Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:54

Dünya ilə ticarət azalır, Rusiya ilə artır...


"Aqroekspress" layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarı
"Aqroekspress" layihəsi çərçivəsində Azərbaycandan Rusiyaya ilk yük qatarı

Avqustun 13-də Azərbaycan Dövlət Statistika Komitəsi bildirdi ki, 2024-cü ilin altı ayında ölkənin xarici ticarət dövriyyəsi azalıb. Bu, 22 milyard 169.2 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 13 milyard 302 milyon dolları ixracın, 8 milyard 867.2 milyon dolları isə idxalın payına düşüb. Azalma faktiki qiymətlərlə 6.3 faiz (idxal 6.7, ixrac isə 5.7 faiz) olub.

Əvəzində Rusiya ilə ticarət əlaqələri ümumu çəkidə 8 faizdən 10 faizə yüksəlib. Elə avqustun 9-da Bakıda keçirilən Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında da bildirilib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2023-cü ildə 17.5 faiz artaraq 4.4 milyard ABŞ dolları təşkil edib. Qeyd edilib ki, ötən il qarşılıqlı yükdaşımalar 10 faiz, bu ilin ilk altı ayında isə 3 faiz artıb.

Dünyada Ukraynaya təcavüzlə bağlı Rusiyaya sanksiyalar artdığı bir vaxtda Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin artması ölkədə birmənalı yozulmur.

Vahid Əhmədov
Vahid Əhmədov

"Rusiya ilə əlaqələrin genişlənməsi təbiidir"

Hərçənd keçmiş deputat Vahid Əhmədov AzadlıqRadiosuna açıqlamasında Cənubi Qafqazı həssas bölgə sayaraq bildirib ki, Azərbaycan da burada kommunikasiya qovşağı kimi fəaliyyət göstərir: "Ona görə də Azərbaycan istənilən dövlətlə xarici iqtisadi əlaqələrini qorumağa çalışır. Ukraynada ciddi problemlər olsa da, bu ölkəyə də humanitar yardımlar göstərilir. Rusiya çətin durumda olsa da, qonşudur, bu mənada uzun illərdir olan ticarət əlaqələrini birdən-birə dayandıra bilmərik".

V.Əhmədov deyir ki, müharibə səbəbindən Ukrayna ilə ticarətlə bağlı ciddi problemlər olduğundan Rusiya ilə əlaqələrin genişlənməsi təbiidir və balanslı siyasəti qorumağa da ehtiyac var: "Özümüzə əlavə düşmən axtarmağa ehtiyac yoxdur".

Rusiya ilə ticari əlaqələrin artmasının ziyanı və xeyrinə gəlincə, V.Əhmədov bildirib ki, bununla bağlı yaranan suallar anlaşılandır, amma indiki şərait onu tələb edir: "Bəli, Rusiya işğalçı dövlətdir. Ukraynada ciddi şəkildə burnu daşa dəyib, son günlər Kursk hadisələri Rusiya üçün ağır zərbədir və buna görə hətta bütün dünya Kiyevi dəstəkləyir. Gec-tez belə olmalıydı. Lakin, hələlik, özümüzə düşmən yaratmağa ehtiyac yoxdur. Fikir verin, Şuşa bəyannaməsindən (Türkiyə ilə müttəfiqlik bəyannaməsi) sonra Moskva sənədi imzalandı. Bu, o demək deyil ki, Rusiya nə deyir, onu da etməliyik. Sadəcə, indiki vəziyyəti hələ qorumaq lazımdır. Onsuz da hazırda enerji məhsullarımız Qərbə yönəlib və Azərbaycan Avropa bazarı ilə əlaqəni saxlayır".

