Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:12

Azərbaycanda bəzi saytlara giriş niyə əngəllidir?


VirtualRoad.org saytı yazır ki, son bir neçə həftə ərzində Azərbaycanda bir neçə spesifik internet saytlarına qarşı süni yaradılan əngəlləri monitorinq edib.

Burada söhbət ilk növbədə "Azadlıq" qəzetinin Azadlıq.info saytından, AzadlıqRadiosunun və Amerikanın Səsi internet saytlarından gedir. Əngəl isə internet mühəndisliyi terminologiyası ilə “süni yaradılmış şəbəkə tıxacı” adlandırılır.

Bunu sadə dildə saytın bloklanması adlandırmaq olmaz, çünki bu zaman sayta giriş son dərəcə çətinləşir. Başqa sözlərlə haqqında danışılan internet saytının yayıldığı kanalda, lap avtomobil yollarında olduğu kimi tıxac yaranır.

VirtualRoad saytının qrafikində dekabrın 9-u səhər saatlarında yaranmış "süni tıxac" belə görünür
VirtualRoad saytının qrafikində dekabrın 9-u səhər saatlarında yaranmış "süni tıxac" belə görünür

Yol tıxaclarının yaranması avtomobil sayının yolun tutumundan artıq olması zamanı baş verdiyi kimi, internet kanallarında da tıxaclar həmin kanallar tutumundan artıq yükləndikdə yaranır. VirtualRoad Azərbaycanda bu tıxacın süni yaradıldığını göstərən əlamətlər aşkar edib.

VirtualRoad.org yazır ki, sözü gedən iki internet saytı üçün provayder rolunu ABŞ-da yerləşən Akamai Technologies Inc texnologiya şirkəti oynayır, lakin belə görünür, bu provayder AzadlıqRadiosu və Amerikanın Səsi internet saytlarına Azərbaycandakı provayderlərdə yaradılan süni əngəlləri lazımınca monitorinq etmir.

VirtualRoad.org yazdığına görə, onun müşahidələri göstərib ki, bloklama Akamai-ın yalnız Azərbaycanın daxilində istifadə etdiyi IP ünvanlarda baş verir.

İnternet mühəndisliyi terminologiyasını bir tərəfə qoysaq, burdan çıxan yeganə ağlabatan nəticə budur ki, AzadlıqRadiosu, Amerikanın Səsi və "Azadlıq" qəzetinin saytlarına giriş Azərbaycanda əngəllənir. Bu zaman dünyanın bütün başqa yerlərində bu saytlara giriş normal olaraq qalır.

Kiberordu qarşısında

Ötən həftələr ərzində AzadlıqRadiosuna Azərbaycan ərazisində giriş bir neçə dəfə çətinləşib və ya bloklanıb. AzadlıqRadiosunun öz müşahidə və təhlilləri isə göstərib ki, sayta girişdə əngəllər müəyyən həssas mövzuların verildiyi vaxtlara təsadüf edib.

Bunlardan ən sonuncusu prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşının biznes fəaliyyəti barədə videonun yayınlandığı zaman baş verib.

VirtualRoad saytının araşdırmaları da süni tıxacların müəyyən günlərdə və günün müəyyən saatlarında yarandığını göstərib.

İnternetdə süni tıxac adi istifadəçi üçün o deməkdir ki, onun sayta girişi ya çox çətin olur, ya da mümkün olmur və ya bəzi istifadəçilər çətinliklə də olsa sayta daxil ola bilirlər, bəziləri isə yox.

AzadlıqRadiosunun və BBC-nin Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bu barədə sorğuları bir qayda olaraq cavabsız qalır.

VirtualRoad.org saytına gəlincə isə o özünü “müstəbid rejimlərdə və dünyanın bir çox diktatorluqlarında internet mediasının və insan haqları təşkilatlarının rəqəmsal cangüdəni” adlandırır.

“Biz hökumətlərin və kiberorduların kiçik və müstəqil media qurumları üzərinə hücum çəkdikləri müharibələrdəyik” – yazır VirtualRoad.org.

XS
SM
MD
LG