Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:51

ABŞ dünyaya 500 milyon əlavə vaksin verəcək


Şri Lankada yaşlı qadına evində peyvənd vurulur
Şri Lankada yaşlı qadına evində peyvənd vurulur

Çinin Harbin şəhərində rəsmilər təcili tədbir görməyə başlayıblar. 9.5 milyon əhalisi olan şəhərdə sentyabrın 22-də üç yoluxma qeydə alınıb

Sentyabrın 22-də Prezident Co Bayden ABŞ-ın digər ölkələrə əlavə 500 milyon vaksin ianə edəcəyini açıqlayacaq. Bununla da Birləşmiş Ştatlar ümumilikdə 1.1 milyard doza öhdəliyi götürmüş olacaq.

Rəsmilərin məlumatına görə, Bayden açıqlamanı bu gün Nyu Yorkda BMT Baş Məclisi çərçivəsində virtual sammitdə verəcək.

Yanvardan başlayaraq ABŞ-da hazırlanan Pfizer-BioNTech vaksinləri aşağı və aşağı-orta gəlirli ölkələrə göndəriləcək.

Dünya Səhiyyə Təşkilatı zəngin ölkələri yaşlı və yüksək risk qrupunda olan əhaliyə üçüncü doza vurmaq planlarına görə tənqid edir. Çünki dünyanın böyük hissəsində kəskin vaksin qıtlığı yaşanır.

***

Sentyabrın 22-də ABŞ Prezidenti Co Bayden virtual COVID-19 sammiti keçirəcək və digər ölkələrə vaksin ianəsi ilə bağlı yeni öhdəliklər açıqlana bilər.

Bayden deyib ki, “əlavə öhdəliklər” dünyada COVID-19-la mübarizəni hədəfləyəcək. Sentyabrın 21-də BMT Baş Məclisində çıxış edən Bayden Birləşmiş Ştatların COVID-19-la qlobal mübarizəyə 15 milyard dollardan çox vəsait ayırdığını, digər ölkələr üçün 160 milyondan artıq vaksin dozasının maliyyələşdirildiyini söyləyib.

Dünya əhalisinin 70 faizinin peyvənd olunması üçün...

Birləşmiş Ştatlar qlobal liderlərin COVID-19 pandemiyasını bitirməkdən ötrü hədəf götürməsinə çalışır. Məqsəd 2022-ci ilədək dünya əhalisinin 70 faizinin peyvənd olunmasıdır. Bunu “Reuters” ABŞ-a məxsus sənəd layihəsinə istinadla yazır.

Bu arada ABŞ-da yoluxmalar artır, sentyabrın 21-də yeddi günlük ortalama yeni yoluxma 137 min civarında olub, 2 min 300-dən çox gündəlik ölüm qeydə alınıb.

Sentyabrın 22-də BMT Baş Məclisinə qatılan dünya liderləri vaksin bərabərsizliyi üzrə Böyük Yeddiliyin (G7) təcili toplantısıyla bağlı qərar verməlidir.

Hazırda Afrikada vaksinasiya 5 faizdir, dünyada 5.5 milyard dozanın 80 faizi yuxarı və yuxarı-orta gəlirli ölkələrdə vurulub.

G7 liderləri iyunda azgəlirli ölkələrə 1 milyard dozadan artıq vaksin ianə etmək vədi veriblər. Amma indiyədək vəd olunan dozaların yalnız 15 faizi vurulub.

Peyvənd olunanların 70 faizi virusa tutulub

Hətta peyvənd olunanlar arasında belə koronavirusun yayılması isə səhiyyə rəsmilərini məyus edir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin Texas həbsxanasında məhbuslar arasında apardığı yeni araşdırmaya görə, koronavirus hətta çox adamın peyvənd olunduğu qruplarda belə yayıla bilər.

İyul və avqustda federal həbsxanada 172 kişi məhbus COVID-19-a yoluxub. Vaksin olunmamış məhbusların 90, tam peyvənd vurduranların isə 70 faizi virusa tutulub. Amma xəstəliyi daha çox peyvənd olunmayanlar ağır keçirib.

Bundan başqa, iyulda Massaçusetsdə yüzlərlə yoluxmanın 75 faizə yaxına tam peyvənd olunanlar arasında qeydə alınmışdı.

Belə məlumatlardan sonra özəlliklə yaşlı və digər həssas qruplara buster dozaların vurulması, eləcə də peyvənd olunanların maska taxması üçün çağırışlar artıb. Səhiyyə rəsmilərinin fikrincə, delta ştammının asanlıqla yayılması və immunitetin azalmasının yoluxmalarda rolu var.

9.5 milyonluq şəhərdə üç yoluxma

Çinin Harbin şəhərində isə rəsmilər təcili tədbir görməyə başlayıblar. 9.5 milyon əhalisi olan şəhərdə sentyabrın 22-də üç yoluxma qeydə alınıb. Bir gün öncə bircə yoluxma aşkarlanmışdı.

Artıq şəhərdə kütləvi testlər başlanıb, məktəblər bağlanıb. Bəzi oyun və idman zalları, kinoteatrlar qapadılıb. Əhali vacib iş dalınca çıxmaq üçün neqativ test təqdim etməlidirlər. Əks halda evdə qalmalıdırlar.

Çin indiyədək virusun öz sərhədləri daxilində yayılmasını lokdaunlar və kütləvi testlərlə önləyə bilib.

XS
SM
MD
LG