Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:50

'...Baqeri ilə telefon danışığı İranı sakitləşdirmək məqsədilə olub'


Prezident İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edir. 3 oktyabr 2022
Prezident İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edir. 3 oktyabr 2022

İsrailin Müdafiə naziri Benyamin Qants oktyabrın 3-də Azərbaycanda səfərdə olub. O, Prezident İlham Əliyev və Müdafiə naziri Zakir Həsənovla görüşüb. Rəsmi açıqlamalarda bu görüşlərdə iki ölkə arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə olunduğu bildirildi. Amma həmin gün Azərbaycan Müdafiə naziri Zakir Həsənovla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri arasında da telefon danışığı oldu. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

İndi bəzi təhlilçilər İsrail müdafiə nazirinin səfəri və həmin gün İranla qurulan telefon danışığında pərdəarxası məqamların da olduğunu istisna etmirlər.

E.Nəsirov
E.Nəsirov

"Azərbaycanın bir dövlətlə münasibətləri üçüncü…"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, Prezident İ.Əliyevin müəyyən etdiyi xarici siyasət kursu fərqli istiqamətli ikitərəfli münasibətlərdir: "İkitərəfli münasibətlərdə biz beynəlxalq hüquq normalarına əsaslanaraq qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə üstünlük veririk. Bir-birinin daxili işlərinə qarışmamaq bizim üçün əsasdır".

Deputat deyir ki, belə məntiqlə Azərbaycan dövləti qonşu İran İslam Respublikası ilə əməkdaşlıq münasibətlərinin inkişafında maraqlıdır: "Eyni zamanda, İsrail dövləti Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Bizim xüsusilə enerji təhlükəsizliyi nöqteyi-nəzərindən, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlıq baxımından əlaqələrimiz sürətlə inkişaf edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi kursun fəlsəfəsini təşkil edən bir cəhət var – Azərbaycanın bir dövlətlə münasibətləri üçüncü tərəfi heç zaman hədəfə almayıb".

E.Nəsirovun sözlərinə görə, buna baxmayaraq, görünür ki, İranda Azərbaycan-İsrail münasibətlərinin inkişafından narahat olan tərəflər var: "Ancaq heç bir halda bunun əsası yoxdur. Azərbaycanın dövlət siyasəti heç kəsi hədəfə almır, əksinə, əməkdaşlığa yönəlib".

"Onun bir qismi keyfiyyətsiz çıxdı"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, İsrail müdafiə nazirinin Bakıya səfəri çox əhəmiyyətlidir: "Hiss olunur ki, həm Azərbaycan, həm də İsrail hərbi-texniki əməkdaşlıqda bundan sonra da maraqlıdır. Bu da o deməkdir ki, gələcəkdə Azərbaycan İsraildən daha müasir silahlar ala bilər".

Ekspert əlavə edib ki, Azərbaycan Qərbdən silah ala bilmir: "Rusiyadan vaxtilə 5 milyard dollarlıq silah almışıq, amma onun bir qismi keyfiyyətsiz çıxdı. Ona görə də, Azərbaycan əsas tərəfdaşları – Türkiyə və İsraildən silah alır. Həmin silahlar İkinci Qarabağ müharibəsində Azərbaycanın uğurlarında önəmli paya sahib oldu".

E.Şahinoğlu
E.Şahinoğlu

Politoloqun sözlərinə görə, Azərbaycan-İsrail münasibətləri hər zaman İrandakı rəsmi dairələri narahat edib: "İsrail heç zaman Azərbaycan-İran münasibətlərinə qarışmayıb. Amma İran, çox təəssüf ki, qarışıb. Düşünürəm ki, eyni gündə Zakir Həsənovun İsrail müdafiə naziri ilə görüşündən sonra Baqeri ilə telefon danışığı İranı bir az sakitləşdirmək məqsədilə olub. Azərbaycan-İsrail hərbi əməkdaşlığı ikitərəfli prinsip əsasında inkişaf edir".

"Başdan-ayağa yalandır"

Lakin E.Şahinoğlu İranın şübhələrinin aradan qalxmasına inanmır: "Çünki bir neçə gün əvvəl Baqeri Azərbaycanı ittiham edən bir neçə açıqlama vermişdi. Çox təəssüf ki, İranın İslam Keşikçiləri Korpusuna bağlı sayılan bir saytda xəbər çıxmışdı ki, guya, Azərbaycan, İsrail və Türkiyə İran ərazisinə silah keçirdiblər. Bu, başdan-ayağa yalandır".

Onun fikrincə, digər tərəfdən, İsrailin müdafiə nazirinin Bakıya gəlişi göstərir ki, rəsmi Bakı İranın təxribatçı açıqlamalarından çəkinmir.

Yazıda səslənən fikirlərə, hələlik, İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Lakin İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar üçüncü bir ölkənin Azərbaycan ərazisindən onlara qarşı istifadəsini yolverilməz sayırlar.

XS
SM
MD
LG