Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:39

'Hətta Tacikistan Ümumdünya Ticarət Təşkilatının üzvüdür, biz isə...'


2017-ci ildən tərəfdaşlıq sazişinin imzalanması ilə bağlı danışıqlar aparılsa da, heç bir nəticəsi yoxdur.
2017-ci ildən tərəfdaşlıq sazişinin imzalanması ilə bağlı danışıqlar aparılsa da, heç bir nəticəsi yoxdur.

Bugünlərdə Avropa Parlamenti Ermənistana Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizədlik statusunun verilməsini tövsiyə edib. Gürcüstandan sonra Cənubi Qafqaz ölkəsi olan Ermənistan da Avropaya inteqrasiya yolunu seçdi. Halbuki 2009-cu ildə "Şərq tərəfdaşlığı" Proqramı qəbul ediləndə bir çoxları Azərbaycanın da Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə birgə Avropa yolu tutacağını düşünürdü.

Bu vaxta qədər Ukrayna, Moldova, Gürcüstan qurumla Assosiativ saziş imzalayıb və üzvlük məsələsində də bir xeyli məsafə qət ediblər. Daha sonra Ermənistan da Aİ ilə tərəfdaşlıq sazişi imzalayıb. Amma Azərbaycanın Avropa İttifaqına namizəd statusu almaması bir yana, 2017-ci ildən tərəfdaşlıq sazişinin imzalanması ilə bağlı danışıqlar aparılsa da, bunun, hələlik, heç bir nəticəsi yoxdur. Belarus isə "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlığı dayandırıb.

Azərbaycanda bəzi müstəqil təhlilçilər vurğulayırlar ki, son zamanlar Avropa institutları ilə münasibətlərin pisləşməsi fonunda Azərbaycanla Rusiyanın əməkdaşlığı artan xətlə inkişaf edir. Bu isə, onların fikrincə, ölkənin maraqlarına cavab vermir.

F.Ağamalı
F.Ağamalı

Deputat: "Azərbaycanın öz yolu var"

Milli Məclisin deputatı Fəzail Ağamalı "Turan"a mövzu ilə bağlı deyib ki, Azərbaycanın öz yolu var və bu yol nə Avropa İttifaqından, nə də Rusiyanın Avrasiya İqtisadi Birliyindən keçir: "Azərbaycan ulu öndərimiz tərəfindən müəyyənləşmiş olan və ona ciddi uğurlar gətirən yolla addım-addım irəliləyərək güclənir, ölkənin beynəlxalq nüfuzu artır. Azərbaycan Ermənistanla və onun arxasında dayanan beynəlxalq güclər ilə mübarizə apararaq öz ərazi bütövlüyünü təmin edib".

Deputat hesab edir ki, Azərbaycanın yolu Türk Dövlətləri Təşkilatıdır: "Yaxın illərdə bu təşkilatın bütün strukturları formalaşacaq və təşkilat beynəlxalq status qazanan çox güclü bir quruma çevriləcək. Bu, türk dövlətlərinin maraqlarına cavab verəcək. Hər tərəfdən gələn təhdid və təzyiqlərə qarşı ciddi müqavimət göstərəcək böyük gücə çevriləcək. Bu, Azərbaycanın maraqlarına tam cavab verir".

F.Ağamalı daha sonra prezidentdən belə bir sitat gətirib: "Cənab prezident də bir zaman söylədi ki, biz Avropa İttifaqına gedəsi deyilik, çünki onların bizə münasibəti bəllidir və biz gedib onların qapısında gözləmək arzusunda deyilik. Neçə illərdir ki, Türkiyə Avropa İttifaqına daxil olmağa çalışır, amma orada islamofobiya və türk dövlətlərinə neqativ münasibət buna imkan vermir".

E.Şahinoğlu
E.Şahinoğlu

"Azərbaycan Avropadan qopa bilməz"

"Atlas" Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan milli və təhlükəsizlik tələblərinə uyğun siyasət yürütməlidir: "Dövlət başçısı da andiçmə mərasimində qeyd etdi ki, əsas istiqamət Türkiyə və türk dünyasına inteqrasiyadır".

Amma onun sözlərinə görə, Azərbaycan Avropadan qopa bilməz: "Azərbaycanın neft və qazını nəql etdiyi əsas məkan Avropadır. Prezident İlham Əliyev özü Avropa ilə yeni anlaşma imzalayıb ki, yaxın gələcəkdə Azərbaycanın alternativ enerjisi Qara dənizinin dibi ilə Avropaya axacaq. Yəni, əsas maliyyə gəlirimiz Avropadandır və biz Avropa ilə münasibətlərimizi nə gərginləşdirə, nə də azalda bilərik".

E.Şahinoğlu eyni zamanda əlavə edib ki, Rusiyanın olduğu Avrasiya İqtisadi Birliyinə üzvlük Azərbaycanın maraqlarına cavab vermir: "Mən deməzdim ki, indi Azərbaycan Rusiya ilə yaxınlıq nümayiş etdirir. Məncə, bu, ilkin görüntüdür. Biz nə Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatının, nə də Avrasiya İqtisadi Birliyinə üzv ola bilərik".

Siyasi şərhçi hesab edir ki, Aİ ilə sazişin imzalanmasını çox da uzatmaq olmaz: "Əsas tələblərdən biri odur ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olmalıdır. Bunu da gecikdirmək olmaz. Hətta Tacikistan belə ÜTT-nin üzvüdür, biz isə hələ də bu məsələni yubadırıq. Bu məsələni həll edib, Avropa İttifaqı ilə saziş imzalayıb Avropa ilə iqtisadi əlaqələri genişləndirməyə çalışmalıyıq".

XS
SM
MD
LG