Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:58

Avropa Şurası Əli Kərimlidən narahatdır


S.Evarsdottir
S.Evarsdottir

"Karantin bitəndən sonra beynəlxalq qurumların Azərbaycanda insan haqlarının durumu ilə bağlı hesabatları tənqidi olacaq".

Bunu AzadlıqRadiosuna müsahibəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir deyib:

"Azərbaycan da, başqa ölkələr kimi, karantindədir və ölkədə baş verənlərlə bağlı informasiya əldə etmək və xəbərləri təsdiqlətmək çətindir. Amma bu şərtlər daimi deyil. Sərhədlər açılanda və Avropa Şurası yenidən tam gücü ilə fəaliyyətə başlayanda qiymətləndirmə aparacaq və bu qiymət də tənqidi olacaq. Müəyyənləşdirəcəyik ki, pandemiyadan hansı hallarda öz avtoritar oyunlarına meydan vermək və siyasi maraqlarını həyata keçirmək üçün sui-istifadə olundu. Karantin bitəndə bunların hamısı öz əksini tapacaq və tənqid olunacaq".

S.Evarsdottir deyib ki, Azərbaycanda tənqidi səslərə qarşı repressiyalar davam edir. O bildirib ki, karantin dövründə Azərbaycanda 15 -ə qədər müxalifət fəalı və jurnalist həbs olunub.

Məruzəçi pandemiya dövründə AXCP fəallarına təzyiqlər və partiya sədri Əli Kərimlinin telefonun kəsilməsi ilə bağlı xəbərlərdən narahat olduğunu deyib: "Narahatam ki, Əli Kərimli de-fakto ev həbsindədir. Biz həmçinin narahatıq ki, onun telefonları və interneti blok olunub. Biz bu durumu yaxından izləyirik. Azərbaycan üzrə həmməruzəçilər bu durumla tanışdırlar. Avropa Şurasının durumdan xəbəri var və bundan narahatdır".

S.Evarsdottir həmçinin bildirib ki, bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır. Ona görə, təhlükəsiz mühitdə yaşamaq bütün məhbusların fundamental haqqıdır.

Həmməruzəçi deyib ki, məhbusların sıx olduğu həbsxanalar pandemiya dövründə narahatlıq doğurur.

Rəsmi məlumata görə, Azərbaycan həbsxanalarında 50-ə qədər koronaviruslu xəstə var və onlar hazırda müalicə olunur.

Azərbaycan hakimiyyəti, bir qayda olaraq, ölkədə siyasi məhbus olması barədə ittihamları rədd edir, bildirir ki, ölkədə heç kim siyasi baxışlarına görə təqib edilmir. Prezident İlham Əliyev özü də mayın 1-də çıxışında deyib ki, heç kim siyasi baxışına görə təqib edilməməlidir. Amma elə bu çıxışın ertəsi günündən AXCP fəallarının həbsi davam edir.

XS
SM
MD
LG