Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:52

Azərbaycanda koronavirusa yoluxan daha bir nəfər ölüb


Martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi elan edilib.
Martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi elan edilib.

Azərbaycanda koronavirusa yoluxan daha bir nəfərin öldüyü açıqlanıb.

Bu barədə bugün, martın 25-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb. Həmin məlumatda vurğulanıb ki, Azərbaycanda 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanıb: «Qeyd olunan şəxslərdən 1 nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat edib. Xəstənin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilib və karantinə götürülüb».

Qurum bildirib ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır: «Onlardan 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir. Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir».

Qərargahın məlumatına görə, hazırda koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. «Bu səbəbdən vətəndaşlarımızı bir daha gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq», - qurum vurğulayıb.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 93 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, 2 nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı bir neçə min şəxsin karantində saxlandığı açıqlanıb.

Xatırlama

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 19 min civarında şəxsin vəfat etdiyi bildirilir.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 20-dən 29-na qədər isə Azərbaycanda Novruz bayramı ilə bağlı qeyri-iş günləridir. Dünən - martın 24-dən etibarən isə Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

XS
SM
MD
LG