Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:51

Blinken: Putin Ukraynanın tərəfdarlarını parçalaya bilməyəcək


Kiyevə qar yağıb
Kiyevə qar yağıb

ABŞ-ın Dövlət katibi Entoni Blinken deyir ki, Rusiyanın Ukraynanın enerji infrastrukturunu hədəfə almaq strategiyası bu ölkənin tərəfdarlarını parçalaya bilməyəcək.

Putinin “qəzəb və atəşi”

Blinken noyabrın 30-da Buxarestdə NATO xarici işlər nazirlərinin ikigünlük toplantısından sonra mətbuat konfransında danışıb. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin “qəzəb və atəşini” Ukraynanın dinc əhalisinə yönəldib, ukraynalıları istilik, su və elektriklə təmin edən infrastrukturu vurur.

“Prezident Putinin taktikasını bilirik: ukraynalılar soyuqdan donsuz və aclıq keçirsin, evlərindən çıxmağa məcbur olsunlar, enerji, ərzaq və digər xərclər artsın, həm də təkcə Avropada deyil, bütün dünyada və sonra da koalisiyamız parçalansın”, – Blinken vurğulayıb.

Rusiyanın son hücumları nəticəsində milyonlarla insan temperaturun sıfırdan aşağı olduğu bir vaxtda qaranlıqda, istiliksiz qalıb. Blinken deyir ki, Putinin “Ukrayna xalqına qarşı qəddarlığı barbarlıqdır”.

“Bu strategiya işləməyib, işləməyəcək”

Blinken Putini Ukraynanın tərəfdaşlarını Kiyevə dəstəkdən əl çəkməyə məcbur etmək cəhdində suçlayıb.

“Bu strategiya işləməyib, işləməyəcək. Onun səhv mövqedə olduğunu sübut edəcəyik. Burada – Buxarestdə hər bir ölkənin ucadan və aydın şəkildə bunu dediyini eşitdim”, – Blinken sözlərinə əlavə edib.

ABŞ və digər Qərb müttəfiqləri Buxarestdəki iclasda Kiyevə daha çox maliyyə yardımı, enerji təchizatını gücləndirmək üçün avadanlıq vəd edib. Blinken deyib ki, ABŞ hərbi strategikləri Ukraynanın enerji infrastrukturunun bərpası üçün verilən avadanlığın Rusiyanın hücumları nəticəsində dağıdılmamasını təmin etməyə çalışacaqlar.

Zelenskinin təşəkkürü

Ukrayna Prezidenti Volodimir Zelenski isə Almaniya parlamentinə ölkəsində 1932-33-cü illərin Qolodomor aclığını Ukrayna xalqının soyqırımı kimi tanıdığına görə təşəkkür edib.

“Almaniya 1932-33-cü illərin Qolodomorunu soyqırımı kimi tanıyıb. Bu tarixi qərara görə Bundestaq üzvlərinə təşəkkür edirəm. Həqiqət həmişə qalib gəlir”, – Zelenski Twitter-də yazıb.

Bundestaq noyabrın 30-da sözügedən qətnaməni qəbul edib. Sənədi hakim koalisiyadakı üç partiya və əsas müxalifət bloku təqdim etmişdi.

Bir neçə gün öncə ukraynalılar Qolodomorun 90 illiyini anıblar. Həmin dönəmdə milyonlarla ukraynalıların acından öldüyü bildirilir.

Tarixçilər deyirlər ki, 1932-ci ildə sovet idarəçiliyində səhvlərdən dolayı Ukraynada məhsulun yaxşı yığılmaması aclığın əsas səbəbi idi.

“Bizi bir dəfə aclıqla məhv etmək istədilər”

Noyabrın 26-da Qolodomorun anım mərasimində Zelenski deyib ki, Ukraynanın Rusiyanın davam edən səbəbsiz işğalına qarşı mübarizəsini “qırmaq mümkün deyil”.

“Ukraynalılar çox dəhşətli şeylər yaşayıblar… Onlar bizi bir dəfə aclıqla məhv etmək istədilər, indi isə bunu qaranlıq və soyuqla etməyə çalışırlar”, – Zelenski vurğulayıb.

Bundestaqın qəbul etdiyi qətnamədə isə deyilir ki, “aclıqdan kütləvi ölümlər məhsul yığımındakı uğursuzluğun nəticəsi olmayıb; İosif Stalinin başçılıq etdiyi Sovet ittifaqının siyasi rəhbərliyi bunun üçün məsuliyyət daşıyıb”.

Belə qətnamələrin hüququ qüvvəsi yoxdur, hökumətdən hər hansı addımlar atmağı tələb etmir. Xarici işlər naziri Annalena Baerbok layihəni irəli sürmüş deputatlara təşəkkür edib.

XS
SM
MD
LG