Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:24

KQB-yə yazdıqları məktublarında müxalif baxışlarından imtina edən belaruslular sədaqət andı içirlər


Belaruslu sahibkar Aleksandr Knıroviç: "Belarus KQB-sində Dzerjinskinin portretləri asılıb".
Belaruslu sahibkar Aleksandr Knıroviç: "Belarus KQB-sində Dzerjinskinin portretləri asılıb".

2021-ci ilin dekabrında "Belarus Dəmir Yolları" 2020-ci ildə keçirilən prezident seçkilərinin nəticələrinə qarşı çıxdığı deyilən əməkdaşları işdən qovmağa başlamışdı. İşçilərdən biri işini qorumaqdan ötrü önləmə tədbiri düşünərək ölkənin güclü Dövlət Təhlükəsizlik Komitəsinə (KQB) məktub yazmaqla özünün müxalifyönlü baxışlarından imtina etmişdi. O, həmin məktubunu "Mənə elə gəlir ki, səhvlərini etiraf edən və onları düzəltməyə hazır olan adamı bağışlamaq olar" cümləsi ilə bitirmişdi.

Bu, 2014-cü ilin sentyabrı ilə 2023-cü ilin avqustu arasında Belarus KQB-sinə göndərilən təqribən 40 min şikayətdən, açıqlama və apellyasiya şikayətindən və digər növ mesajlardan yalnız biridir. Qurumun onlayn məlumat bazasını "Cyberpartisans" adlı Belarus qrupu yarıb. Həmin qrup Belarus hökumətinin vətəndaşlara qarşı repressiyalarını dayandırmağı qarşısına məqsəd qoyub.

Yüz minlərlə insan mühacirət edib

2021-ci ildən 2023-cü ilədək sürən özünüqınama müraciətləri insanların iş yerlərini itirmək və digər məsələlərlə bağlı qorxularını əks etdirir. İnsan haqları qruplarının fikrincə, belə basqılar Belarus hökumətinin 2020-ci ildən bəri öz vətəndaşlarına qarşı amansız təqiblərinin bir bölümüdür. 2020-ci ilin avqustunda keçirilən prezident seçkilərində geniş yayılmış saxtakarlıqla bağlı dəlillər kütləvi etiraz doğurmuşdu. BMT-nin bu illə bağlı insan haqları hesabatında deyilir ki, sonradan on minlərlə belaruslu saxlanıb, yüz minlərlə insan mühacirət etməli olub.

Hazırda müxalifətin əksər hissəsi xaricdə yaşayır. Hökuməti tənqid edənlər nəinki iş yerlərini, valideynlik hüquqlarını, peşə lisenziyalarını itirmək, habelə dövlət təhsil ocaqlarından qovulmaq təhlükəsi ilə üz-üzədir.

AzadlıqRadiosunun müxbiri Anna Kryuçkovanın hazırladığı materialda deyilir ki, 100 il öncə sovet dövründəki əməlləri anımsadan belə özünüqınamalar müəlliflərin öz baxışlarının nəticələrindən qorxduğuna dəlalət edir.

Özünü dövlət dəmir yolları logistika qrupu "Belintertrans"ın əməkdaşı kimi tanıdan şəxs 2021-ci il dekabrın 19-da KQB-yə göndərdiyi rəsmi məktubunda işini itirərsə, tezliklə dərin borc içində olacağından narahatlığını dilə gətirir.

"Yaxşı tərəfə dəyişməyə… hazıram"

Anonimliyin qorunması üçün kimliyi açıqlanmayan bu şəxs KGB-dən onu qovulmadan qorumasını xahiş edir, xaricə mühacirət etdiklərinə, Belarus dövlətinə qarşı bütün boykot və sanksiya çağırışlarına görə daha Belarus müxalifətçilərinə inanmadığını vurğulayır: "Mən yaxşı tərəfə dəyişməyə və ölkəmizin mənafeyi üçün çalışmağa hazıram".

Məlumat bazasında KQB-nin həmin məktuba cavabı gözə dəymir.

Lukaşenko əleyhinə etirazlarda onlarla nümayişçi saxlanıb
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Başqa bir özünüqınama məktubu ölkənin şimal-şərqində yerləşən Moqilyov şəhərində 2020-ci ildə bankir və filantrop Viktor Babarikonın xeyrinə 30 imza toplamış bir qadından gəlib.

