rumıniyada yayılan xəbərlərə görə, NATO-nun Baş katibi Yens Stoltenberq fevralın 11-də ölkənin prezidenti ilə görüşəcək, hərbi bazaya baş çəkəcək.

Fevralın 11-də Brüsselə səfər edən Britaniyanın Baş naziri Boris Conson Kremlə xəbərdarlıq edib ki, Rusiyanın Ukrayna yaxınlığına qoşun yığması Avropada son onillər ən ciddi təhlükəsizlik böhranına səbəb olub.

XS
SM
MD
LG