Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:56

Ağ Evdə Bayden və Zelenskinin görüşü olub


ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski
ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski

ABŞ prezidenti Co Bayden bəyan edib ki, Vaşinqton onun prezidentliyi dövründə maliyyə yardımını sürətləndirməklə Ukraynanın gələcək danışıqlar prosesindəki mövqeyini gücləndirə bilər.

Bayden bu barədə sentyabrın 26-da Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən əvvəl deyib.

Bayden danışıqlardan əvvəl bunu da vurğulayıb ki, Birləşmiş Ştatlar Ukraynanın müdafiə ehtiyaclarını qarşılamaq istiqamətində çalışacaq.

Zelenskini qəbul edən ABŞ lideri bir daha vurğulayıb ki, Rusiya bu müharibədə qalib gələyəcək:

“Ukrayna qalib gələcək və biz sizi bu yolun bütün mıərhələlərində dəstəkləyəcəyik”.

Volodimir Zelenski deyib ki, ABŞ və Ukraynanı “Ukraynanın təhlükəsiz gələcəyinin NATO və Aİ ilə birlikdə təmin edilə biləcəyinə dair eyni baxış birləşdirir”.

Sentyabrın 26-da, günün birinci yarısında Volodimir Zelenski ABŞ Konqresində olmuşdu.

Onu Senatın demokrat çoxluğununın başçısı Çak Şumer və respublikaçı azlığın lideri Miç Makkonnel qarşılamışdılar.

Zelenski daha sonra demişdi ki, Senatın iki partiyadan olan nümayəndələri ilə Ukraynanın “qələbə planını” müzakirə edib.

Bayden Ukrayna üçün 8 milyard dollarlıq hərbi yardım elan etdi

ABŞ prezidenti Co Bayden sentyabrın 26-da, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşünün ərəfəsində və Rusiya ordusunun Ukrayna şəhərləri üzərinə raket zərbələrinin şiddətləndiyi bir vaxtda Kiyev üçün 8 milyard dollarlıq hərbi yardım paketini elan edib.

Baydenin bəyanatında deyilir ki, Birləşmiş Ştatlar Ukraynaya bu müharibədə qalib gəlməsi üçün lazımi dəstəyi davam etdirəcək.

Bu paketə ilk dəfə olaraq Birgə Qarşıdurma Silahı (Joint Standoff Weapon) adlı dəqiq vuran “süzən” mərmilər daxil edilib. Təyyarələrdən atılan bu bombaların zərbə radiusu 130 kilometrdir.

Bundan başqa yardım paketinə bir batareya Patriot raketləri və AMRAAMS orta mənzilli hava-hava tipli raketlər daxil edilib.

Yanvar ayında vəzifəsini tərk etməyə hazırlaşan Bayden deyib ki, F-16 qırıcıları üçün pilotların ABŞ-da təlimləndirilməsi proqramı genişləndiriləcək. Gələn il əlavə olaraq 18 pilota təlim verilməsi nəzərdə tutulur.

Bayden habelə bəyan edib ki, Vaşinqton və onun müttəfiqləri Rusiyanın sanksiyalardan yan keçə bilmək üçün istifadə etdiyi qlobal kriptovalyuta şəbəkəsinin işini pozmağa çalışırlar.

ABŞ prezidenti deyib ki, Almaniyada 50 ölkədən ibarət Ukrayna Müdafiə Kontakt Qrupunun iclasını çağırıb.

Zelenskinin təşəkkürü və əsas xahişləri

Zelenski Baydenə təşəkkürünü X platformasında bildirib:

“Mən prezident Co Baydenə, ABŞ Konqresinə və hər iki partiyaya – respublikaçılar və demokratlara, bütövlükdə Amerika xalqına təşəkkürümü bildirirəm”.

Zelenskinin az sonra Co Bayden və vitse-prezident Kamala Harrislə görüşəcəyi gözlənilir.

Ukrayna prezidentinə yaxın adamlar deyirlər ki, Kiyevin hazırda istədiyi əsas təhlükəsizlik qarantiyası NATO üzvlüyü məsələsidir.

Bundan başqa Zelenskinin ABŞ-ın uzaqvuran raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsi üçün bir daha icazə istəyəcəyi gözlənilir.

Bu məsələdə Qərb müttəfiqlərinin mövqeləri haçalanıb.

Adı çəkilməyən ABŞ rəsmisi Reuters agentliyinə deyib ki, Bayden Ukraynaya belə bir icazə verilməsini elan etməyəcək.

XS
SM
MD
LG