Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:44

Azərbaycanda əhali artımının azalmasını kim necə görür... 


Bu ilin 6 ayında Azərbaycanda əhalinin sayı 20 min 63 nəfər və ya 0,2 faiz artaraq 10 milyon 139 min 196 nəfərə çatıb. Ötən ilin 6 ayında isə artım 28 min 786 nəfər olub. 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Komitə habelə bildirib ki, bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkədə 56063 doğulan körpəni qeydə alıblar:

2020-ci ilin 6 ayında isə bu rəqəm 59356 olmuşdu. Bununla da ötən ilin 6 ayı ilə müqayisədə bu ilin ilk yarısında ölümün artdığı aydın olur. Əvəzində nikaha girənlər artıb. Amma boşanmada da artım var. İlin birinci yarısında qeydiyyat şöbələri 23231 nikaha daxilolma və 8168 boşanma halları qeydə alıb. Ötən ilin birinci yarsında isə 17841 nikaha daxilolma və 7107 boşanma halları rəsmiləşmişdi.

Beləliklə, bu ilin 6 ayında ötən ilin 6 ayı ilə müqayisədə dogulan uşaqlar azalıb, ölüm artıb, boşanma da artıb. Müsbət hal nikaha girənlərin sayının artmasında özünü göstərib.

Mövcud mənzərəni şərh edən Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputatı Hikmət Babaoğlu hər bir ölkə üçün önəmli demoqrafik vəziyyətin əhalinin sayında artımın müşahidə olunması olduğunu deyib:

“Azərbaycan öndə gedən ölkələrdəndir”

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

“Azərbaycan bu mənada həm potsovet, həm də Avrasiya qitəsində öndə gedən ölkələrdəndir. Bu, özülüyündə müsbət hadisədir”.

Hikmət Babaoğlu ailəni cəmiyyətin əsas institutlarından biri sayaraq bildirib ki, dövlətin özü də ailə ilə bağlıdır:

“Çünki hər bir cəmiyyətin subinstutsional subyektlərindən biri ailədir. Boşanmaların sayının artması haqqında statistika ilə tanış olmasam da, belə bir tendensiyadan xəbərdaram. Məsələ ondadır ki, ailə institutuna çoxsaylı təsirlər var, bu da postmodernist cəmiyyətin ümumi problemidir. Bilirik ki, sosial mühit həm də ailə dəyərlərini müəyyənləşdirir. Sosial mühit və həm də ictimai münasibətlərin keyfiyyəti bütövlükdə cəmiyyətin bütün tərəflərinə təsir edir. ”.

Deputatın fikrincə, sadəcə, bəzən müxtəlif dəyərlərdə zaman-zaman problemlər yaşanır :

“Məsələn, 20-30 il əvvəl fərdin şəxsiyyət kimi formalaşması prosesində daha çox biogen, genetik, sosiogen təsirlərdən danışırdıqsa, son illərdə infogen təsirlərin də olduğunu düşünürəm. Yəni sosial münasibətlərə informasiyanın təsiri. Təcrübə göstərir ki, hər il infogen təsir digərlərini üstələyərək imperativ hal alır və ailə institutu üzərində diktə edir. Bu təsir də tamamilə müstəqildir, milli yox, kosmopolitdir. Ailə isə milli dəyərlər üstündə baş tutan institutdur”.

“Baş verənləri ümumi problem sayıram”

H.Babağlunun vurğulamasına görə, belə olanda yad mühit, infogen təsirlər, qlobal informasiya məkanı, postmodernist cəmiyyətin öz xarakterləri və bunların təsirləri nəticəsində sosial mühitin daralması baş verir.O, hesab edir ki, bu təkcə Azərbaycan üçün xarakterik deyil, bütün dünyada milli dəyərlərin daralması prosesi gedir, tədricən informasiya cəmiyyətinin yaratdığı yeni dəyərlər hakim olmağa başlayır :

“ Beləliklə, nəticə etibarı ilə biz bunu ən qabarıq şəkildə nikahların pozulmasında, ailə instititunun dağılmasında görürük, həm də çoxsaylı yaranan yeni xəstəliklər, fərdlərin asosiallaşması prosesi gedir. İstər-istəməz gedişat cəmiyyətin daxilindəki proseslərə təsir göstərir. Ona görə baş verənləri ümumi problem sayıram, görünür, biz bir müddət problemlərin səbəblərini özümüz üçün dəqiq aydınlaşdırmalı, sonra isə mübarizə vasitələrini müəyyənləşdirməliyik”.

“Əvvəlki illərlə müqayisə ediləndə, nikah artımı qeydə alınmayacaq”

Qubad İbadoğlu
Qubad İbadoğlu

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu isə Azadlıq Radiosuna açıqlamasında nikah artımını toylara icazə verilməsi ilə əlaqələndirdi (Koronavirus pandemiyasi ile baglı Azərbaycanda ötən ilin martından karantindir. Karantində toyların, kütləvi tədbirlərin keçirilmsi dayanmışdı. Amma bu il iyulun 1 -dən kütləvi toy şənliklərinə müəyyən qaydalar çərçivəsindıə icazə verilib):

“Komitə 6 aylığın statistikasını ortaya qoyub, ancaq əvvəlki illərlə müqayisə ediləndə, nikah artımı qeydə alınmayacaq”.

Onun fikrincə, ölümün və boşanmaların artması əhalinin təbii artımını azaldan amildir:

“Bu, artıq sosial-iqtisadi məsələdir ”

“ Əgər boşanmalar varsa, deməli, əhalinin sayına mənfi təsir göstərəcək. Bu, artıq yalnız demoqrafik yox, həm də sosial-iqtisadi məsələdir. Çünki boşanmalar varsa, artıq təsərrüfatlar ayrılır, ev təsərrüfatlarının ayrılması isə iqtisadiyyatda həm də xərclərin artımına gətirir. Bir evdə yaşayanlar artıq iki evdə yaşamaq məcburiyyətində qalır və əlavə xərclərə gedirlər. ”

İqtisadçı sonda da deyib:

“Digər tərəfdən, boşanmaların artması sosial-iqtisadi problemlərlə bağlıdır, yəni ailənin sabit olmamasının göstəricisidir. Araşdıranda məlum olacaq ki, ağır dolanışıq ailənin davamlı olmasına mənfi təsir göstərir. Boşanmaların son 1 ildə sosial qrup üzrə təhlili aparılsa, görünəcək ki, əksər boşanmalar aztəminatlı təbəqələrə məxsusdur. Aztəminatlı ailələrin boşanmalara getməsi ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsinin göstəricisidir”.

XS
SM
MD
LG