Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:52

Azərbaycan neft hasilatını vəd etdiyindən də çox azaldıb


Neft platforması
Neft platforması

«Azərbaycan neft hasilatını azaltmaqla bağlı öhdəliyini artıqlamasıyla yerinə yetirdiyinə görə öyünür». Oilprice.com saytının Azərbaycan haqda məqaləsinin başlığı belədir.

AZƏRBAYCANIN PAYINA 35 MİN BARREL DÜŞÜR

Sayt yazır ki, analitiklər qeyri-OPEC ölkələrindən Rusiyanın hasilatı azaldacağını gözlədiyi halda, digər qeyri-OPEC ölkəsi Azərbaycan bu haqda öhdəliyinə əməl edir, özü də artıqlamasıyla.

Ötən ilin sonunda neft ölkələri birliyi OPEC və OPEC-ə üzv olmayan 11 neft istehsalçısı, o cümlədən Azərbaycan hasilatı azaltmaq razılığına gəliblər. İstehsalçılar bununla neftin ucuzlaşmasını önləməyə çalışırlar.

Razılaşmaya əsasən, bu ilin yanvar-iyun aylarında hasilat gündə 1.8 milyon barrel az olmalıdır. Bunun 550 min barreli qeyri-OPEC ölkələrinin, onun da 35 min barreli Azərbaycanın payına düşür.

HASİLAT AZALDILIR

Azərbaycanın Energetika Nazirliyinin dünən – martın 6-da yaydığı məlumata görə, neft hasilatı fevralda gündə 726 min 400 barrel olub, yanvarda istehsalın günə 793 min olduğu deyilir. Oilprice.com razılaşmadan öncə Azərbaycanda neft hasilatının rəsmi məlumata görə, gündə 829 min 100 barrel olduğunu qeyd edir. Bu il ölkənin gündəlik neft hasilatının orta hesabla 800-807 min barrel olacağı gözlənir.

Sayt yazır ki, Azərbaycan neft hasilatını vəd etdiyindən çox azaldacağına işarə etmişdi, amma bu qədər azalma, deyəsən, gözlənmirmiş.

OPEC
OPEC

Azərbaycanın Energetika Nazirliyinin saytında yayılan məlumatda isə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərindən ibarət Birgə Monitorinq Komitəsinin Bakıya məktub göndərdiyi, məktubda Azərbaycanın anlaşmaya 214 % əməl etdiyinə görə alqışlandığı deyilir.

Monitorinq Komitəsi Azərbaycanın neft hasilatının azaldılmasında mühüm rol oynadığını vurğulayıb, «belə ölkələrin töhfəsi olmasaydı, istehsalçılar öhdəliklərinin 86%-ni yerinə yetirə bilməzdilər», - deyib.

86%-LİK YERİNƏ YETİRMƏ

OPEC-in məlumatına görə, quruma üzv olmayan ölkələr hasilatın azaldılmasıyla bağlı öhdəliklərinə ümumilikdə 60% əməl ediblər. OPEC-ə üzv olan və olmayan istehsalçıların öhdəlikləri yerinə yetirməsi göstəricisi birlikdə 86%-dir. Bu isə, təşkilat rəsmilərinin dediyinə görə, müsbət irəliləyişdir.

Analitiklər OPEC-in neft hasilatını azaltmaqla çox şeyə nail olmayacağını proqnozlaşdırsalar da, razılaşma, hələ ki, töhfəsini verir. Neftin qiymətində müşahidə olunan sürətli azalma dayanıb. Bu gün dünya bazarlarında neftin bir barreli 55.79 dollardır.

Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsi proqnozları neftin dünya bazar qiymətinin 1 barrel üçün 40 ABŞ dolları olmasına əsaslanır.

XS
SM
MD
LG