Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:18

Yeni Kaledoniya olaylarına görə YAP üzvlərinin hesabları bağlanıb


YAP-çıların hesabları bağlandı: "X" və "Meta" hərəkətə keçdi
Gözlə

No media source currently available

0:00 0:12:04 0:00

YAP-çıların hesabları bağlandı: "X" və "Meta" hərəkətə keçdi

X (keçmiş Twitter) sosial şəbəkəsi Yeni Azərbaycan Partiyası (YAP) üzvlərinin onlarla hesabını qaydaları pozduğuna görə bağlamalı olub. Fransa Bakını Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaq məqsədilə kampaniya aparmaqda günahlandırıb.

AzadlıqRadiosu Fransa qurumlarının "informasiya manevri" adlandırdığı statusları paylaşan və artıq bağlanmış hesabların izinə düşərək onların Azərbaycanın hökumət qurumları və hakim partiyadakı rollarını aydınlaşdırıb. Onlardan birini hətta prezident İlham Əliyevin vaxtilə mükafatlandırdığı bəlli olub.

Paris Azərbaycan hökumətini Yeni Kaledoniyada iğtişaşları qızışdırmaqda suçlasa da, Bakı bu ittihamları rədd edib.

Etirazlar zamanı Azərbaycan bayraqları görülüb. Media Yeni Kaledoniya siyasi fəalları ilə Azərbaycanda fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu arasında əlaqələri xatırlayıb. Kanak liderlərini açıqca müstəqilliyədək dəstəkləyən Bakı Təşəbbüs Qrupu iğtişaşları doğuran yeni qanunun ləğvinə çağırıb.

Ən fəallar
Ən fəallar

Koordinasiyalı...

Fransanın Xarici Rəqəmsal Müdaxilədən Müdafiə Xidməti - VIGINUM içində Azərbaycandan qatılanların da olduğu onlayn kampaniyanı üzə çıxarıb.

Hesabatda X və Facebook-da paylaşılan bir neçə şəkil, habelə videonun təhlili də var. Onları paylaşan hesabların azərbaycanlı simalar ilə bağlılığı iddia edilir. Fransa qurumları 86 hesab profilinin bioqrafiya bölümündə İ.Əliyevin rəhbəri olduğu YAP-ın adının çəkildiyini bildirir. Belə şəkillərdən birini ilk paylaşan şəxsin YAP e-mail-inə sahib olduğu vurğulanır.

AzadlıqRadiosu paylaşılan görüntüləri və #RecognizeNewCaledonia həştəqini təhlil edərək onunla 1413 tvitin paylaşıldığını və bu prosesdə intensivliyin mayın 16-na təsadüf etdiyini aşkarlayıb.

Jurnalistlər "TweetBinder" təhlil proqramının köməyi ilə bu həştəq ilə ən çox repost olunan paylaşımın hazırda bağlanmış @esmirakhalil adlı istifadəçidən gəldiyini üzə çıxarıblar.

AzadlıqRadiosu Esmira Xəlilin Azərbaycanın dövlət administrasiyası ilə sıx əlaqəsinin olduğunu və Diasporla İş üzrə Dövlət Komitəsində çalışdığını aşkar edib. 2014-2022-ci illərdə komitənin əməkdaşı kimi tədbirlərə qatılan E.Xəlili 2022-ci ildə prezident Əliyevin özü mükafatlandırıb.

Esmira Xəlil
Esmira Xəlil

#RecognizeNewCaledonia həştəqi altında ikinci ən çox repost olunan paylaşım Fransanın hesabatında adı çəkilən Elməddin Behbuda məxsus video olub. Hesabat müəllifləri profilindəki bioqrafiya bölümünə söykənərək onun Azərbaycan hökuməti ilə bağlantısı olduğunu düşünürlər. E.Behbud öz tərcümeyi-halında Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında çalışdığını göstərib. AzadlıqRadiosu sonuncu dəfə baxarkən E.Behbudun hesabı hələ açıq idi.

Elməddin Behbud
Elməddin Behbud

"Kampaniyanı aparan Əliyev hakimiyyətidir"

Bakıda fəaliyyət göstərən Siyasi Menecment İnstitutunun təsisçisi Azər Qasımlı deyir ki, hakim YAP üzvlərinin Yeni Kaledoniyada heç bir marağı yoxdur və sosial mediada paylaşdıqları şərhlər aldıqları təlimatlardan qaynaqlanır.

"İstənilən halda, bu kampaniyanı aparan Əliyev hakimiyyətidir", - A.Qasımlı AzadlıqRadiosuna belə deyib.

Onun fikrincə, Azərbaycan hökuməti və Əliyev Fransaya qarşı güclərini nümayiş etdirmək istəyiblər: "İkinci məsələ isə odur ki, onlar bu kampaniya ilə Fransanın Ermənistana dəstəyinin qarşısını almağa ümid edirlər".

AzadlıqRadiosunun təhlili göstərdi ki, #RecognizeNewCaledonia həştəqi ilə postlarda və ya repostlarda ən aktiv olan X hesablar Azərbaycandandır.

