Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:27

'Balta ilə qapını sındırıb bizi çölə atdılar'


Bakıda evi sökülən daha bir qrup sakin etiraz edir...
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

Bakıda evi sökülən daha bir qrup sakin etiraz edir... Video arxiv

Bakı sakini Violetta Mirbağırova deyir ki, üç il öncə - 2016-cı ilin avqustunda Bayılda evindən zorla polis gücünə çıxarılıb və bu günə qədər kirayələrdə, qohum-qardaş evindədir. O vaxtdan bəri də məhkəmə yollarındadır.

V.Mirbağırovanın mənzili Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, 27 saylı ikimərtəbəli binada yerləşib. Səbail rayon İcra Hakimiyyətinin sərəncamı olub ki, «Fortis-Bayıl» Mənzil Tikinti Kooperativi o ünvanda söküntü və tikinti işlərini həyata keçirsin. V.Mirbağırova mənzilindən çıxmaq istəməyib. Deyib ki, birincisi, bina dövlət ehtiyacı üçün sökülmür, ona görə də mülkiyyətçilər öz evindən məcburi çıxarıla bilməz. İkincisi, yeni binanın tikilib təhvil veriləcəyinə dövlət təminatı yoxdur.

«Kadrları bərpa eləmək mümkün oldu»

V.Mirbağırovanın sözlərinə görə, onun çıxmadığını görüb, şirkət işçiləri ətrafdakı mənzilləri söküb, evini qəzalı vəziyyətə salıblar. Qaz, su və işıq təchizatında problemlər yaranıb.

V.Mirbağırova məhkəməyə üz tutub. Xahiş edib qərar verilsin ki, bu iddiaya baxılıb yekun qərar çıxarılana qədər söküntü dayandırılsın. Hakim onun bu istəyinə «hə» deyib və belə bir qərardad çıxarıb. Amma bir həftə sonra hakim Azər Tağıyev öz qərarını ləğv edib. Amma qərardad qüvvədə olan vaxtda artıq V.Mirbağırovanın da mənzili sökülüb: «Avqustun 13-də məni və ailə üzvlərimi polis gücünə evimizdən çıxartdılar. Axşam saat 9 radələrində faktiki evimizə hücum elədilər. O binada bizdən başqa da çıxmayanlar vardı. Onlara qarşı da eyni cür davrandılar. Tikinti şirkətinin işçilərinin, polislərin kobudluğunu sözlə təsvir eləmək mümkün deyil. Qonşunun həyat yoldaşı baş verənləri videoya çəkmişdi. Mənzilin bahalı taxta qapısını balta ilə sındırırdılar. Polis videokameranı zorla onun əlindən alıb görüntüləri silsə də, sonradan həmin kadrları bərpa eləmək mümkün oldu. Oradan görünür ki, bizi evimizdən neçə çıxarıb çölə atırlar».

Məhkəmə 155 min manat ödənməsi haqda qərar çıxarıb

«Əmlak Ekspert Mərkəzi» MMC V.Mirbağırovanın evinə 146 min manat qiymət qoyub.

Səbail rayon Məhkəməsi də tikinti şirkətinin V.Mirbağırovaya mənzilə görə 146 min, iki il kirayə haqqı kimi 8400 manat, mənəvi ziyana görə də 1000 manat ödənilməsinə qərar verib.

Bakı Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib. Yeni qərar çıxarıb ki, V.Mirbağırovaya pul yox, evinin sahəsinin 20 faizi qədər də əlavə olunmaqla, mənzil verilsin, aylıq kirayə haqqı da 300 manatdan hesablansın. Ali Məhkəmə bu qərarı ləğv edib, işi yenidən apellyasiya baxışına göndərib. İkinci dəfə bu işə baxan Bakı Apellyasiya Məhkəməsi bu dəfə birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Amma proses bununla da bitməyib, iş yenə Ali Məhkəməyə gəlib.

Oktyabrın 11-də Ali Məhkəmə bir daha bu işə baxıb və ev sahibinə 155 min 400 manat ödənilməsi barədə qərarı qüvvədə saxlayıb.

«Fortis-Bayıl» MTK-nın nümayəndəsi Zaur Abbasov isə deyir ki, V.Mirbağırova vəziyyətdən sui-istifadə edib, daha çox pul almağa çalışır: «O ikimərtəbəli binanın yerində müasir, otelə oxşayan, çox səliqəli bir bina tikilib. Bakıda harada mənzilin kvadratını 3000 manatdan hesablatdırıb, şirkətə pul ödətdirirlər?».

V.Mirbağırovanın vəkili Fuad Ağayev isə deyir ki, şəxsin mülkiyyətini dövlət ehtiyacı istisna olmaqla, heç bir halda onun razılığı olmadan sökmək olmaz: «Hələ mən adamları evindən polis gücüylə küçəyə atmağı demirəm...».

XS
SM
MD
LG