Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:33

Sofiya Ukraynaya ağır silahlar vermir


Sofiyada Ukraynaya silah göndərməyə dəstək aksiyası, aprel, 2022-ci il
Sofiyada Ukraynaya silah göndərməyə dəstək aksiyası, aprel, 2022-ci il

Sovet dövründən qalan böyük silah arsenalı və çiçəklənməkdə olan silah sənayesinə malik Bolqarıstan Ukraynanın əhəmiyyətli müttəfiqi ola bilərdi.

Ancaq 2 aprel seçkilərindən öncə parlamentin buraxılması (bu, son iki ildə beşinci dəfə baş verir) və siyasi qeyri-müəyyənlik fonunda müvəqqəti hökumət Kiyevə silah verməyə həvəsli deyil. Hazırkı prezident Rumen Radevsə Kremlə meylli olması ilə tanınır.

Keçmiş hərbi hava qüvvələri pilotu Radevin sərt mövqeyi dəyişməyib. Martın 21-də o, qarşıdakı bir il ərzində Ukraynaya 1 milyon artilleriya mərmisi verməyi planlaşdıran Avropa İttifaqı (Aİ) ölkələrinə qoşulmayacaqlarını bəyan edib.

Radevin qətiyyəti

"Bolqarıstan Ukraynaya mərmi təchizatına dair ümumi sifarişi dəstəkləmir və onun bir hissəsi deyil. Bizim ölkəmiz sülhün bərpası üçün Avropanın diplomatik səylərini dəstəkləyəcək”, – Radev deyib.

Radev əlavə edib ki, hazırkı müvəqqəti hökumət hakimiyyətdə olduğu müddətdə Bolqarıstan Ukraynaya döyüş təyyarələri, raket müdafiə sistemləri, yaxud tanklar verməyəcək.

Radev və müvəqqəti Müdafiə Naziri Dimitar Stoyanov bu yaxınlarda bəyan ediblər ki, ölkənin silah arsenalının bir hissəsinin, o cümlədən sovet dövründən qalma tank və qırıcı təyyarələrin, yaxud S-300 hava müdafiə sistemlərinin Ukraynaya ötürülməsi ölkənin özünün müdafiəsini zəiflədə bilər. Təhlilçilər bu iddiaya şübhə ilə yanaşırlar.

Vaşinqton Bolqarıstana sovet dövründən qalma avadanlığını Ukraynaya verməsi qarşılığında müasir sistemlər və ya pul təklif etmişdi. Ancaq görünür, Sofiya bu təklifə də qarşı çıxır. Slovakiya və Yunanıstan Vaşinqtonun təklifini qəbul edən iki NATO ölkəsidir.

MiG-29-ları Ukraynaya vermək qarşılığında...

Martın 22-də Slovakiyanın Müdafiə Naziri Yaroslav Nad bildirib ki, ABŞ istifadədən çıxarılmış MiG-29 döyüş təyyarələrini Ukraynaya verməsi müqabilində Bratislavaya 12 yeni Bell AH-1Z Viper helikopterini qiymətinin 2/3 hissəsinə satmağı vəd edib.

Bolqarıstanın müdafiə nazirinin keçmiş müavini Atanas Zapryanov deyir ki, Bolqarıstan öz silahlı qüvvələrini müasirləşdirməlidir. Onun sözlərinə görə, ölkə arsenalının çox hissəsi onsuz da istimardan çıxarılmalıdır. "Mənim sözümü yadınızda saxlayın, sizə təminat verirəm, beş il ərzində deyəcəklər ki, bu metal tullantısı lazımsızdır və onları atıb yenilərini almalıyıq”, – Zapryanov AzadlıqRadiosunun bolqar xidmətinə deyib.

Parlamentdə Ukraynaya hərbi yardıma qarşı mövqe əsasən Bolqarıstan Sosialist Partiyası (BSP) və ifrat sağçı Dirçəliş partiyasından gəlib. Hətta 2021-ci ilin dekabrından 2022-ci ilin iyulunadək hakimiyyətə olmuş Petkovun qərbyönlü hökuməti də öz koalisiya üzvləri ilə birlikdə bu etiraza üstün gələ bilməmişdi.

Yüngül silah və sursat göndəriləcək

2022-ci ilin mayında parlament yalnız Ukraynaya aid hərbi avadanlığın Bolqarıstandakı zavodlarda təmir edilməsinin lehinə səs verib. Hökumətin Kiyevə silah paketi göndərməsi təklifini isə rədd edib.