Bu həştəq ilə ən çox repost edilən və bəyənilən şəkil həm fransız, həm də ingilis dillərində Fransa polisini suçlayan bir paylaşım olub. Fransız mediası fotomontajdakı şəxsin Fransa polisi olmadığını, şəkildə görünənin isə 3.2 kilometr aralıda ölən 17 yaşlı qız olduğunu müəyyənləşdirib.

Bu görüntünü paylaşan hesablardan biri Rəşadət Xalıqov adlı istifadəçidir. O öz hesabının bioqrafiya bölümündə özünü YAP Nizami rayon şöbəsi sədrinin müavini kimi tanıdır. Onun hesabı artıq bağlanıb.

Rəşadət Xalıqov
Rəşadət Xalıqov

Eyni şəkli paylaşan və artıq bağlanmış hesablardan biri də Fidan Əliyeva hesabıdır. Hesabın bioqrafiya bölümündə heç bir məlumat olmasa da, AzadlıqRadiosu onu YAP Xətai rayon təşkilatının məsləhətçisi kimi göstərən foto və məqaləni üzə çıxarıb.

Eyni zamanda həmin şəkli paylaşan, hesabı hazırda bağlanmış Ramila Seyidovanın isə YAP Siyəzən rayon təşkilatı sədrinin müavini olduğunu göstərən şəkil və məqalə tapılıb. Eyni görüntünü paylaşdığı üçün hesabı bağlanan Anar Şahmuradın da adı 2022-ci ilə aid bir yerli məqalədə YAP-ın məsul əməkdaşı kimi çəkilir.

Həmin işi görən və X-in ləğv etdiyi hesablar arasında YAP üzvü, Nizami adına Azərbaycan Ədəbiyyat İnstitutunun əməkdaşı Türkan Quliyevanın, 2024-cü ilin fevralında keçirilən prezident seçkisindən öncə Qaradağ rayonunda YAP-ın qrup iclaslarına qatılan Vüqar Ağayevin də adı var.

Türkan Quliyeva
Türkan Quliyeva

Ağayev 2021-ci ilin dekabrında Əliyevin siyasətini tərifləyən şərhində özünün AZƏRTAC-ın əməkdaşı olduğunu və rəsmi tədbirlərdə prezidenti müşayiət etdiyini bildirir. O, özünü AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri kimi tanıdır.

YAP təkzib edir...

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli internetdəki qarayaxma kampaniyasının arxasında partiyanın və ya Azərbaycan hakimiyyətinin durması ilə bağlı hər hansı iddianı "absurd və qərəzli" adlandırıb.

"Partiya üzvləri ictimai-siyasi məsələlərlə bağlı öz fikirlərini kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə sərbəst şəkildə ifadə edə, ölkədə və beynəlxalq səviyyədə baş verən istənilən hadisə və proseslərə münasibət bildirə bilərlər. Yeni Kaledoniya problemi istisna deyil", - Qələndərli bildirib.

AzadlıqRadiosu araşdırmasında adı çəkilən X hesab sahibləri ilə də əlaqə saxlasa da, heç bir cavab almayıb.

Azərbaycan hökumətinin troll ordusu

Gizli trollardan yeni xəbərlər - trol şəbəkəsinin necə işlədiyi ortaya çıxır
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

Azərbaycan hökuməti onsuz da sosial mediadan "destruktiv" fəaliyyətlər üçün istifadə etdiyinə görə tənqid olunurdu.

2022-ci ilin aprelində "Meta" Azərbaycan Daxili İşlər Nazirliyinin işlətdiyi hibrid troll şəbəkəsini aradan qaldırdığını elan etmişdi. "Meta"nın hesabatında casusluq ilə saxta davranışı kombinə edən bu şəbəkənin Azərbaycandakı vətəndaş cəmiyyətini hədəf götürdüyü, onların adından postlar paylaşdığı vurğulanırdı.

2020-ci ildə "Meta" Facebook-da 589 hesab, 7 min 665 səhifə, Instagram-da 437 hesabdan ibarət Azərbaycan mənşəli şəbəkəni bağladığını elan etmişdi. Bu şəbəkənin hədəfi, əsasən, Azərbaycanın daxili auditoriyası idi.

"Meta" bu fəaliyyətin arxasındakı şəxslərin şərh yazaraq hökuməti dəstəkləyən paylaşımların populyarlığını süni yolla şişirtməyə çalışdığını bildirir.

"Meta"nın təhlili bu şərhlərin Azərbaycanda iş günlərində, iş saatlarında paylaşıldığını və YAP Gənclər Birliyi ilə bağlı olduğunu üzə çıxarıb.

Keçmiş diplomat Emin İbrahimov AzadlıqRadiosuna deyib ki, Azərbaycan hakimiyyəti daim ictimai fikri yönləndirməyə və özünə sərfəli fikirlərin dominant olmasına çalışıb: "Azərbaycan hökuməti troll ordusunu da bu məqsədlə yaradıb. Dövlət idarələrində işləyənlər …bunu öz loyallıqlarını göstərmək və karyeralarını yaxşılaşdırmaq üçün edirlər".

Amma, öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyi Fransanı Bakıya qarşı qarayaxma kampaniyası aparmaqda suçlayıb.

XS
SM
MD
LG