Ölkə rəhbəri Aleksandr Lukaşenkoya qarşı güclü rəqib kimi görülən Babariko 2020-ci ilin iyununda həbs edilib. Ona pulyuma və rüşvətxorluq maddələri ilə 14 il həbs cəzası verilib. Babariko və dəstəkçiləri bunun Lukaşenkoya qarşı çıxmağa görə qisas olduğunu deyirlər.

"Təqaüd yaşımadək işləməyimə imkan verməyinizi xahiş edirəm"

"Hazırda çətin durumda olduğumuzu anlayıram. Anlayıram ki, ölkəni qarışdırmaq istəyən çox sayda adam var. KQB belə adamlarla sərt davranmalıdır. …Ancaq mən HEÇ VAXT [hökuməti] tənqid etməmiş və belə işlərə qatılmamışam. Sizdən mənə yardımçı olmağı, təqaüd yaşımadək işləməyimə imkan verməyinizi xahiş edirəm!", - bunu yazan qadın Lukaşenkoya səs verdiyini vurğulamağı da unutmayıb.

Minskdə yaşayan bir kişi də 2020-ci il etirazlarından üç il sonra – ötən ilin iyununda KQB-yə yazaraq nümayişlərə qatıldığını və müxalifəti dəstəkləyərək Belarus polisinin amansızlığını tənqid edən keçmiş hüquq-mühafizə orqanları əməkdaşlarının yaratdığı "ByPol" qrupuna ianə verdiyini boynuna alıb.

Həmin şəxs o vaxt etiraz etməklə qanunu pozduğunu anladığını yazır və KQB-dən "səhvini düzəltmək üçün" nə etməli olduğunu soruşur.

Məktubun müəllifi KQB-yə yazmaq qərarının səbəbini göstərmir. Ancaq Belarus hökuməti "ByPol"u həm ekstremist, həm də terrorçu təşkilat elan edib. "ByPol"a bu damğalar həmin şəxsin 2020-ci ilin payızında etdiyi ianələrdən iki il sonra vurulub.

Belarus müxalifəti ümummili tətil elan edib
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

"Nevrotik günah duyğusu"

KQB-yə özünüqınama məktubları göndərən belaruslulardan hər hansı birinin işini itirməkdən, yaxud hər hansı başqa təhlükədən özünü qoruya bilib-bilmədiyi məlum deyil.

Zədələr üzrə ixtisaslaşan və 2020-ci il etirazlarında polis zorakılığının qurbanı olmuş şəxslərlə çalışan klinik psixoloq Alyona Qribanova belə özünüqınama aktlarını "nevrotik günah duyğusu"na bağlayır. Onun sözlərinə görə, qorxu yüksək səviyyəyə çatanda "insanı nüfuzlu yetkin şəxsin - bu halda dövlətin müdafiəsini axtaran balaca, qorxmuş uşağa döndərə bilir".

Basqı ilə gerçəkləşdirilən belə özünüqınama aktlarının bəziləri başqa keçmiş sovet respublikalarında və daha çox Rusiyanın Çeçenistan regionunda da rast gəlinən fenomendir. Bu əməllərin tarixi ta 1920-ci illərin sonlarına - Stalin dönəminədək uzanır.

Polşalı sosioloq Maqdalena Novitska-Françak 2015-ci ildə yazdığı məqalədə qeyd edir ki, Şərqi Avropada kommunizm dövründə ictimai özünütənqid hakim partiyaya sədaqəti ifadə edən rəsmi prosedur idi. O yazır ki, bu prosedur karyeranı xilas edə, ancaq eyni zamanda adamı QULAQ-a, yaxud güllələnməyə göndərə bilərdi.

Ötən ilin fevralında verdiyi sərəncamda Lukaşenko 2020-ci il etirazları ilə bağlı təqiblərdən qurtulmaq məqsədilə xaricə qaçan belarusluların əfv olunması, yaxud cəzalarının yüngülləşdirilməsi üçün ictimai özünütənqidi şərt göstərib.

Ancaq, sovet dövründə olduğu kimi, geri çəkilməyə razı olmaq hələ güvənliyin təminatı deyil.

Ötən ilin sonlarınadək Belarusa qayıtmağı seçənlərdən 200 nəfər həbs edilib. BMT belə həbslərin bu il də sürdüyünü mart ayında bildirib.

XS
SM
MD
LG