Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:39

'Bu sual Azərbaycan-Rusiya münasibətlərinin əcaibliyini ortaya çıxardı'


Lider TV-nin əməkdaşı Anar Həsənov
Lider TV-nin əməkdaşı Anar Həsənov

Lider TV-nin əməkdaşı Anar Həsənovun Rusiyanın xarici işlər nazirinə sualı Azərbaycan deputatları “yersiz və əyalət səviyyəsində sual” kimi dəyərləndirir, buna görə müxbir tənqid edir, o biri tərəfdən də ATV Sergey Lavrov-u verdiyi cavaba görə “asıb-kəsir”, “ermənipərəst” adlandırır.

Bütün bunların fonunda Azərbaycan-Rusiya münasibətləri yenidən saf-çürük edilir, nəzərdən keçirilir.

Buna da bax:​ Deputat: 'Yersiz, əyalət səviyyəsində verilən sual idi'

“Bu, tam biabırçılıqdır”.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər AzadlıqRadiosu-na belə deyir. Onun qənaətincə, jurnalistin istənilən sualı verməyə hüququ var və qoyduğu suala görə onu qınamaq “yolverilməzdir”. İsa Qəmbər “Rusiyanin gerçək mövqeyini ortaya çıxarmaq baxımından” sualı “uğurlu” sayır, amma əlavə edir ki, məsələ sualda yox, ona verilən cavabdadır:

“Lavrov mətbuat konfransında səsləndirdiyi fikirləri deməyə ya fürsət axtarıb, ya da birbaşa belə sual verilməsinə əsəbiləşib. Ona görə də mövqeyi olan ictimai xadim kimi, Ermənistana meylli siyasətçi kimi danışıb. Bu da gerçəklərin ortaya çıxması baxımından yüksək haldır”.

İsa Qəmbər
İsa Qəmbər

İsa Qəmbər Azərbaycan hakimiyyətinin bütövlükdə xarici siyasətini, özəlliklə Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə apardığı siyasəti “yarıtmaz” və “hədəfsiz siyasət” adlandırır: “Bu sual-cavab da həmin vəziyyəti aydın şəkildə ortaya qoyub... Hakimiyyət iddia edirsə ki bu suala ehtiyac yox idi, cavabı bəlliydi, bu o deməkdir ki, işğaldakı torpaqlarımızın azad edilməsi mövzusunu daxili mövzu saymır, münaqişəni kənar qüvvələrin arzusu, qərarı, istəyi ilə həll olunacaq məsələ kimi görür. Və görünür, buna görə də hakimiyyət tək Rusiyanın deyil, özünün mövqeyinin ortaya çıxmasından narahatdır”.

Buna da bax: Lavrov: "Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid məsələ deyil"

Rusiya xarici işlər nazirinin mətbuat konfransında Anar Həsənov Sergey Lavrovdan soruşub: "Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi halda Moskva necə hərəkət edəcək, buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?".

Nazir cavabında deyib: "Dağlıq Qarabağda güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil".

İsa Qəmbərin fikrincə, hakimiyyət xalqa deyil, Moskvaya arxalandığı üçün ondan asılı vəziyyətə düşür, islahat tələb edən Qərblə “məsafəli davrandığından”, Rusiyadan aldığı dəstəyə görə onun ölkənin maraqlarına zidd mövqeyinə “göz yummağa hazır” olduğunu göstərir.

Buna da bax:​ Anar Həsənov: 'Bəli, mən artıq 'Lider' telekanalında işləmirəm'

“Bu, artıq beynəlxalq səviyyəli münaqişəyə çevrilib”.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də sualın “düzgün qoyulmadığını” düşünənlərdəndir, onun fikrincə, sual “peşəkar şəkildə” verilməyib və ona görə də “qızışdırıcı xarakter” daşıyıb.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev

