Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:01

'Annette': çirkin ördək balası ilə pəri şahzadənin filmi


"Annette" filmindən kadr
"Annette" filmindən kadr

Rejissor Leos Karaksın "Annette" filmi 2021-ci ilin Kann kinofestivalında sensasiya kimi qarşılanıb. Filmdə Adam Drayver stendap komikini, Marion Kotiyar isə onun opera müğənnisi olan arvadını canlandırır.

Həyata deyil, incəsənətə fokuslanan film

"Chicago Tribune" qəzetində dərc edilmiş rəydə filmdəki sevgi mahnılarının çoxunun yaddaqalan olduğu deyilir. Ümumiyyətlə, film, demək olar, bütövlükdə musiqilidir. Məqalədə "Annette" 1981-ci ildə çəkilmiş "Pennies From Heaven" müzikli ilə müqayisə olunur.

Drayverin personajının həyat yoldaşı ilə münasibətləri bir növ çirkin ördək balası ilə pəri şahzadəni xatırladır. Güclü yumor hissi olan stendapçı Henri dünya şöhrətli opera müğənnisi Ennə aşiq olur. Onların qeyri-adi qızını isə müxtəlif ölçülü taxta kuklalar "canlandırır".

"Bəlkə də rəyin bura qədərini oxuyanlar artıq filmə baxıb-baxmayacaqları haqda qərar vermiş olacaq. Ancaq hər şey bu qədər asan deyil", – rəydə deyilir. Fransalı rejissor Karaksın ingilis dilində çəkdiyi bu ilk filmi həyatdan çox incəsənətə fokuslanıb. Maraqlıdır ki, rəydə bu film həm "gözəl", həm də "mizoginist" adlandırılır.

Müzikl janrında ilk film

"Anette" Leos Karaksın 2012-ci ildə çəkdiyi "Holy Motors" filmindən sonrakı ilk işidir. Bu ilin əvvəlində Kann kinofestivalının planlaşdırılmış formatda baş tutub-tutmayacağı qeyri-müəyyən idi. O zaman filmin premyerasının Kannda olmayacağı halda, payızda keçiriləcək festivallarda göstəriləcəyi deyilirdi. Ancaq Kann festivalı da baş tutub, filmin premyerası da uğurlu olub.

Filmin sentyabrda Venesiya və Toronto film festivallarında da nümayiş etdiriləcəyi gözlənilir.

"Annette" müziklində hadisələr Los-Ancelesdə cərəyan edir. Filmin musiqisi 70-ci illərdə populyar olan "Sparks" rok qrupuna məxsusdur. "Sparks"ın solisti Ron Meyl müsahibələrində filmi çox bəyəndiyini deyib. Onun qardaşı, qrupun partnyoru Rassel Meyl isə filmin klassik rok operası ənənəsinə uyğun çəkildiyini deyib. O, filmin premyerasından əvvəl verdiyi müsahibədə Adam Drayverin "Sparks"ın mahnılarını ifa etməsindən çox təsirləndiyini deyib.

Bu, Karaksın başdan-ayağa müzikl janrında çəkdiyi ilk filmdir. Ancaq kino həvəskarları onun "Holy Motors" filmində avstraliyalı müğənni Kayli Minouqun ifasında səslənən "Who were we" mahnısını çox bəyəniblər. Karaksın klassik "Mauvais Sang" (1986) və "The Lovers on the Bridge" (1999) filmlərinin musiqiləri də çox uğurlu olub.

Rianna və Mara imtina edib

Film üzərində iş hələ 2017-ci ildən gedirmiş. O zaman "Amazon Studios" filmin çəkiliş hüquqlarını satın almışdı. İlkin olaraq filmin ulduzları Runi Mara Rianna olmalı idi. 2017-ci ilin yazında, çəkilişlərin başlaması ərəfəsində Rianna və Mara layihədən geri çəkiliblər. Maranı əvəzləmək üçün Mişel Uilyams layihəyə dəvət edilib. Ancaq o da sonucda layihədə iştirakdan imtina edib. Bunun əvəzində isə başqa bir musiqili və rəqsli filmdə – "FX"in "Fosse/Verdon" filmində rol alıb. Nəhayət, 2019-cu ilin mayında rol Marion Kotiyara həvalə edilib.

Çəkilişlər Los-Anceles, Almaniya və Belçikada baş tutub və 2020-ci ilin əvvəllərində başa çatıb. "Annette"in çəkilişləri başa çatanda Adam Drayver "Marriage Story" (2019) filminin təqdimatlarında iştirak edirdi. "Marriage Story" filmində tamaşaçılar ilk dəfə Drayverin Stiven Sondhaymın "Being Alive" mahnısını solo ifa etdiyini görürlər. "Annette" filmində həm Drayver, həm də Kotiyar mahnıları özləri ifa edirlər.

XS
SM
MD
LG