Əli Əlirzayev
Əli Əlirzayev

"Biz ora kənd təsərrüfatı məhsulları göndəririk, qazanc gəlir"

Keçmiş deputat, iqtisadçı Əli Əlirzayev də mövzu ilə bağlı "Turan"a deyib ki, iqtisadiyyat maraq deməkdir və burda dövlətin addımları anlaşılandır: "İqtisadiyyatda gəlir var, investisiya var, əgər bu istiqamətdə artım olursa, əlaqələrin güclənməsinə təbii baxmalıyıq. İkincisi, Rusiya böyük bazar olduğu üçün ticari əlaqələrin genişlənməsi normaldır. Biz ora kənd təsərrüfatı məhsulları göndəririk, qazanc gəlir. Üçüncüsü, müharibə Ukrayna üçün fəlakət yaşadır, şəhərlər, kəndlər dağılıb, belə olan tərzdə iqtisadi əlaqələrdə zəiflik təbiidir. Sadaladıqlarım müqayisənin yersiz olduğunu göstərir".

"Tikinti materialları şimal ölkəsindən idxal olunur"

İqtisadçı Razi Abbasbəyli də AzadlıqRadiosuna bildirib ki, Rusiyaya tətbiq olunan sanksiyalar onun daxili bazarlarında kənd təsərrüfatı məhsullarına ciddi tələb yaradıb: "Alternativ bazarlar da Cənubi Qafqaz ölkələri və Türkiyədir. Belə olanda, Moskva və Bakı arasında ticarət dövriyyəsinin çoxalması normal qarşılanası haldır. Həm də nəzərə alın ki, Azərbaycanın azad olunan ərazilərində tikinti-bərpa işləri həyata keçirir. Buna görə də tikinti texnikası ilə bərabər tikinti materialları və digər zəruri mallar şimal ölkədən idxal olunur. Bu sahədə tələbat artdığına görə iki ölkənin ticarət dövriyyəsinə müsbət təsir göstərib".

R.Abbasbəyli hesab edir ki, indiki mənzərə Azərbaycana hər hansı ziyanın olmadığını göstərir: "Azərbaycan iqtisadiyyatının böyük bazara çıxış imkanları yaranıb, ikitərəfli əməkdaşlıq perspektivləri ortaya çıxır. Azərbaycan həm də ABŞ, Avropa və Asiyanın bir çox ölkələri ilə iqtisadi tərəfdaşdır, ticarət dövriyyəsi də yüksək səviyyədədir".

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

"Dayanıqlı olmadığını nəzərə almalıyıq"

İqtisadçı Vahid Məhərrəmov isə fərqli düşünür. O hesab edir ki, Azərbaycan get-gedə Rusiyadan idxal asılılığı azaltmalıdır. Onun fikrincə, Azərbaycan daha çox çalışıb, daha keyfiyyət məhsul istehsal edib Avropa bazarına çıxmalıdır: "Niyə Gürcüstan və Ermənistan bunu edə bilir, Azərbaycan yox?! Halbuki Azərbaycanın aqrar şəraiti daha münbitdir və Avropa bazarı daha dayanıqlıdır. Yaxud Orta Asiya ölkələrinə daha çox məhsul ixrac edə bilərik. O cümlədən, Türkiyə ilə ticari əlaqələri genişləndirməliyik. Düzdür, buğdanı Rusiyadan daha çox alırıq, amma bu il orada buğda istehsalı kəskin aşağı düşüb. Ona görə Rusiya iqtisadiyyatının ticarət əlaqələrinin dayanıqlı olmadığını nəzərə almalıyıq. Bir vaxtlar pomidor və tərəvəz ixracatımızın qarşısını aldılar, nəticədə kəndlilər ziyana məruz qaldı".

V.Məhərrəmov idxalı azaltmağın vacibliyini də qeyd edib: "Azərbaycanda yeyinti məhsulları var ki, onlarla özünü 100 faiz təmin edə bilər. Amma bu gün o məhsulları idxal edirik, xüsusən buğda, süd, ət, kərə, bitki yağları, hətta çayı da idxal edirik. Ölkənin bu məhsulları istehsal etmək potensialı var".

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri iki ölkə arasında "... müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıblar. Orada iqtisadi, siyasi, mailiyə və qalan bir çox sahələrdə əməkdaşlığın gücləndirilməsi vacib sayılırdı.

XS
SM
MD
LG