Ancaq 2022-ci ilin dekabrında qərbyönlü cinah Ukraynaya ilk silah paketi göndərilməsi üçün razılıq əldə etməyə nail olub. Ancaq bura ağır silahlar daxil deyildi. Buradakı silahların siyahısı gizli olsa da, hökumət rəsmiləri deyirlər ki, Sofiya əsasən yüngül silah və sursat göndərəcək.

O vaxtdan Bolqarıstanla, kremlyönlü baş nazir Viktor Orbanın hakimiyyətdə olduğu Macarıstan Aİ-də Ukraynaya ağır silahlarla hərbi yardım göstərilməsinə etiraz edən yeganə iki dövlətdir.

Ancaq pərdə arxasında Bolqarıstan daha çox iş görmüş ola bilər. Bu yaxınlarda Petkov deyib ki, Bolqarıstan Rusiyanın hücuma başladığı ilk aylarda Ukraynaya gizli şəkildə sursat və dizel yanacağı göndərib. Ötən ilin iyununda dövlətə məxsus “Kintex” silah və sursat ticarəti şirkətinin ozamankı direktoru Aleksander Mixaylov Bolqarıstanın Polşa vasitəsilə Ukraynaya 4200 ton silah göndərdiyini deyib.

Bu yardımlar son illərdə Bolqarıstandakı silah anbarlarında silsilə partlayışları qismən izah edə bilər.

Dönüş nöqtəsindən sonra

Ancaq Ukraynaya müxtəlif xarici yardımları izləyən Almaniyanın Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, Bolqarıstan Ukraynaya rəsmən dəbilqə, jilet, ilk yardım dəstləri, qış geyimi və çəkmə verib. Bu yardımlar 2022-ci ilin dekabrında parlamentin təklifi qəbul etməsindən öncə edilib.

Dekabr səsverməsi Sofiyanın mövqeyində dönüş nöqtəsi sayıla bilərdi. Ancaq parlamentin buraxılması və Radevin 2021-ci ilin noyabrında BSP-nin dəstəyi ilə ikinci prezidentlik müddətini qazanmasından sonra bunun baş verəcəyi ehtimalı azdır.

Bolqarıstan Avropada altıncı ən böyük silah sənayesinə malikdir. Ölkə sənayesi sovet dövrünə aid silah sistemlərinin istehsalı və yenilənməsi üzrə ixtisaslaşıb. 2021-ci ildə yerli silah istehsalı 1 milyard levdən (550 milyon dollar) çox gəlir gətirib. İstehsal olunan silahların çox hissəsi NATO ölkələri, Afrika və Asiya dövlətləri üçün nəzərdə tutulmuşdu.

2022-ci ilin noyabrında “Reuters” xəbər verirdi ki, Şərqi və Mərkəzi Avropanın silah zavodları Rusiya ordusuna qarşı yardıma dəstək olmaq üçün “soyuq müharibədən bəri görülməmiş sürətlə silah, sursat və digər hərbi təchizat malları buraxır”.

ABŞ-dan 682 milyon dollarlıq hərbi yardım

Yanvarın 6-da Vaşinqton “Ukraynaya hərbi avadanlığın verilməsini stimullaşdırmaq üçün avropalı tərəfdaş və müttəfiqlərə 682 milyon dollarlıq yeni hərbi yardım” ayırdığını elan edib.

Bolqarıstan bu yardımla köhnə silahlarının bir hissəsini Ukraynaya vermək müqabilində öz ordusunu modernləşdirə bilərdi. Bundan başqa, 2022-ci ilin oktyabrında Bolqarıstandakı ABŞ səfirliyi yalnız bu ölkəyə oxşar sxemlə 40 milyon dollara yaxın yardım olunacağını elan etmişdi.

2022-ci ilin dekabrında Bolqarıstanın Ukraynaya silah verməsi ilə bağlı danışıqlar üçün Sofiyaya gələn ABŞ nümayəndə heyəti bu ölkəyə Ukraynaya S-300 hava müdafiə sistemləri verməsi qarşılığında amerikan silah sistemləri təklif etmişdi.

Buna bənzər təklif 2022-ci il, martın 19-da Sofiyaya səfər edən ABŞ-ın Müdafiə Katibi Lloyd Ostin (Lloyd Austin) tərəfindən də səsləndirilib. Ancaq nəticəsi uğurlu olmayıb.

Bu səfər zamanı ABŞ rəsmilərinin Bolqarıstanı razı salmaq üçün 240 milyon dollarlıq stimul təklif etdiyi bildirilir. Bu məlumatı AzadlıqRadiosunun bolqar xidmətinə danışıqlardan xəbərdar mənbələr verib.

XS
SM
MD
LG