Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:46

Ekspert: 'İdxal rüsumunun artırılması balığı bahalaşdıracaq'


'Nərə balığını axırıncı dəfə sovet vaxtı yemişik'
Gözlə

No media source currently available

0:00 0:05:50 0:00

'Nərə balığını axırıncı dəfə sovet vaxtı yemişik' (Arxiv. 2021)

Azərbaycanda diri və soyudulmuş balıq növlərinin idxalına yeni gömrük rüsumu müəyyən olunub. Nazirlər Kabinetinin qərarına əsasən, bu il oktyabrın 15-dən 2026-cı il iyunun sonuna kimi bir sıra diri və soyudulmuş balıq növləri üzrə idxal gömrük rüsumu 0-dan 15 faizə yüksəldilir.

İstehsal artıb, balıqartırma müəssisələri azalıb

Rəsmi açıqlamalara görə, son illər ölkədə balıq istehsalı artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ildə Azərbaycanda 66 min 452 ton balıq ovlanıb. 2022-ci ildə bu göstərici 59 min 903 ton olub. Ovlanan balıqların cəmi 4 min tonu (qalanı fiziki şəxslərin) müəssisələrin payına düşür.

Göl və nohur balıqçılığı ilə məşğul olan hüquqi, fiziki şəxslərin sayı isə 2023-cü ildə 2022-ci ilə nisbətdə bir vahid azalaraq 107 təşkil edib. Göl və nohurların səthinin sahəsi də azalıb. Həmin göstərici 2022-ci ildə 1 min 393 hektar idisə, 2023-cü ildə 1 min 380 hektara düşüb. Göl və nohurlardan tutulmuş balığın miqdarı da 466 tondan 321 tona qədər azalıb.

Ölkədə 2000-ci ildə 12 ədəd balıqartırma müəssisəsi olubsa, hazırda bu müəssisələrdən cəmi üçünün aktiv fəaliyyət göstərdiyi bildirilir.

Azərbaycanda normadan üç-dörd dəfə az balıq yeyilir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlam insan üçün illik balıq istehlakını 28 kiloqram müəyyən etsə də, Azərbaycanda bu, dəfələrlə azdır. DSK-nın məlumatına görə, 2023-cü ildə Azərbaycan əhalisi adambaşına orta hesabla cəmi 8 kiloqram balıq və balıq məhsulları istehlak edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycana 25.8 milyon dollar dəyərində balıqlar, xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6.5 milyon dollar çoxdur. Bu dövr ərzində ölkənin balıq və dəniz məhsulları ixracı isə 1.9 milyon dollar dəyərində olub. Bu da ötən ilin eyni dövrünə görə 2.3 dəfə çoxdur.

"Yerli istehsalçı rəqabət apara bilsin"

"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Zaur Salmanlı "Turan"a bildirib ki, Nazirlər Kabinetinin sözügedən qərarının təşəbbüskarı onlardır: "Bu, onun üçün lazımdır ki, yerli istehsalçı rəqabət apara bilsin. Ümid edirəm ki, ən qısa zamanda daxili istehsalatda bu müsbət nəticə göstərəcək".

Onun sözlərinə görə, son beş ildə nərə cinsli balıqlar istisna, digər bütün növ balıqların istehsalı enir.

Tələbatı tam ödəmək üçün yetərli deyil

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, ölkədə balıq və balıq məhsullarının istehsal artıb: "Bununla belə, hazırda ölkədə istehsal olunan balıq mənşəli məhsullarla özünütəminetmə səviyyəsi aşağıdır və daxili tələbatı tam ödəmək üçün yetərli deyil".

Nazirlikdən vurğulanıb ki, onların nəzdində fəaliyyət göstərən balıqartırma müəssisələrində nadir və nəsli kəsilmək təhlükəsi altında olan balıqların körpələri yetişdirilərək təbii su hövzələrinə buraxılır: "Yalnız keçən il 600 min ədəddən çox nərəcinsli, 15 mindən çox qızılbalıq və 8 milyondan çox çəkikimi balıq körpələri və son 5 il ərzində ümumilikdə 30 milyon müxtəlif növ balıq körpəsi su hövzələrinə buraxılıb".

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

"Azərbaycan balığa tələbatının 3/1-ni ödəyə bilmir"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan reallıqda balığa tələbatının 3/1-ni ödəyə bilmir və rəsmi statistika həqiqəti əks etdirmir: "Norma 20 kiloqramdırsa, Azərbaycan 6 kiloqram istehsal edir. Bir müddət əvvəl bu rəqəm 7-dən yüksək idi. Son vaxtlar isə aşağı düşüb. Bu da istehsalın azalması ilə bağlıdır".

Ekspert deyir ki, əvvəllər ən çox balıq Xəzərdən ovlanırdısa, indi Xəzərdə balıqların sayı getdikcə azalır: "Əksər ölkələrdə göl balıqçılığına keçiblər. O sahəni Azərbaycanda da inkişaf etdirmək lazımdır".

V.Məhərrəmovun fikrincə, idxal olunan məhsula rüsum qoymaqla yerli balıqçılığı inkişaf etdirmək mümkün olmayacaq: "Digər sahələrdə də rüsumu artırmaqla inkişafa nail ola bilmədilər. Gah rüsumu götürürlər, gah qoyurlar, amma heç nəyə nail ola bilmirlər, çünki inzibati alətlərdən istifadə heç bir nəticə vermir".

Balıqçı: 'Kürdə balıq azalıb, heç nə tuta bilmirəm'
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

İqtisadçının sözlərinə görə, bu sahədə dövlət proqramı qəbul edilməlidir: "Azərbaycanda əkinə yararsız ərazilərdə yetərincə su hövzələri yaratmaq olar. Bizdə belə ərazilərin sahəsi 3 milyon hektardan çoxdur".

V.Məhərrəmov vurğulayıb ki, idxal rüsumların artırılması balığın bahalaşmasına gətirib çıxaracaq və istehlakçıların alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcək: "Ətin, toyuğun qiyməti bahadır deyə, alan azdır. Əhali çalışır ki, tərəvəzlə birtəhər dolansın. İdxal olunan balıqların rüsumunun artması ilə balıq qiymətləri minimum 15 faiz bahalaşacaq. Bununla bərabər yerli istehsallı balıqların da qiyməti bahalaşacaq".

XS
SM
MD
LG