Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:56

Süpürgəçi, qəbirqazan. Belarusda fəalların həbsdən sonrakı həyatı


Belarusda etirazçı saxlanır, 2020-ci il
Belarusda etirazçı saxlanır, 2020-ci il

Uladzimer Mixalka 2020-ci ildə Belarusda prezident seçkilərindən sonrakı kütləvi etirazlarda həbs edilən minlərlə belarusludan biri idi. O, avtoritar lider Aleksandr Lukaşenka və bir polis məmurunu təhqir etdiyinə görə 14 ay həbs cəzasına məhkum edilib.

Cəzasını çəkən Mixalka bu ilin əvvəlində azadlığa çıxıb. Ancaq çətinlikləri bitməyib. O, AzadlıqRadiosunun Belarus xidmətinə danışıb ki, evə çatmamış dövlət vergi idarəsi onu 20 min rubl (8 min dollar) cərimələyib: “Mən həbsdə olanda vergi idarəsi çox “işləyib”. “Onlar mənim son 10 ildə fəaliyyətimi araşdırıblar. Mənə elə həbsxana kameramda xəbərdarlıq gəlmişdi”.

Mixalka həbs cəzası başa çatdıqdan sonra bu il azadlığa çıxan onlarla demokratiya tərəfdarından biridir. “Vyasna” (“Bahar”) insan haqları qrupunun məlumatına görə, ümumilikdə 253 keçmiş siyasi məhbus azad edilib. Bu insanların çoxu AzadlıqRadiosuna deyib ki, avtoritar Lukaşenka hökuməti onları və qohumlarını təqib edir, onların ölkədə həyatını mümkünsüz hala gətirməyə çalışır.

“Mənə qaranın ağ olduğunu və ya əksini deyirlər”

“Vyasna” insan haqları qrupunun məlumatına görə, hazırda Belarusda 1480 siyasi məhbus var. Onların əksəriyyəti Lukaşenkanın qalib elan olunduğu 2020-ci il seçkilərindən sonra demokratik hərəkatda iştiraklarına görə həbsdədir. Lukaşenkanın rəqibləri, seçicilər və Qərb hökumətləri səsvermənin saxtalaşdırıldığını bildiriblər.

“Məni sanki terrorçu və ya ekstremist kimi izləyirlər. Polis evimi axtarmağa gəlib və mən hər həftə "profilaktik" söhbət üçün onlarla görüşməli oluram", – deyə Mixalka bildirib. O, azadlığa çıxandan bəri Homel bölgəsinin cənub-şərqində, doğulduğu Reçitsa şəhərində polis tərəfindən izləndiyini söyləyir.

“Mənə qaranın ağ olduğunu və ya əksini deyirlər. Belarusda hər şeyin gözəl olduğunu və əgər əksini düşünürəmsə, yanıldığımı bildirirlər”, – o, sözlərinə əlavə edir.

Üç aya 140 rubl

Polis Mixalkaya tamştatlı bir iş tapmalı olduğunu deyib. Keçmiş məhbus olduğu üçün iş tapmağa çətinlik çəkən Mixalkaya küçə süpürgəçisi və ya qəbirqazan kimi növbəli iş təklif olunub:

“Axırda mühafizəçi kimi işə düzəldim. Amma üç aylıq işdən sonra mənə 140 rubl (55 dollar) maaş verdilər”.

Pulun qalanını hökumət vergi cəriməsini ödəmək üçün müsadirə edibmiş.

"Cərimələr, axtarışlar var, iş yoxdur! Ona görə də getməyə qərar verdim. Xüsusilə də prokurorluqdan yenidən məktublar almağa başlayandan sonra", – o vurğulayır.

Belarus Həmrəylik Fondunun (BySol) fəalları Mixalkaya ölkədən çıxmağa və Avropa İttifaqı ölkələrindən birindən sığınacaq istəməyə kömək ediblər.

“Beyninizi qarışdırırlar”

Mahilyou sakini Valyantsin Labaçou da Lukaşenkanı təhqir etdiyinə görə Vitsebsk vilayətindəki həbsxanada cəza çəkdikdən sonra bu ilin əvvəlində azad edilib. Ona əvvəlcə ayda bir dəfə, sonra həftədə bir dəfə polis bölməsinə gəlmək tapşırılıb.

Labaçou bildirib ki, keçmiş məhbuslar mütəmadi olaraq monitorinq komissiyasına getməlidirlər. Komissiya rəhbəri ona deyib ki, iş tapmasa və ya ölkədən getməsə, yenidən həbsxanaya göndəriləcək. “Bu komissiyalar sirkdir. Müxtəlif qurumların səlahiyyətliləri bir araya gəlib sizin beyninizi qarışdırırlar”,– deyən keçmiş siyasi məhbus komissiyaya Belarusu tərk etmək niyyətində olduğunu bildirib və onlar bundan narahat olmayıblar. Labaçou düşünür ki, onların məqsədi insanları ölkədən qovmaqdır.

Rəsmi işə götürmürlər

AzadlıqRadiosuna danışan və təqiblərdən qorxduğu üçün adının çəkilməsini istəməyən bir qadın bildirib ki, Homel bölgəsindəki həbsxanadan çıxandan bəri həm özü, həm də əri hədəfə alınıb.

“Yoldaşım heç günəmuzd fəhlə kimi də iş tapa bilmədi. Axı onun “ekstremist” arvadı var! Ancaq arabir növbə ilə işləyə bilər. Heç kim onu rəsmi işə götürmür", – qadın deyir.

“Polis günün və ya gecənin istənilən vaxtı gəlib sizi yoxlaya bilər. Bəzən həftələrlə gəlmirlər. Sonra hər gün gəlməyə başlayırlar. Məni iş tapmağa məcbur edirlər, amma mənə təklif olunan yeganə iş kolxozda inək sağmaqdır. Ancaq polisə ora getməyəcəyimi bildirdim”, - o, sözlərinə əlavə edir.

XS
SM
MD
LG