Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:27

AZAL-ın gəlirləri artıb


Azərbaycan, AZAL-a məxsus təyyarə
Azərbaycan, AZAL-a məxsus təyyarə

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarından əldə olunan vəsaitlərin həcmi bəlli olub. Biletləri avronun manata olan məzənnəsinə uyğun qiymətə satan yerli aviaşirkətlərin gəlirləri 7,2 faiz, daşıdığı sərnişin sayı isə 7,5 faiz artıb. Amma sərnişin daşımaları əvvəlki illərdə olduğu kimi, mənfəət deyil, yenə də zərər gətirir.

Bilet avroya satılır, amma...

Gəlirlərin artan sərnişin daşımalarına mütənasib gəlmədiyini göstərən amillərdən biri də budur ki, 2015-ci ilin sentyabrında orta məzənnəsi 1 manat 18 qəpik, bir il sonra isə 1 manat 83 qəpiyə qalxan avronun məzənnə fərqi üzrə aviaşirkətlərin qazancı təxminən 55 faiz artmalı idi.

Ancaq AZAL maliyyə məsələləri ilə bağlı sualları şərh etmir.

Buna da bax: Deputatlar AZAL-ı kəskin tənqid ediblər

Foto: arxiv
Foto: arxiv

Zərər azalıb

2016-cı ilin ilk doqquz ayında sərnişin daşımaları ilə məşğul olan iki yerli aviaşirkətin daşımalardan əldə etdiyi gəlir 257 milyon 385,4 min manat – əvvəlki ildəkindən 17,3 milyon manat çox olub. Bu məlumatı AzadlıqRadiosu Dövlət Statistika Komitəsindən (DSK) əldə edib.

Sərnişin daşımalarına aviaşirkətlərin çəkdikləri xərc isə 1 faiz (2 milyon 834 min manat) artıb və 278 milyon manata çatıb.

Nəticədə 9 ayda sərnişin daşımaları üzrə zərər 22,6 milyon manat olub. Bir il əvvəl isə bu dövrdə sərnişindaşımanın aviasiyaya zərəri 35,1 milyon manat idi. Aviaşirkətlərin DSK-ya təqdim etdikləri məlumatda bu rəqəmlər əks olunur.

Adambaşına daşıma xərci 171 manat idi, indi 178 manat olub

Rəsmi məlumata görə, 2016-cı ilin 9 ayında Azərbaycan aviaşirkətləri ölkə daxilində və beynəlxalq istiqamətlərə 1 milyon 559,6 min sərnişin daşıyıb. Statistikaya görə, bunun 99,8 faizi dövlətə məxsus «Azərbaycan Hava Yolları» QSC-nin payına düşür. DSK gəlirlərdə şirkətlərin (AZAL və Silk Way Business Aviation) payını göstərmədiyindən, bu pay bölgüsünə əsasən demək olar ki, bir sərnişinin daşınması AZAL-a orta hesabla 178 manata başa gəlib. Əvvəlki ildə bu göstəricimanat idi.

Buna da bax: “Hələ bu milləti AZAL qədər "biletinə" dolayan olmamışdı”

Deputatlar deyir ki, AZAL büdcəyə yükdür

Qanunvericiliyə əsasən, AZAL maliyyə hesabatlarını müxtəlif vasitələrlə (rəsmi mediada və korporativ saytında) ictimaiyyətə açıqlamalıdır. AZAL bu tələbin icrasından yayınır, maliyyə göstəricilərinə dair informasiya sorğularına isə cavab vermir.

Son zamanlar mediada, eləcə də Milli Məclisdə AZAL-ın dövlət büdcəsinə yük olması, özəlləşdirilməsinin zəruriliyi haqda fikirlər səsləndirilir. Hökumət isə, hələlik, bu fikirlərə münasibət bildirməyə tələsmir.

Azərbaycan parlamenti, 2015
Azərbaycan parlamenti, 2015

2008-ci ildən başlayaraq AZAL Naxçıvan Muxtar Respublikasına aviareyslərə görə yaranmış zərərin və Böyük Vətən Müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin MDB dövlətlərinə nəqliyyatda gediş güzəştlərinin ödənilməsi ilə bağlı dövlət büdcəsindən subsidiya alır. 2012-ci ilədək subsidiyanın illik məbləği 11 milyon 930,5 min manat idi, növbəti illərdə yardım 10 milyon 10 min manata endirildi. Elə bu il də AZAL dövlətdən həmin məbləğdə subsidiya alacaq.

Bundan başqa, AZAL-ın xarici kredit təşkilatlarından aldığı kreditlər və hesablanmış faizlər də dövlət büdcəsi hesabına ödənilir.

XS
SM
MD
LG