Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:24

Azərbaycanda peyvəndlənən uşaqların gerçək sayı bilinmir


Uşaqların yoluxucu xəstəliklərə qarşı peyvəndlənməsi
Uşaqların yoluxucu xəstəliklərə qarşı peyvəndlənməsi

Ölkədə həkim-epidemioloq ştatının yarısı vakantdır

Hesablama Palatası uşaqların yoluxucu xəstəliklərə qarşı peyvəndlənməsi ilə bağlı Səhiyyə Nazirliyinin fəaliyyətini audit edib. Audit bu fəaliyyətin səmərəliliyini ölçmək məqsədi daşıyıb və nazirliyin 2006-2022-ci illərdə bu yöndəki işini əhatə edib. Həmin dövrdə Azərbaycanda uşaqların yoluxucu xəstəliklərə qarşı peyvəndlənməsinə toplam 42.1 milyon manat xərclənib.

2011-ci ildən bəri peyvəndlənən şəxslərə dair bilgilər “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nə (VESKS-ə) daxil edilir. Hesablama Palatasının araşdırması üzə çıxarıb ki, ölkədə peyvəndlənən uşaqların sayı ilə bağlı fərqli rəqəmlər var. Sözügedən sistemə daxil edilən bilgilərlə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM-in) tərtib etdiyi illik statistik hesabat forması arasında kəskin fərqlər mövcuddur. İki fərqli rəqəmin ortaya çıxmasının səbəbi özəl tibb müəssisələri tərəfindən vurulan peyvəndlərin VESKS sisteminə daxil edilməməsindən qaynaqlanıb. Bu baxımdan, Hesablama Palatası bu qənaətə gəlib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB-in) tabeliyindəki tibb müəssisələrində məsuliyyətin və hesabatlılığın müəyyənləşdirilməsində çətinliklər var.

Araşdırmanın üzə çıxardığı problemlər bununla da bitmir. Paylanan vaksinlərin adı və sayı, peyvənddən imtinalara dair məlumatlar da VESKS-ə daxil edilməyib. Bu da ayrı-ayrı peyvənd növləri üzrə durumu qiymətləndirmək, eləcə də imtina səbəblərinin təhlili yolu ilə bu sahədəki fəaliyyəti inkişaf etdirməyə əngəl yaradıb.

Peyvəndlərin yarıdan çoxu itkiyə gedib...

VESKS sistemindəki göstəricilərin təhlilindən aydın olur ki, 2016-2022-ci illərdə ölkədə istifadə edilən peyvəndlərin cəmi 44.5 faizi uşaqların peyvəndlənməsinə sərf edilib. İtkiyə gedən peyvəndsə peyvəndlərin toplam dəyərinin 51.1 faizi qədərdir. Hesablama Palatasının fikrincə, bu göstəricərin ortaya çıxmasına səbəb də yuxarıda qeyd edilən problemlərlə, özəl tibb qurumlarında vurulan peyvəndlərin nəzərə alınmaması ilə bağlıdır. Beləcə, toplam nəticələrdə qeyri-müəyyənliklər ortaya çıxır. Bu da, öz növbəsində, Respublika Gigiyena və Epidemiologiya Mərkəzini peyvəndin real itki dərəcələrini aylıq və illik əsasda nəzarətdə saxlamaq imkanından məhrum edir.

Peyvənddən imtinanın səbəbləri

Audit çərçivəsində tibb işçiləri arasında sorğu da keçirilib və vətəndaşların peyvənd vurulmasından imtina səbəbləri araşdırılıb. Tibb işçiləri arasında keçirilmiş sorğularda vətəndaşların peyvənd vurulmasından imtina səbəbləri kimi, peyvəndlərin mənşə ölkəsi, yerli reaksiya və qısamüddətli qızdırma halları, uşaqlarda guya autizm yaradacaq elmi təməli olmayan qənaətlərin göstərildiyi üzə çıxıb. Bu baxımdan, Hesablama Palatasının qənaətincə, peyvəndləmə sahəsində aparılan təbliğat fəaliyyətində nöqsanlara yol verilib, yoxsa belə elmi əsası olmayan iddialarla peyvəndləmədən imtinah hallarına rast gəlinməzdi.

Maliyyə pozuntuları

Peyvəndləmə ilə bağlı aparılan audit təsərrüfat fəaliyyəti ilə də əlaqədar pozuntulara yol açıb. Belə ki, peyvəndlə bağlı fəaliyyətin və tələbatın düzgün planlaşdırılmaması nəticəsində bəzi hallarda əlavə preparatların alınmasına yol verilib və olub ki, uyğun dərman vasitələri alınmayıb. Bəzi hallarda ölkəyə dövlət qeydiyyatında olmayan dərman vasitələri gətirilib. Milli profilaktik peyvənd təqvimində ölkədəki mövcud durum nəzərə alınmadan, elmi əsaslandırma aparılmadan nəzərdə tutulan saydan artıq planlar təsdiqlənib. Bu da əlavə vəsaitdən istifadəyə şərait yaradıb. Ölkədə həmin illərdə vurulan peyvəndlərin orta hesabla 44.6 faizi profilaktik peyvənd təqvimindən kənarlaşmaqla yerinə yetirilib. Bağlanmış müqavilə əsasında tibb müəssisələrindən vaksin tullantılarının daşınmasında da gecikmələrə yol verilib. Hesablama Palatasının auditi zamanı peyvəndlərin saxlanma şəraitinin də standartlara tam uyğun olmadığı üzə çıxıb.

2016-2022-ci illərdə İnnovasiya və Təchizat Mərkəzinin (İTM-in) UNICEF-lə əməkdaşlıq imkanlarından tam istifadə edilməyib və yerli şirkətlərdən daha baha qiymətlərlə mal satın alınıb. Nəticədə, dövlət vəsaitinə qənaət edilməyib. 2019-2020-ci illərdə vəsaitin bir bölümü də peyvənd təqvimində olmayan peyvəndlərin alınmasına yönəldilib.

Regional fərqlər

Azərbaycanda, bir çox sosial-iqtisadi sahədə olduğu kimi, tibbi xidmətlərə çıxış imkanı baxımından da regionlar arasında ciddi fərqlər var. Peyvəndləmə fəaliyyəti ilə bağlı aparılan araşdırma göstərir ki, bu sahədə də Bakı və digər ərazilər arasında fərqlər böyükdür. Belə ki, Bakı şəhəri və ölkə üzrə immunoprofilaktika fəaliyyətinə cəlb edilən tibb müəssisələri və sahə həkim-pediatrlarının sayı əhali sayına qeyri-bərabər paylanıb. “Pediatriya” və “Yoluxucu xəstəliklər” ixtisasları üzrə kadr təyinatları əsasən paytaxtın müəssisələrində gerçəkləşdirilib. Hazırda ölkə üzrə 74 GEM-də ştat cədvəli üzrə 144 həkim-epidemioloq ştatından təxminən yarısı vakantdır. Aparılan sorğularda bu meylin həm də əməkaqqı səviyyəsinı bağlılığı üzə çıxıb. Deməli, gəlir imkanlarının az olması həkimlərin özəlliklə regionlarda bu istiqamətdə fəaliyyət göstərməsinə marağı azaldır və beləcə, ştatların yarısı boş qalır.

XS
SM
MD
LG