Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:23

Edamlar sürətlə artır


Edam
Edam

Beynəlxalq Amnistiya Təşkilatının (Amnesty International) məlumatına görə, 2022-ci ildə dünyada edamların sayı son beş il üzrə ən yüksək həddə çatıb. İrandakı artım Qazaxıstan da daxil olmaqla, altı ölkədə ölüm hökmünün ləğvi ilə bağlı yaranan ümidləri puç edib.

İnsan haqları qrupu illik hesabatında habelə bildirir ki, Çin xaric, keçən il dünyada təsdiqlənmiş 883 edam həyata keçirilib. Bunun 90 faizi ölüm hökmü tətbiq edilən 20 ölkənin təkcə üçündə reallaşdırılıb. Hesabatda hər üç ölkənin Yaxşın Şərqdə yerləşdiyi vurğulanıb.

Dövlət sirri

"Amnesty International"ın Baş katibi Anyes Kallamar (Agnès Callamard) deyib: "Yaxın Şərq, Şimali Afrika ölkələri 2022-ci ildə edamları artıraraq beynəlxalq hüququ pozub və insan həyatına laqeyd münasibət nümayiş etdiriblər. Edam edilmiş şəxslərin sayı regionda kəskin şəkildə artıb. Səudiyyə Ərəbistanı bir gündə 81 nəfəri edam edib. İran isə insanları sadəcə etiraz hüququndan istifadə etdikləri üçün edam edib".

Bildirildiyinə görə, İranda şəraitin pisləşməsi və hökumətin insan haqlarını boğması səbəbi ilə artan etirazlar fonunda 2021-ci ildə 314 olan edam 2022-ci ildə 576-ya çatıb.

Əlavə olunduğuna görə, Çində digər ölkələrdən daha çox ölüm hökmü çıxarılsa da, oradakı rəqəmlər hesabata daxil edilməyib. Çində ölüm hökmünün həqiqi sayı bilinmir, məlumatlar dövlət sirri hesab olunur. Bununla belə, hesabatda edam sayının minlərlə olduğu ehtimal edilir.

"Ümid işığı"

Hesabatda vurğulanıb ki, ötən il Əfqanıstan da daxil olmaqla, beş ölkədə edam cəzası yenidən bərpa edilib. Narkotiklərlə bağlı cinayətlərə görə edam olunanların qeydə alınan sayı isə 2021-ci ilə nisbətən 2022-ci ildə iki dəfədən çox artıb.

"Çox vaxt bu amansız cəza qeyri-mütənasib olaraq imkansız insanlara şamil olunur. Hökumətlərin və BMT-nin səbəbkarlara təzyiqi artırmaq və beynəlxalq təminatları tətbiq etməyin vaxtı çatıb", - Kallamar əlavə edir.

Edamların artmasına baxmayaraq, "Amnesty International" altı ölkənin ölüm hökmünü tamamilə və ya qismən ləğv etməsi ilə "ümid işığı" gördüyünü bildirir. Qazaxıstan, Papua Yeni Qvineya, Syerra-Leone, Mərkəzi Afrika Respublikası ötən il bütün, Ekvatorial Qvineya və Zambiya isə yalnız adi cinayətlərə görə ölüm cəzasını ləğv edib.

2022-ci ilin dekabrına olan məlumata görə, 112 ölkə bütünlükdə, doqquz ölkə isə adi cinayətlər üçün ölüm hökmünü ləğv edib.

XS
SM
MD
LG