Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:42

Əflatun Amaşov: 'Xeyr, bunun Mehmana heç bir bağlılığı yoxdur'


Əflatun Amaşov
Əflatun Amaşov

“Məsələ ondadır ki, fəaliyyət göstərən hər bir qurumun hüquqi statusu olmalıdır. İndiki halda bloqqerlərin statusu müəyyən deyil, onlar sosial şəbəkə deyillər. Sosial şəbəkə insanların öz işləridir, neyləyirlər özləri bilər”.

Mediada Mətbuat Şurasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Əflatun Amaşovun yanvarın 19-da, parlamentin İnsan hüquqları Komitəsinin toplantısında sosial şəbəkə və bloqqerlərin fəaliyyətini tənzimləməklə bağlı qanun hazırlanmasını təklif etdiyinə dair xəbərlər gedib. Daha dəqiq və dolğun məlumat üçün AzadlıqRadiosu ondan müsahibə alıb:

Buna da bax:​ Əflatun Amaşov: 'Sosial şəbəkələr ayrıca qanunla tənzimlənməlidir'

– Əflatun bəy, təklifinizi qaçılmaz edən nədir?

– Mən orda sosial şəbəkələri demədim, yalnız internet üzərindən yayımlanan KİV-lərlə bağlı danışdım. Əlbəttə, hər şey mücərrəddir. Hələ ortada dəqiq bir şey yoxdur. Təklifdə də dəqiq bir şey yox idi. Azərbaycanda müxtəlif qanunlarda internet üzərindən yayımlanan KİV-lərin adı keçir. KİV haqda qanunda var, ayrı-ayrı məcəllələrdə var. Mən təklif etdim ki, bəlkə bu məsələləri bir qanunda birləşdirmək olar. Burda iki tələb var, biri budur ki, bu sahədə çalışan jurnalistlərin fəaliyyəti məhdudlaşdırılmasın, ikincisi, medianın tənzimlənməsinə mənfi təsir göstərməsin. Hələlik, məsələ müzakirə mərhələsindədir.

– İnternet üzərindən yayımlanan KİV-lərlə bağlı qanunda müəyyən müddəalar varsa, yenidən buna qayıtmağa nə ehtiyac?

– Hər halda, müzakirə etmək lazımdır. Azərbaycanda qanunvericilikdə KİV-lər deyəndə daha çox qəzet və jurnallar, agentliklər, televiziya və radio nəzərdə tutulur. Son zamanlar ayrı-ayrı qanunvericilik aktlarında, əlavə olaraq, internet resursları da nəzərdə tutulur. Bu, yetərincə dağınıqdır və bunu müzakirə etməliyik, məncə.

Buna da bax:​ Mətbuat Şurası 'mətbuatın düşmənləri' barədə

– Sizin bu təşəbbüsünüzü hakimiyyətin internet resurslarına nəzarəti artırmaq cəhdi kimi dəyərləndirənlər də var. Sualı birbaşa qoyaq: Nə etmək istəyirsiniz?

– Söhbət nəzarətdən getmir, hər şey hələ mücərrəddir. Mən, sadəcə, dediyim kimi, ayrı-ayrı məqamları bir qanunda birləşdirməyi təklif edirəm. Söhbət bundan gedir. Bu məsələ dünyanın çox yerində müzakirə edilir. Artıq Azərbaycanda ictimai rəy, əsasən, internet üzərindən yayımlanan KİV-lər vasitəsilə formalaşdırılır. İndi ölkədə KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərir. Həmin Fond yalnız yazılı media qurumlarını maliyyələşdirir. Azərbaycanda, hələlik, reklamla bağlı problem var. Xəbər portalları da, internet üzərindən yayılan KİV-lər də reklamla bağlı çətinliklər yaşayır. Araşdırılsa, hər saytın arxasında kimlərinsə dayandığı, maliyyə dəstəyi göstərdiyi üzə çıxar. Olmazmı həmin saytları da Dövlət Fondu maliyyələşdirsin?

– Amma bu halda həmin KİV-lər dövlətdən asılı vəziyyətə düşə və müstəqilliyini itirə bilər...

– Elə deyil. Jurnalistlərə evlər verildi, onların arasında müxalifət qəzetlərində çalışanlar da var. Müstəqillik insanın içindədir, nə qədər ona yardım verilsə də, bunu itirmək istəməyəcək, prinsiplərindən geri çəkilməyəcək. Mən düşünürəm ki, Azərbaycanda reklam bazarı formalaşanadək İnternet mediasına da dövlət dəstəyi lazımdır.