“Azərbaycan antiterror əməliyyatı başlasa, Rusiya buna necə yanaşacaq və Azərbaycanın daxili işlərinə qarışacaqmı” şəklində sual jurnalistin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, orada iştirak edən tərəflərin statusu və hüquqi mövqeyindən xəbərsiz olduğunu göstərir. 1992-ci ildə münaqişənin həlli məqsədilə ATƏT-in Minsk Qrupu yaradılıb. Onun yaranmasını biz xahiş etmişik və məsələnin həllini ona həvalə etmişik. Bu, artıq Azərbaycan-Ermənistan arasındakı münaqişədən beynəlxalq səviyyəli münaqişəyə çevrilib. Kəlbəcərin işğalından sonra məsələ BMT səviyyəsinə qaldırılıb, qətnamələr qəbul edilib və s. Yəni bu daxili məsələ olmaqdan çıxıb və Rusiyadan “Bu işə qarışacaqsınızmı” deyə soruşanda, Lavrov bu cür də cavab verməli idi. Jurnalist naziri provokasiyaya çəkmək istəyirdisə, o başqa məsələ, orasını bilmirəm”.

Mehman Əliyev: 'Sual 'peşəkar şəkildə' verilməyib'
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00
Direct-ə keçid

“Jurnalist Azərbaycan-Rusiya münasibətlərinin əcaibliyini ortaya çıxardı”

Buna da bax:​ Bahar Muradova: 'Rusiya Azərbaycana dost-tərəfdaş ölkədir'

Siyasi şərhçi Rauf Mirqədirov belə düşünmür və sualı bu şəkildə qoymaqla jurnalistin naziri provokasiyaya çəkdiyini, onu “demək istəmədiklərini söyləməyə məcbur etdiyini”, Rusiya-Ermənistan hərbi müttəfiqliyini bir daha gündəmə gətirdiyini bildirir. “Ancaq Azərbaycan hakimiyyətində təmsil olunan şəxslər eşitmək istəmədiklərini eşitdiklərindən, jurnalisti tənqid edirlər”, - siyasi şərhçinin sözləridir.

Rauf Mirqədirov mətbuat konfransında BMT qətnamələrindən danışan nazir Sergey Lavrov-un sənəddəki digər müddəalardan diqqəti yayındırdığını, bununla qətnamələri təhrif etdiyini düşünür. “Orada söhbət təkcə atəşkəsdən getmir, axı. Zəngilanın işğalından sonra qəbul edilən qətnamədə deyilir ki, işğal edilən ərazilər birtərəfli qaydada azad edilməlidir, yəni atəşkəs olsa da, olmasa da. Amma bu müddəa yerinə yetirilməyib. Lavrov bu haqda danışmır ancaq. 20 ildir qətnamənin tələbləri yerinə yetirilmirsə, o zaman onun atəşkəslə bağlı müddəası da sual altına düşə bilər”.

Buna da bax: Məmmədyarov Lavrovun fikirlərinə münasibət bildirdi

Rauf Mirqədirov
Rauf Mirqədirov

Siyasi şərhçi Azərbaycan-Rusiya münasibətlərinə diqqət çəkir. Onun fikrincə, azərbaycanlı nazir Elmar Məmmədyarov Lavrov-a cavab olaraq “istəmədiyi bəyanatı verdi”:

“Məzmunu təxminən beləydi ki, Rusiya istəsə, bu münaqişəni həll edə bilər. Bu gün Rusiya ilə qarşılıqlı münasibətlər Azərbaycanda bəzilərini narahat edir. Adicə misal çəkim, qondarma DQR-in “şən və hazırcavablar klubu” Rusiyadakı tədbirdə iştirak edirdi. Mətbuat bununla bağlı Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsə də, onlar bu haqda danışmadılar. Novruz Məmmədovun yazdığına görə, yalnız prezidentin göstərişindən sonra onlar komandanın Rusiyadakı tədbirdə iştirakına etiraz etdilər. Yəni Bakıda ABŞ prezidentini və ya dövlət katibini tənqid, təhqir etmək daha rahatdır, nəinki Rusiyanı. Xırda bir məsələdən ötrü prezident səviyyəsində razılıq lazımdır. Rusiyanın təsiri burda güclüdür və jurnalistin aqibəti bunu göstərdi. Onun sualı isə Rusiya-Azərbaycan münasibətlərinin əcaibliyini ortaya çıxardı”.

Deputat Rasim Musabəyov AzadlıqRadiosu-na Anar Həsənovun “əyalət səviyyəsində və yersiz sual” verdiyini deyib.

XS
SM
MD
LG