Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:13

"Başımızın üstündə polis zopası hərlədirlər"


İllüstrasiya
İllüstrasiya

“Əkin, örüş torpaqlarımızı daşıyıb aparıblar. İcra hakimiyyətinə deyirik, deyir, “get, bələdiyyəyə de”, bələdiyyəyə deyirik, deyir, “mənlik deyil”. Rayonun sahibi yoxdur elə bil…”

Ağsunun Hacıqədirli kənd sakini Seyran Əliyev AzadlıqRadiosuna danışır ki, ümumi istifadədə olan, vətəndaşlara məxsus örüş və şəxsi əkinçilik üçün pay torpaqları bir məmurun tikdirdiyi mal-qoyun fermalarına daşınıb. Daha doğrusu, fermaya bir neçə kilometrlik yolu bu sahələrin torpaqlarından istifadə etməklə çəkiblər:

“Torpağı gözümüzün qarşısında daşıyıb aparırlar. Oğlum kənardan telefonla çəkirdi, tutub telefonu əlindən alıb sildilər, uşağı, az qala, polisə aparacaqdılar. Kəndli adamlarıq, səsimizi heç yerə çatdıra bilmirik. Rayondakı hansı telekanala zəng vururuqsa, gəlib çəkmirlər. Çünki həmin məmurdan qorxurlar”.

“ÇAYI O QƏDƏR QAZIBLAR Kİ...”

Narazı kəndlilər ötən il torpağın daşınmasına etiraz edərək yolu da kəsiblər. Ancaq yenə səslərinə səs verən olmayıb.

Sarvan kəndinin sakini Qüdrət Qüdrətov deyir, iki kənd bir-birinə bitişik olduğundan pay torpaqları da eyni ərazidə yerləşir. Sarvan kəndi də Hacıqədirli bələdiyyəsinə baxır. Kəndlinin deməsinə görə, fermasına yol, bağına torpaq daşıtdıranlar təkcə yerin üstü ilə kifayətlənmirlər, çayların da dibini eşirlər:

“Girdiman çayını o qədər qazıblar ki, əvvəllər eni 4 metrə çatırdı, indi 40-50 metri ötüb. Bir adama hesabat vermirlər, heç kəsi saymırlar. Elə bil dədə-babalarından onlara miras qalan şəxsi torpaqlarını eşirlər. O çayı qazdıqlarına görə nə bələdiyyəyə pul keçirirlər, nə ekologiya ilə hesablaşırlar”.

___________________________________________________________

Bunlara da bax:
Astara qəbiristanlığında başdaşılar sındırılıb
Putin Qarabağdan danışdı
Azərbaycan ABŞ insan haqları hesabatında tənqid edilir

___________________________________________________________

ASAYİŞİ POZMAQ?

Kənd sakini deyir, adamlar hüquqlarını tələb edəndə təhdidlərə məruz qalırlar:

“Səsimizi çıxaranda başımızın üstündə polis zopası hərlədirlər. Deyirlər, “təxribat yaradırsan, adamlara çağırış edirsən, asayişi pozursan”. Ay başına dönüm, “torpaqlarımızı daşımayın, çayımızı eşməyin” demək nə vaxtdan asayişi pozmaq olub?”

Kəndlilər torpaqların daşınması ilə pay torpaqlarının eroziyaya məruz qalmasından ehtiyat edirlər. Bildirirlər ki, münbit torpağı da aparıb yol çəkməyə istifadə etmək, kəndlinin ruzisinin qarşısına sipər çəkməkdir.

“DÖVLƏTİN TORPAĞINI HEÇ KƏS DAŞIYA BİLMƏZ”

Hacıqədirli kənd bələdiyyəsi isə kəndlilərin dedikləri ilə razılaşmır. Bələdiyyədən “Qaynar xətt”ə bildiriblər ki, kəndlilər pay torpaqlarında əkin işləri aparmırlar. Kənara daşınması ilə bağlı dedikləri isə həqiqətə uyğun deyil.

Kənd icra nümayəndəliyi də deyilənləri təsdiqləmir:

“Hansı kənd sakini bununla bağlı prokurorluğa müraciət edib? Əgər edibsə, yəqin ki, hüquq-mühafizə orqanı araşdırar. Ancaq biz belə bir faktla qarşılaşmamışıq. Dövlətin torpağını heç kəs heç yerə daşıya bilməz”.

Kəndlilərsə məsələnin arxasında iri məmurlar dayandığı üçün hüquq-mühafizə orqanlarına müraciət etməklə nəyəsə nail olacağına inanmırlar. Ancaq vəziyyət dəyişməzsə, hüquq-mühafizə orqanlarına kütləvi müraciət edəcəklərini deyirlər.

Buna da bax: Putin Qarabağ haqda danışır

Putin Qarabağ haqda danışır
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

XS
SM
MD
LG