Buna da bax:​ Azərbaycanın öz 'Maqnitski siyahısı' olacaq? [video]

– Əflatun bəy, Komitənin toplantısında bloqqerlərin fəaliyyətinə də toxunmusunuz. Fikrinizcə, bloqqerlərin fəaliyyəti tənzimlənməlidir?

– Bilmirəm, kim necə yazıb. Xəbərim yoxdur. Mən dedim ki, məsələn, ABŞ-da, ya başqa yerlərdə bloqqerlərin oxucuları çox olur. Onlar da müstəqil media kimi fəaliyyət göstərirlər. Bəs biz bloqqerlərə necə yanaşaq? Onlar “Facebook” kimidir, “tvitter” kimidir, yoxsa daha müstəqildirlər? Əlbəttə, bloqqerlər daha çox müstəqildirlər, KİV-lərə, xəbər portallarına daha yaxındırlar. Biz onların da sərhədlərini müəyyənləşdirməliyik, necə yanaşmalı olduğumuzu bilməliyik.

– Sizcə, bu nə dərəcədə vacibdir? Bloqqerlərin fəaliyyəti hansısa problem yaradır?

– Söhbət ondan getmir. Məsələ ondadır ki, fəaliyyət göstərən hər bir qurumun hüquqi statusu olmalıdır. İndiki halda bloqqerlərin statusu qeyri-müəyyəndir, onlar sosial şəbəkə deyillər. Sosial şəbəkə insanların öz işləridir, neyləyirlər özləri bilər. Bu məslələlər tək Azərbaycanda yox, Avropa ölkələrində də müzakirə edilir. Bizə də lazımdır ki, müzakirə aparaq və qərar qəbul edərkən jurnalistlərin hüquqlarını məhdudlaşdırmayaq.

Buna da bax: Bloqqer 'qəpik aksiyası'nı başa vurdu

– Bloqqerlərlə bağlı təşəbbüsünüz məmur mülklərindən videolar hazırlayan bloqqer Mehman Hüseynovun saxlanılmasından sonra səslənir. İstər-istəməz, elə təsəvvür yarana bilər ki, məqsəd bloqqerlərin fəaliyyətini çərçivəyə salmaq, məhdudlaşdırmaqdır...

– Xeyr, bunun Mehmana heç bir bağlılığı yoxdur. Sadəcə, söhbət internet üzərindən yayımlanan xəbər portallarından gedir. Əlbəttə, hər şeyi müzakirə etmək olar. Müzakirə etmək o demək deyil ki, nəsə qəbul edirsən, yaradırsan. Onun qanun səviyyəsinə qalxması sonrakı söhbətdir.

– Ümumiyyətlə, sizin təşəbbüsünüz yaxın zamanlarda qanun layihəsi kimi müzakirəyə çıxarıla bilər?

– Onun yaxın vaxtlarda gündəmə gələcəyini gözləmirəm. Komitənin iş planında da yoxdur. Mən bunu gələcəkdə müzakirə edilməli məsələ kimi gündəmə gətirdim. Orda mən bir məqama da toxundum - informasiya təhlükəsizliyi məsələsinə. Azərbaycanda belə qanun yoxdur. Milli Təhlükəsizlik Konsepsiyası var, orda bəzi məqamlara toxunulur, düzdür. İnformasiya təhlükəsizliyi məsələsinə “Dövlət sirri haqqında” və “Hərbi vəziyyət haqqında” qanunlarda da toxunulur. Ancaq bu məsələnin yenidən müzakirəsinə ehtiyac var. Bunun mənfi, müsbət tərəfləri araşdırılmalıdır. Müzakirədən qorxmaq lazım deyil.

Buna da bax:​ 'Facebook'da 10 layk bəsdir ki, sizin kimliyiniz müəyyənləşsin

– Amma siz dediyiniz “müzakirələr” son zamanlar sanki qanunlarda məhdudiyyətlərin artırılmasına daha çox yol açır...

– Mən elə deməzdim. “Dini radikalizmə qarşı mübarizə haqda” qanunu və başqa qanunları nəzərdə tutursunuzsa, razı deyiləm. Çünki dünyanın hər yerində bu var. Məsələn, Türkiyədə terror oldu, xəbər ancaq bir mənbədən verildi. Belə də olmalıdır, xəbər bir qaynaqdan, rəsmi qaynağa istinadla verilməlidir. Başqa ölkələrdə də belədir. Belə şey də hər gün olmur, nadir hallarda baş verir... Bir də, mənim dediyim sosial şəbəkələrə və ya bloqqerlərin fəaliyyətinə məhdudiyyətlərin gətirilməsi kimi anlaşılmamalıdır. Dediyim odur ki, hər şeydən yazmaq olar, ancaq bunun məsuliyyəti də olmalıdır.

XS
SM
MD
LG