Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:35

BMT Qarabağda vəziyyəti necə qiymətləndirəcək?


BMT müşahidəçiləri (Foto arxiv)
BMT müşahidəçiləri (Foto arxiv)

Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyəti yoxlamalar aparmaq üçün oktyabrın 1-də Qarabağ bölgəsinə gəlib. Rəsmi məlumata görə, missiya artıq Laçın sərhəd-keçid məntəqəsi və Xankəndi şəhərində tədqiqatlar aparıb.

BMT missiyasının bu səfəri Azərbaycan hökumətinin dəvəti ilə həyata keçirilir.

"Missiya 10 gündən az olmamaqla..."

BMT-nin sözçüsü Stefan Dyujarrik sentyabrın 29-da bildirmişdi ki, nümayəndə heyəti yerdəki vəziyyəti qiymətləndirməyə və hər iki tərəfdə insanların humanitar ehtiyaclarını müəyyən etməyə çalışacaq: "Bəzi qarışıq siyasi məsələlər səbəbi ilə BMT 30 ildir bölgədə deyildi və belə bir ziyarət ilk dəfə təşkil olunacaq. Missiya təxminən 10 gündən az olmamaqla bölgədə fəaliyyət göstərəcək".

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Obyektiv qiymətləndirmə aparacaqsa..."

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlının "Turan"a bildirməsinə görə, Azərbaycan Qarabağda apardığı əməliyyatın ancaq hərbi obyektlərə qarşı olduğunu və mülki əhaliyə zərər vermədiyini sübut etmək üçün sözügedən missiyanı Qarabağa buraxıb: "Əgər o missiya, doğrudan da, obyektiv qiymətləndirmə aparacaqsa, onlar Azərbaycanın bu mövqeyinə müsbət yanaşmalıdırlar. Yəni, Azərbaycan öz sözünə sadiq qalaraq yalnız hərbi obyektləri vurub. Amma bütün dünyaya yayırlar ki, burada etnik təmizləmə gedir, dinc əhali öldürülüb. Missiya gedib görəcək ki, orada dinc əhaliyə heç bir zərər verilməyib və dinc əhali özü köçüb gedir, onları qovan yoxdur".

Deputatın fikrincə, BMT missiyasının Qarabağa səfərindən Azərbaycana heç bir zərər yoxdur: "Halbuki heç xeyrini da gözləmirəm, çünki BMT və başqa beynəlxalq təşkilatların təsir mexanizmi yoxdur, heç nəyə təsir edə bilmirlər. BMT-nin işğal edilən ərazilərin boşaldılması ilə bağlı dörd qətnaməsi var idi, ermənilər onları yerinə yetirmədilər. İndi erməni lobbisi nə qədər hay-küy salırsa salsın, Azərbaycan özü bu dörd qətnaməni yerinə yetirib".

A.Qasımlı
A.Qasımlı

"Hərbçilərin orada olmasını məqsədəuyğun saymaya bilərlər"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, bu, müvəqqəti bir missiyadır və, bəlkə də, səfəri bir həftə belə çəkməyəcək: "Bu missiyanın böyük ehtimal məqsədi o olacaq ki, Azərbaycan ordusunun vaxtilə erməni əhalisinin yaşadığı Qarabağ ərazisinə girib-girmədiyinə nəzarət etsinlər... Erməni əhalisi Qarabağdan gedib, amma sonra qayıda da bilər. Hərbi texnikanın, hərbçilərin orada olmasını məqsədəuyğun hesab etməyə bilərlər".

Politoloqun fikrincə, missiyanın ikinci məqsədi orada qalan erməni əhalisinin sayını müəyyənləşdirməkdir: "Erməni tərəfi deyir ki, oktyabrın 1-nə olan məlumata görə, 100 min 490 nəfər ərazini tərk edib. Yaxşı, bu qədər tərk edibsə, orada nə qədəri qalıb, ümumiyyətlə, qalıbmı? Bundan əlavə, oradakı keçmiş rejimin nümayəndələri ilə görüşüb onlardan müəyyən məlumat alacaqlar".

O qeyd edib ki, sonunda bir hesabat olacaq: "Amma ciddi bir şey gözləmirəm, çünki Azərbaycan əsgəri girib oradan kimisə qovmayıb, yaxud da döyə-döyə, öldürə-öldürə oradan çıxarmayıb. Bu faktlar yoxdur".

Minsk qrupunun keçmiş həmsədri: '90-cı illərdə azərbaycanlı köçü Ermənistanın nüfuzunu zədələmişdi'
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

Ermənistan Baş naziri Nikol Paşinyan ermənilərin Qarabağdan kütləvi köçünü "etnik təmizləmə", "deportasiya" adlandırıb. Qarabağdakı rejimin "ombudsmana"ı Qeqam Stepanyanın sözlərinə görə, oktyabrın 1-də Qarabağdan Gorisə qaçqınlarla dolu sonuncu avtobus çatıb.

Ancaq Azərbaycan Xarici İşlər Nazirliyi bundan əvvəl bildirib ki, ta əvvəldən region sakinlərini evlərində qalmağa, Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinə başlamağa çağırıblar.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini elan edib. Yerevan isə Qarabağda artıq onların hərbi qüvvələrinin olmadığını, regionda "irimiqyaslı təcavüz"ün baş verdiyini bəyan etmişdi. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.

Sentyabrın 28-də isə tanınmayan qurum özünü buraxdığını elan edib.

XS
SM
MD
LG