Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:28

Səməd Seyidov: 'Avropa Şurası bu gün gərgin dövr yaşayır'


Səməd Seyidov
Səməd Seyidov

Azərbaycan hökumətinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bəzi üzvlərinə rüşvət verməsi haqda iddialar və bu iddiaların araşdırılması tələbi zaman-zaman gündəmə gəlir. Avropada Sabitlik Təşəbbüsü təşkilatının direktoru Gerald Knaus AzadlıqRadiosuna müsahibəsində deyir ki, aprelin 24-də keçirilən müzakirə AŞPA prezidentinin və onun tərəfdaşlarının müstəqil araşdırmanın qarşısını almaq istədiklərini göstərdi.

Onun sözlərinə görə, araşdırmalar aparılarsa, «çoxlu ciddi problemlər üzə çıxacaq», amma araşdırma olmasa, «Avropa Şurası öz etibarlılığını tamamilə itirəcək».

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosuna müsahibədə «kürü diplomatiyası» məsələsinin qurumda müzakirəsi haqda «Belə məsələ yoxdur» deyib.

– Bilirəm ki, bu gün Avropa Şurası Parlament Assambleyasının sədriylə, onun Suriyaya səfəriylə bağlı problemlər yaşanıb. Bu məsələ sabah (aprelin 25-də - A.R.) saat 1-dən 2-yə kimi yenidən müzakirə olunacaq. Ancaq Azərbaycanla bağlı bir məsələ belə nə Avropa Şurasının Komitəsində, nə də Parlament Assambleyasında müzakirə edilib. Siz Gerald Knaus-a inanmaq istəyirsinizsə, onunla danışın.

– Səməd müəllim, Avropa Şurasının baş katibi korrupsiya iddiaları ilə bağlı Avropa Şurasından kənar istintaq qrupunun yaradılması təklif edib.

– Bax, bu başqa məsələ. Artıq iki sessiyadır ki, Avropa Şurasında korrupsiya ilə bağlı xüsusi bir qurumun yaradılması istiqamətində müzakirələr gedir. Ancaq bunun Azərbaycana nə dəxli var? Orda bütün Avropa Şurasındakı korrupsiya ilə bağlı məsələlər müzakirə olunur. Avropa Şurası bu gün gərgin dövr yaşayır. O, korrupsiya məsələsinə də aiddir, Avropa Şurası Parlament Assambleyasının prezidentinə də. Yəni, bu məsələlər qurumun gündəmindədir. Ancaq niyə bu məsələlər süni şəkildə Azərbaycana yönəldilir, vallah, başa düşə bilmirəm.

«Guardian»ın müxbiri məqaləsində Azərbaycanın adını çəkirdi və hətta rəqəm belə səsləndirilirdi. Azərbaycan hökumətinin ölkənin AŞPA-dakı nümayəndə heyətinə Avropa Şurasında lobbiçilik xərcləri üçün 30 milyon avro verdiyi iddia olunurdu.

– Onu elə «Guardian»dan soruşun ki, həmin 30 milyon hara ayrılıb, kimə ayırıb?

– Siz «kürü diplomatiyası» haqda deyilənləri qəbul etmirsiniz?

– Mən bir şeyi qəbul edirəm, Azərbaycana süni şəkildə təzyiq var. Buna da səbəb ölkənin müstəqil siyasət aparmasıdır. «Kürü diplomatiyası» haqda deyilənlərin əsası yoxdur, bütün bunlar jurnalistlərin, qeyri-hökumət təşkilatlarının, Azərbaycanı sevməyən qüvvələrin ölkənin Avropa Şurasındakı fəaliyyətinə kölgə salmaq cəhdidir.

İtaliya prokurorluğu Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatın AŞPA-dan keçməsini önləməkdən ötrü italiyalı deputat Luca Volontè-nin 2 milyon 390 min avro rüşvət almasına dair iddiaları araşdırır. Martın əvvəlində AŞPA-nın baş katibi Wojciech Sawicki mümkün korrupsiya faktı ilə bağlı qurumdan kənar istintaqın yaradılması təklifini verib. Avropa Stabillik Təşəbbüsünün direktoru Gerald Knaus AŞPA üzvlərinə məktub yazaraq, onlardan Sawicki-nin bu təklifini dəstəkləməyi istəyib. O, məktubunda Azərbaycanın illərdir «kürü diplomatiyası» ilə AŞPA-nın üzvlərini ələ almaq cəhdlərindən bəhs edib.

XS
SM
MD
LG