Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:12

Avropa İttifaqı Pekini Moskvaya dəstəkdə ittiham edir


Jozep Borrel
Jozep Borrel

Avropa İttifaqının xarici işlər komissarı aprelin 4-də Çinin Rusiyanın Ukraynaya müdaxiləsinin ardınca Moskvanı dəstəkləməsini kəskin tənqid edib.

Jozep Borrel deyib ki, bu Pekinin BMT qarşısında öhdəliklərini kobud şəkildə pozması deməkdir:

“Burada təcavüzkarın tərəfini saxlamaq olmaz. Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkədən gözlənti budur ki, o beynəlxalq qaydalara əsaslanan nizamın müdafiəsinə qalxsın. Ədalətli sülhə töhfə vermək Çinin mənəvi borcudur”.

Associated Press agentliyi bildirir ki, Borrel Avropada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə “Aİ-nin partnyorundan onun rəqibinə çevrilmiş Çini” kəskin tənqid edib.

Çinə səfər

AP yazır ki, bu bəyanat Avropa Komissiyasının rəhbəri Ursula van der Leyenin və Fransa prezidenti Emmanuel Makronun Çinə səfərə hazırlaşdıqları ərəfəyə təsadüf edir.

İki siyasətçi həmin səfərdə Pekinə izah edəcəklər ki, Aİ-Çin münasibətləri “Pekinin Moskva ilə dostluğundan” təsirlənə bilər.

AP-nin xəbərinə görə Makron və von der Leyen Çin prezidenti Si Tsinpinlə danışıqlarında Pekinə Moskvaya silahlar göndərməməsi üçün xəbərdarlıq edəcəklər.

Bu da qeyd olunur Ursula von der Leyen strategiyaların koordinasiyası üçün səfərdən az əvvəl Ukrayna prezidenti Volodmir Zelenskiyə zəng edib.

Pekin neytral olduğunu desə də...

AP yazır ki, Pekin hətta Ukrayna müharibəsində neytral olduğunu iddia etsə də, Sinin iki həftə bundan əvvəl Moskvaya səfər etməsi və Vladimir Putinlə görüşməsi bunun tam əksini göstərir.

Borrel bu barədə deyib:

“Onlar razılaşdırmışdılar ki, xaricdə heç bir nüvə silahı yerləşdirilməsin. Amma bundan bir-iki gün sonra Rusiya Belarusda taktiki nüvə silahı yerləşdimək planını açıqladı”.

Borrel bildirib ki, Pekin əgər Aİ ilə münasibətlərin pozulmasını istəmirsə niyyətlərini dəyişməlidir:

“Biz Çinə aydın şəkildə bildirmişik ki, onun Rusiyanın törətdiyi qırğın və hərbi cinayətlərə münasibəti Pekinin bizimlə münasibətlərinin keyfiyyətini şərtləndirəcək”.

AP yazır ki, Makron, Si və von der Leyen arasında danışıqlarda ticarətin, Ukrayna müharibəsinin və iqlim dəyişikliyinin müzakirə ediləcəyi gözlənilir.

Pekini inandırmağa çalışacaqlar ki...

Avropa siyasətçiləri Si ilə görüşdə Çinin sülhə dəstəkdəki rolunun mühümlüyünü xatırladacaq və ona deyəcəklər ki, o, Putinlə görüşün ardınca Ukrayna prezidenti ilə də birbaşa görüşməlidir.

Onlar həm də Siyə deyəcəklər ki, Pekin Ukraynada nüvə silahına əl atacağı ilə hədələyən Moskvaya təsir göstərməlidir.

Von der Leyen habelə Çin prezidentinə deyəcək ki, Rusiya-Türkiyə-Ukrayna və BMT arasında taxılın Qara dəniz üzərindən ixracına imkan verən razılaşmanın müddəti uzadılmalıdır.

Hazırda bu müddət mayın ortalarında baş çatır. Rusiyanın BMT-dəki səfiri bildirib ki, Moskva razılaşmanın daha 60 gün uzadılmasına razıdır. Halbuki ilkin razılaşmada 120 günlük müddət nəzərdə tutulmuşdu.

AP yazır ki, Avropa İttifaqı Çinin mövqeyində əhəmiyyətli dəyişikliyin baş verəcəyini gözləməsə də, supergüc olan Pekinlə, xüsusilə də ticarət məsələlərində təmasların saxlanmasına tərəfdardır.

2022-ci ildə Çin Avropanın ixracatında üçüncü yeri tutub və bu ölkə Aİ-nin ən böyük idxal partnyorudur.

Bu da qeyd olunur ki, Avropa İttifaqı bir sıra strateji sektorlarda – xammal, kompüterlərlə bağlı texnologiyalar, yarımkeçiricilər sahələrində Çindən asılıdır.

XS
SM
MD
LG