Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:14

Avstriyada parlament seçkilərini ultrasağçı partiya udur


Herbert Kikl
Herbert Kikl

Avstriyada Herbert Kiklın başçılıq etdiyi ultrasağçı Azadlıq Partiyası parlament seçkilərində yerlərin daha çoxunu qazanıb.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, bülletenlərin hamısı sayılıb, bu partiya səslərin 29.2 faizini yığıb. Onların rəqibi, vəzifədə olan kansler Karl Nehammerin Avstriya Xalq Partiyası isə 26.5 faiz səs yığa bilib. Üçüncü yerdə 21 faiz səslə Avstriya Sosial-Demokrat partiyası gəlir.

Beləliklə, ultrasağçılar parlamentdəki 183 yerdən 58-ni, mühafizəkarlar 52-sini, sosial-demokratlar 41-ni tutacaqlar. Kiklin hökuməti formalaşdırmaq imkanı əldə edəcəyi gözlənilir, ancaq onun kiminlə koalisiya qura biləcəyi aydın deyil. Nehammer və sosial-demokratlar ultrasağçılarla mümkün ittifaqı rədd edərək bunu demokratiyaya təhdid adlandırıblar. Avstriya Xalq Partiyası ilə sosial-demokratların da birlikdə işləyəcəyi real görünmür, müşahidəçilər belə deyirlər.

Keçmişdə Avstriyada ultrasağçılar bir neçə dəfə hakim koalisiyada olublar, ancaq heç vaxt seçkidə ən çox mandatı qazana bilməyiblər.

Azadlıq Partiyası daha öncə Avstriyada Avropa seçkilərində qalib gəliblər.

Ukrayna müharibəsində mövqeyi

Partiyanın rəhbəri 55 yaşlı Herbert Kikl Macarıstanın baş naziri Viktor Orbanın yaxın müttəfiqi sayılır. Onlar bu yaxınlarda çex müxalifətinin lideri Andrey Babişlə birlikdə sağçı populistlər və millətçilərin “Vətənpərvərlər Avropa uğrunda” koalisiyasını təsis ediblər. Bu koalisiya Avropa Parlamentində ən böyük müxalifət fraksiyasına malikdir.

Kikl Ukraynanın müdafiəsinə vəsait ayrılmasına qarşı çıxır. O, Qərbin Rusiyaya sanksiyalarını tənqid edərək bildirib ki, müharibəyə görə əsas məsuliyyəti ABŞ və NATO daşıyır.

Kikl bildirib ki, Avstriyada hakimiyyətə gələcəyi halda sərt neytrallığa əməl edəcək. Opponentləri Kikli kremlpərəst siyasətçi adlandırırlar.

Neytral ölkə olan Avstriya NATO üzvü deyil. Hazırda hakimiyyətdə olan Avstriya Xalq Partiyası və “Yaşıllar” Ukraynaya dəstək tərəfdarıdır, Rusiyanı tənqid edir, amma Aİ-nin digər üzvlərindən fərqli olaraq, sanksiyalar məsələsi daxil olmaqla, daha yumşaq mövqedədir. Avstriyanın Rusiyanın mədən yanacağından asılılığı qalır.

XS
SM
MD
LG