Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:02

Ömürlük həbsə məhkum edilən Astara sakini 9 il sonra bəraət aldı


Həbs
Həbs

İki nəfəri qətlə yetirməkdə suçlanaraq ömürlük azadlıqdan məhrum edilmiş Aydın Qəhrəmanov 9 il sonra bəraət alıb. Onun haqqında bəraət hökmü oktyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində çıxarılıb.

Astara sakini olan Qəhrəmanov 2013-cü ildə həbs olunanda 55 yaşı vardı. O, qeyri-rəsmi nikahda birlikdə yaşadığı Aidə Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanı tamah məqsədilə - evi ələ keçirməkdən ötrü öldürməkdə suçlanaraq həbs olunmuşdu. Cinayət işinin materiallarında iddia olunur ki, o, adları çəkilən qadınları dərmanla zəhərləyərək qətlə yetirib.

Üç dəfə qərar ləğv olunub...

Onun haqqında ömürlük həbs hökmünü Bakı Ağır Cinayətlər Məhkəməsində Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyası çıxarıb. Apellyasiya məhkəməsi də qüvvədə saxlayıb. Ali Məhkəmə bu işə baxıb, aşağı instansiyanın qərarını ləğv etsə də, apellyasiya məhkəməsi təkrar işə baxanda yenə hökmü dəyişməyib. Beləliklə, ötən illər ərzində Ali Məhkəmə üç dəfə apellyasiya məhkəməsinin qərarını ləğv edib, işi təkrar araşdırmaya qaytarsa da, hər dəfə apellyasiya hökmü qüvvədə saxlayırdı.

Qəhrəmanov isə ilk məhkəmə iclaslarında deyirdi ki, təqsirsizdir. Onun sözlərinə görə, bu cinayətin üstünün açılmasını israrla tələb etdiyinə görə onun özünü həbs edərək cəzalandırıblar.

Cinayət işi 5 ildə 11 dəfə təzələnib

2008-ci ildə baş vermiş bu hadisə zamanı adları çəkilən qadınlarla yanaşı, Qəhrəmanov özü də zəhərlənib. O, bir müddət xəstəxanada müalicə alıb. Əvvəl Qəhrəmanov bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

"Bu iş üzrə istintaq 5 il davam edib. 5 il ərzində 11 dəfə cinayət işi təzələnib, sonra icraat dayandırılıb. Hər dəfə də Aydın Qəhrəmanov şikayətçi olub, israrla bu cinayəti törədənlərin tapılmasını tələb edib. Hətta bu iş gedib baş prokurora qədər çıxıb. Axırda onun özünü cəzalandırıblar", – 9 ildir Qəhrəmanovun hüquqlarını müdafiə edən vəkil Tərlan Azayev AzadlıqRadiosuna bildirib.

62-yaşlı Qəhrəmanov oktyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində 9 il sonra məhkəmə zalından azadlığa buraxılıb.

XS
SM
MD
LG