Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:41

Ayna Sultanova parkının ətrafında yaşayanlar: ‘Yenə o bağ olaydı...’


Arxiv fotosu
Arxiv fotosu

"Ora ətrafdakı binaların sakinləri toplaşardı, dərdləşərdi, istirahət edərdi, dağılışardı".

Ayna Sultanova parkının ətrafındakı binalarda yaşayan sakinlər parkın aqibətindən narahatdırlar. Onların deməsinə görə, 3 ildən çoxdur park, 1 ildən çoxdur parkın arxa tərəfindəki kiçik park hasarlanıb. Ancaq heç bir iş aparılmır.

Buna da bax:​ Vitse prezidentin instagram səhifəsinə yazılan yalvarışlar [video]

“NİYƏ DAŞI DAŞ ÜSTƏ QOYMAYIBLAR?”

Sakin Qulam Cavadov:

"3 ildən çoxdur, iri parkı hasara aldılar, bizi burdan qovdular ki, park yenilənir. Biz də heykəlin arxa tərəfində açıq qalmış hissəyə yığışmağa başladıq. 1 ildən çoxdur oranı da hasarlayıblar. Hasarın içərisindəki ərazini kol-kos, qurd-quş basıb. Hələ də bilinmir ki, orada nə iş görəcəklər. Eləcə hasarlayıb atıblar bir kənara... Bizə də maraqlıdır ki, insanların istirahət məkanını niyə əllərindən alıblar.. İcra hakimiyyətinə getmişik, deyirlər, Hacıbala Abutalıbov orada müasir park salacaq. Hətta bizə gələcək parkın şəklini də göstəriblər. Bəs niyə orada daşı daş üstə qoymayıblar? Bu sualın cavabını verən yoxdur".

Əsma İsmayılova isə deyir ki, elə ərazi üzrə icra hakimiyyətində ona bu sualın cavabını veriblər:

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

"Dedilər, park olacaq, ancaq nə vaxt olacaq, bilinmir. Səbəbi də odur ki, yeni park salmağa pul yoxdur. Pul yoxdursa, niyə hasara alıb camaatı o məkandan məhrum ediblər? Bax, bunun cavabını Hacıbala müəllimdən soruşmaq lazımdır. O da rastımıza çıxmır".

Əsma xanımın deməsinə görə, 5 ay əvvəl bir qrup sakin hasarların götürülməsi xahişi ilə Bakı Şəhər icra hakimiyyətinə gedib. Ancaq qapıdan əliboş, pərt qayıdıblar. Sakinləri qəbul edən olmayıb.

3 İLDƏN ÇOXDUR İŞƏ BAŞLANMAYIB

Parkın yenidən qurulması ərazidəki abadlıq-quruculuq planının bir qolu olub. Ziya Bünyadov prospekti boyunca və bu prospektin Atatürk prospekti ilə kəsişməsində abadlıq-quruculuq işləri çoxdan başa çatsa da, parkda daş-daş üstə qoyulmayıb.

Buna da bax: Keçmiş deputat: 'İnsanların gəlirləri azalıb...'

Binəqədi rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, Ayna Sultanova parkında istifadəyə verildiyi müddətdən indiyədək heç bir təmir-bərpa işləri aparılmayıb. 2014-cü ildə park müasir standartlara uyğun yenidən qurulmağa bağlanıb. Parkda sakinlərin istirahəti üçün oturacaqların, uşaqlara əyləncə qurğularının, yaşıllıq zolaqlarının salınması və gül kollarının əkilməsi, həmçinin müasir işıqlandırma sisteminin qurulması nəzərdə tutulub. Ancaq 3 ildən çox müddətdə bu işlərə niyə başlanmayıb, bu sual yenə cavabsız qaldı.

Parkın ətrafındakı hasarlarda yeni parkın gələcək görüntüləri var. Bir müddət öncə hasarın üzərində layihəni “Elta Construction” şirkətinin gerçəkləşdirəcəyi ilə bağlı lövhə də vardı. Ancaq hazırda bu lövhə görünmür.

Sakinlərsə şəkk-şübhədədirlər. Onlar parkda işlər aparılmadıqca ərazinin satıldığı qənaətinə gəliblər. Ona görə də eyvanlarından parkın ərazisini gözaltında saxlayıblar.

XS
SM
MD
LG