Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:49

«Kəndçi adamam, «onlayn müraciət» nədi, bilmirəm»


İllüstrasiya
İllüstrasiya

►Onlayn müraciət forması ünvanlı sosial yardım almaq istəyənləri qane etmir

“Sosial müdafiə mərkəzinə gedirik, deyirlər, “biz daha sənəd qəbul etmirik. Gedin, internetlə göndərin”. A bala, necə? Bir təhər-töhürünü də başa salın. Deyirlər, “bir başı çıxan adam tapın, kömək eləsin”. Belə də sistem olar?”

Əminə Hüseynovanın 54 yaşı var, Biləsuvar sakinidir. AzadlıqRadiosuna danışır ki, 2 aydır ünvanlı sosial yardım almaqdan ötrü rayonun sosial müdafiə mərkəzinə gedib gəlsə də, ona müraciət formasının dəyişdiyini deyirlər. Ancaq vətəndaşı narahat edən odur ki, Mərkəzin işçiləri nə ona, nə də başqa vətəndaşlara yeni müraciət forması haqqında bilgi vermirlər:

“Mən kəndçi arvadam. Maraqlandım, dedilər, internet kluba getməliyəm, ordakılara 5 manat verməliyəm, nazirliyin saytına girib oradan qeydiyyatdan keçməliyəm. Qonşum dediklərini edib, ancaq neçə dəfə Bakıya gedib-gəlib, hər dəfə deyirlər, “kodun düz gəlmir”. Bəlkə beş dəfə Bakıya gedib gəlib”.

“İKİ AYDIR SƏNƏDLƏRİ TƏQDİM EDƏ BİLMİRƏM”

Vətəndaş tələb edir ki, elə sosial müdafiə mərkəzlərində bir kompüter ayrılsın, onlar da orada rahat şəkildə sənədlərini qeydiyyatdan keçirsinlər.

Şirvandan olan Səməd Səfərov deyir, nazirliyin rayondakı şöbəsi oktyabr ayından sənədlərini özünə qaytarıb:

“Sənədi apardım, götürmədilər, dedilər, “apar, elektron müraciət sistemi olacaq, onda göndərərsən”. Soruşdum, “o, nə olan şeydir?”, dedilər, “vaxtı çatanda biləcəksən. İnternet klublarında sənə öyrədəcəklər”. Bu boyda nazirlik vətəndaşı internet kluba yollayır. Yəni nazirliyin özünün belə imkanı yoxdur ki, hər şöbəsində bir işçi oturtsun, o işçi bu sənədlərin onlayn müraciəti məsələsində vətəndaşlara yardım göstərsinlər? Şəxsən mən iki aydır sənədləri təqdim eləyə bilmirəm”.

___________________________________________________________

Bunlara da bax:
Erməni general istefa verir: "Adımın Əliyevlə eyni siyahıda..."
“Neftin qiymətini dirçəltmək” cəhdi baş tutmadı

___________________________________________________________

“ONLAYN” SÖZÜNÜ ORDA EŞİDİRLƏR

Onlayn müraciət forması ünvanlı sosial yardım almaq istəyənləri qane etmir. Onlar sənədlərin ya köhnə sistemlə qəbul edilməsini, nazirliyin bölgələrdəki şöbələrində bu məsələdə vətəndaşlara yardımçı olmağa işçilərin ayrılmasını, ya da vətəndaşlar arasında maarifləndirmə aparılmasını istəyirlər.

Səməd Səfərov:

“Bir sistemə keçməzdən əvvəl vətəndaşı maarifləndirmək, o sistemə hazır vəziyyətə gətirmək lazımdır. Vətəndaşın heç nədən xəbəri yoxdur, gedir, “onlayn” sözünü orada eşidir, qayıdır geri. Heç bilmir ki, o, nə deməkdir”.

ŞƏFFAFLIĞI TƏMİN ETMƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Biləsuvar rayon mərkəzindən “Qaynar xətt”ə bildiriblər ki, yeni sistemdə əsas məqsəd şəffaflığı təmin etməklə vətəndaşa xidmət göstərməkdir:

“Vətəndaş ünvanlı sosial yardım almaqdan ötrü nazirliyin saytında qeyd olunan bölməyə daxil olur. Qeydiyyatdan keçmək üçün bölmələrə ailə tərkibi, sahib olduğu daşınan və daşınmaz əmlak haqqında məlumatları düzgün daxil etməlidir. Bu məlumatlar səhv daxil edildikdə müraciətə baxılmır. Vətəndaşlar nazirliyə həm də poçt vasitəsilə müraciət edə bilər”.

Aprelin 18-də bir neçə rayonun sakini eyni narazılıqla Bakıya gələrək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına yığışıblar. Onlar onlayn sisteminin ləğvini, sənədlərin köhnə sistemlə qəbul olunmasını tələb ediblər.

QEYD: Əgər vətəndaşların əlində ünvanlı sosial yardımla bağlı müraciətin kodu (başqa sözlə ərizənin nömrəsi) və şəxsiyyət vəsiqəsinin nömrəsi varsa onlar özləri bu linkə daxil olub, qarşıya çıxan iki sətirlik formanı doldurub, şəxsi hesaba daxil olub, sonrakı addım kimi «Müraciətlərin reyestri» adlı bölməyə keçməklə, müraciətlərinə (Müraciətin statusu adlanır) cavabı oxuya bilərlər.

Buna da bax: Serj Sarkisian Qarabağa gedib

Serj Sarkisian Qarabağa gedib
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

XS
SM
MD
LG