Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:44

Qaramtıl Bakı...


Bakı
Bakı

.

Ramin Deko (AzadlıqRadiosu üçün)

Bakı bir az soyuqdur, bir az pinti, bir az da kələ-kötürdü. Ancaq nə qaranlıq şəhərdi, nə də işıqlı. Bığ yeri yenicə tərləmiş qarabuğdayı gəncə bənzəyir. Daha dəqiq desək qaramtıldı...

Qeyri-adi dilənçilər

Bakı bir az da qeyri-adidi. Günün günorta çağında gözlənilməz bir situasiya ilə qarşılaşa bilərsən. Kimsə önünə çıxıb 10-15 qəpik istəyər. Üst-başından dilənçiyə oxşamadığı üçün tutulub qaralarsan. “Yolda qalmışam, evə gedə bilmirəm”, deyib səndən mədət umar. Başqa biri o ötüb keçdiyin dalandan çıxıb dalınca yürüyər, dərdini anlatmağa çalışar. İllər öncə uşağı xəstə olanlar, evində çörək ala bilməyənlər əl açırdılarsa, indi onların sırası xeyli genişlənib. Yol pulu istəyən kim, siqaret pulu dilənən kim, 100 qram araq üçün ora-bura vurnuxan kim...

Bakı müasirləşdikcə dilənçiləri də buna uyğunlaşmağa çalışır. Belə gedərsə, çox yaxın zamanlarda bir də gördün kimsə qarşında diz çöküb “El-Klassiko”ya baxmaq üçün (İspaniyanın “Barselona”-“Real” komandalarının qarşılaşması belə adlanır - R.D) pul dilənir.

Şəhər isə çox basırıqdı. Sürətlə şütüyən avtomobillər, küçük zingiltisi kimi səs çıxaran siqnallar, eşşək kimi anqıran uşaqlar, rəngli binalar Bakını daha da qaranlığa qərq edir.

Tutqun və bulanıq ab-hava

Baku
Baku

Bakı bir az tutqundu, bir az da bulanıq. Yağış yağanda təzəcə təmir edilmiş yollarda yaranan nohurlar kimi çirkindi.

Tutqunluq iqtisadiyyatında, bulanıq isə siyasi ab-havada özünü biruzə verir.

Kimi iqtisadiyyatın gücündən dəm vurur, kimisi də bunun puç və uydurulmuş bir əfsanə olduğunu olduğunu söyləyir.

Siyasi ab-hava heç qaramtıl da deyil, qaranlıqdı. Bulanıq su kimi insanı çimçəşdirir. Bir-birinə şəbədə qoşmaq, agent çıxartmaq, arxasınca danışmaq, müştəbehlik, illuziyalara qapılmaq, istifadə etmək - bu siyasi havanın rəngidi. Birinin uzun illər mübarizə apardığı, yorulub geri çəkildiyi düşərgədən getməsi həmən onun düşmən, əks tərəfə keçməsi kimi yozulur - buna görə qaranlıqdı. Yəni, “olmaz” deyirlər.

Bakı
Bakı

Mərkəz nifrin yuvasıdı

Bakı soyuqdu. Min cür elanlar, reklamlar, sevgi dastanları yazılmış divarlar nəm qoxuyur. Qışda bu hasarları yağışlar yuyur, yay da isə günəş şəfəqləri tərlədir.

Ancaq insanları fərqlidir. Büdcəsi çox olan, istədiyi oyunçunu komandasına cəlb edən bir komandaya bənzəyir. Sadəcə hamıya eyni səxavətlə və eyni gözlə baxmır. Yaltağı da, kasıbı da eyni durumdadır. Aşağılarla yuxarılar arasında uzun və enli Çin səddi kimi qat yaranıb. Orta təbəqə yoxdur və çoxdan məhv edilib. Elə bu üzdən də mərkəzdə dayananlara pis baxırlar. Ya sağda, ya da solda oynamalısan. Ya bu tərəfdəsən, ya da o biri cinahda. Bir sözlə, konkret mövqe qoymalısan. Bakı müstəqilləri, mərkəzdə olanları sevmir. Onun üçün belə adamlar şübhəlidi, hətta "şpion" təsiri bağışlayır.

***

Bakı çiy kərpic kimidi. Hər gün bir azca ovularaq tökülür. Cənubdan əsən külək yerə düşənləri şimal istiqamətində sovurub aparır. Şərq bataqlığı, ölüm vadisini xatırladır, Qərb isə çox uzaqlardadı.

Bakı indi qaramtıldı. Ancaq getdikcə qapqara olacaq. Aydınlığa deyil, zülmətə sarı irəliləyir...

XS
SM
MD
LG