Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:39

İsrailin BMT agentliyinə qadağası fələstinlilərdən ötrü 'fəlakətdən də pisdir'


İsrail əsgərləri Qəzza zolağında BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) evakuasiya edilmiş iqamətgahında gəzirlər.
İsrail əsgərləri Qəzza zolağında BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) evakuasiya edilmiş iqamətgahında gəzirlər.

Ekspertlər xəbərdar edirlər ki, İsrailin BMT-nin Fələstin qaçqınları üzrə agentliyinə (UNRWA) qoyduğu qadağa gerçəkləşərsə, Qəzza bölgəsində yardım əməliyyatlarını ciddi ölçüdə əngəlləyəcək.

İsrail parlamenti oktyabrın 28-də UNRWA-in İsraildə fəaliyyətini yasaqlayan qanun qəbul edib. Yeni qanun agentliyin işğal altındakı Qərb sahilində və Qəzzada agentliyin əməliyyatlarına son qoya bilər. İş burasındadır ki, hər iki ərazinin girişinə nəzarət İsrailin əlindədir.

Ekspertlərin fikrincə, İsrail qadağasının Qəzzada yaşayan və UNRWA-in yardım və xidmətlərindən son dərəcə asılı olan 2 milyondan çox fələstinliyə təsiri ağır olacaq. UNRWA ərazidə fəaliyyət göstərən ən böyük yardım qurumudur.

"Hər hansı humanitar fəaliyyətə ağır zərbə"

"Bu, Qəzza zolağında insanların həyatlarını xilas etməyə yönəlmiş hər hansı humanitar fəaliyyətə ağır zərbədir. Heç bir başqa agentlik, yaxud qurum UNRWA-i əvəzləyə bilməz", - 2003-2007-ci illərdə UNRWA-in Qərb Sahilindəki əməliyyatlarına rəhbərlik edən isveçli yardım işçisi Anders Fanqe belə deyir.

Fələstin rəsmiləri bildirirlər ki, İsrailin Qəzzada bir ildir sürən dağıdıcı savaşı on minlərlə mülki şəxsin həyatına son qoyub və anklavdakı infrastrukturun əksər hissəsini məhv edib. Çox sayda insanın sığınacaq, qida və tibbi yardıma ehtiyacı var.

İsrail UNRWA-i HƏMAS-la sövdələşməkdə suçlayır. Ancaq ekspertlər deyirlər ki, İsrailin bu addımı siyasidir və Yaxın Şərqdəki fələstinliləri qaçqın statusundan məhrum etmək məqsədi güdür.

1949-cu ildə yaradılan UNRWA BMT-nin ən iri agentliklərindən biridir. 30 mindən çox işçisi olan agentlik Qəzza, Qərb sahili, İordaniya, Suriya və Livanda yaşayan təxminən 6 milyon fələstinliyə xidmət göstərir.

AzadlıqRadiosunun əməkdaşı Əbubakar Siddikin məqaləsində deyilir ki, UNRWA ötən ilin oktyabrında İsrailin Qəzzaya hücumundan bəri ərazinin sakinlərini qida və tibbi yardımla təmin edib. Yüzlərlə məktəb müharibənin didərgin saldığı fələstinlilər üçün sığınacağa çevrilib.

Fanqe deyir ki, "İsrailin indi UNRWA-in fəaliyyətini yasaqlaması Qəzzada fələstinlilərin həyatını indən belə də dözülməz etmək üçündür".

İsrail çoxunu UNRWA-in işlətdiyi xəstəxana və məktəbləri hədəf aldığı və yüzlərlə yardım işçisini qətlə yetirdiyi üçün beynəlxalq aləmin qınağı ilə üzləşib.

Fələstinlilər UNRWA-in Qəzzadakı qərargahı qarşısında etiraz edirlər.
Fələstinlilər UNRWA-in Qəzzadakı qərargahı qarşısında etiraz edirlər.

İsrail illərdir UNRWA-ə qarşıdır

İsrailin agentliyə qarşı mövqeyi HƏMAS-ın 1200 israillinin ölümü ilə nəticələnən 7 oktyabr hücumundan bəri daha da güclənib.

O zamandan bəri İsrail UNRWA-in yüzlərlə əməkdaşının "terrorçu" təşkilatların üzvü olduğunu iddia edib, 16-yadək donor ölkənin agentliyi maliyyələşdirməsi müvəqqəti dayandırılıb.

Avqustda UNRWA özünün doqquz əməkdaşını HƏMAS-la bağlantılı olma ehtimalına görə işdən çıxarıb.

Vaşinqtonda yerləşən beyin mərkəzi - Yaxın Şərq İnstitutunun Fələstin və Fələstin-İsrail Münasibətləri proqramının direktoru Xalid Elqindi deyir ki, UNRWA əməkdaşlığa açıq və şəffaf olduğunu göstərmək üçün dəridən-qabıqdan çıxıb.

Elqindi deyir ki, İsrailin UNRWA-in fəaliyyətinə qoyduğu qadağa icra edilərsə, onun Qəzzadakı insanlara təsiri "fəlakətdən də betər" olacaq.

Onun sözlərinə görə, İsrailin UNRWA-i hədəf almasının gerçək səbəbi agentliyin fələstinlilərin qaçqınlığının rəmzi olmasıdır: "İsraillilərin çoxu bunu ekzistensial təhdid sayır".

Beynəlxalq hüquqa görə, fələstinli qaçqınlar və törəmələri hazırda İsrail ərazisi sayılan vətənlərinə geri dönmək hüququna sahibdirlər. Ancaq İsrail onların qayıtmasına icazə vermir və deyir ki, Fələstin qaçqınları yerləşdikləri ölkələrdə qaynayıb-qarışmalıdırlar. İsrail eyni zamanda UNRWA-in xidmətlərinin fələstinlilərin vətənlərinə qayıtmaqla bağlı ümidlərini yaşatdığını da iddia edir.

"İsrail bu qurumu niyə məhv etmək istəyir?"

"İsrail həyat qurtaran və Qəzzada heç bir alternativi olmayan bir qurumu niyə məhv etmək istəyir? Cavab İsrail hökumətinin ekstremist mahiyyətindədir", - Elqindi belə deyir.

Bir çox xarici hökumət və hüquq-müdafiə təşkilatı İsrailin UNRWA-in fəaliyyətinə qadağasını tənqid edib.

Norveç BMT Baş Assambleyasından xahiş edib ki, Beynəlxalq Cinayət Məhkəməsindən İsrailin BMT-nin fələstinlilərə yardım çatdırmasının qarşısını almaqla beynəlxalq hüququ pozub-pozmadığına dair qərar verməsini tələb etsin.

XS
SM
MD
LG