Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:46

'Bravo' bazar payını dörd dəfə artırmaq istəyir


Prezident İlham Əliyev "Bravo" marketlər şəbəkəsinin yeni hipermarketinin açılışında. 2018
Prezident İlham Əliyev "Bravo" marketlər şəbəkəsinin yeni hipermarketinin açılışında. 2018

"Bravo" marketlər şəbəkəsi Azərbaycanda ən böyük və əsas ticarət şəbəkələrindən biri sayılır. Şirkətin toplam 83 min kvadratmetr sahəsi olan 71 mağazası fəaliyyət göstərir. Üç il öncə - 2018-ci ildə şirkət cəmi yeddi mağazaya sahib idi. "Bravo" brendinin sahibi olan "Azərbaycan Supermarket" şirkətinin açıqladığı hesabatdan aydınlaşır ki, "Bravo" mağazalarının sayı kimi, gəlirlərində də ciddi artım yaşanıb. Əgər 2018-ci ildə şirkət 232 milyon manat gəlir əldə etmişdisə, 2019-cu ildə bu göstərici 402 milyon manata yüksəlib. Pandemiya ilində, yəni 2020-ci ildə şirkətin gəlirləri daha 111 milyon manat artaraq 513 milyon manata çatıb. Həmin müddətdə şirkətin aktivləri də təxminən iki dəfə artaraq 242 milyon manatdan 465 milyon manata yüksəlib. Bu il də şirkətin gəlir və aktivləri böyüyüb və ötən ilin eyni dövrü ilə müqayisədə "Bravo"nun aktivlərində təxminən 26 faiz, məhsul satışlarında 25 faiz, nağd və nağd vəsait ekvivalentlərində isə iki dəfəyə yaxın artım baş verib.

Ötən il yarım milyard manatdan çox gəlir əldə etsə də, şirkət ard-arda üç ildir ki, zərərlə işləyir. Belə ki, "Bravo"nun zərəri 2018-i ildə 44 milyon manata, 2019-cu ildə 42 milyon manata, 2020-ci ildə isə 47 milyon manata yaxın olub. Eyni dövrdə şirkətin borcları da artıb. 2018-ci ildə şirkətin öhdəlikləri 151 milyon manat olduğu halda, 2020-ci ildə bu rəqəm 379 milyon manata yüksəlib.

"Bravo" niyə zərər edir

Geniş filial şəbəkəsi və yarım milyard manatı aşan gəlirləri olsa da, şirkətin zərərlə işləməsi geniş müzakirələr doğurduğundan "Bravo" brendinin sahibi olan "Azərbaycan Supermarket" şirkəti əlavə açıqlama yayıb: ""Müasir qida pərakəndəliyi" sektorunda müsbət nəticələr və mənfəət əldə etmək üçün mağaza şəbəkəsinin genişləndirilməsinə və müəyyən zamana ehtiyac var. Hər hansı yeni mağaza 6-12 ay ərzində əməliyyat mənfəəti əldə etməyə başlayır və yalnız fəaliyyətə başladıqdan 18-24 ay sonra bu dövr ərzində yığılmış əməliyyat xərclərini tam ödəyir. Qoyulan investisiyanı tam şəkildə geri qaytarmaqsa mağazanın işə başladığı gündən etibarən təxminən 3-4 il çəkir. Beləliklə, şəbəkəni genişləndirmək və yeni marketlər açmaq üçün daimi investisiyalara ehtiyac olduğunu nəzərə almaq vacibdir".

Açıqlamada bu da bildirilir ki, "maliyyə zərərlərinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi ciddi təsir etmişdir. Bu təsir özünü təsisçilər tərəfindən, əslində, faizsiz verilmiş borclara faiz xərclərinin hesablanması, mağazaların icarə müqavilələrinin uzunmüddətli öhdəlik kimi tanınması şəklində göstərir. Bunlar biznes perspektivindən baxıldıqda real xərclər deyil. Hər iki dəyişiklik balans hesabatında xalis aktivlərin məbləğinə müsbət təsir göstərsə də, mənfəət və zərər haqqında hesabatda mənfi rəqəmlərlə əks olunur. Menecment uçotu və əməliyyatlar baxımından bu xərclər müəssisənin cari maliyyə vəziyyətini tam əks etdirmir".

"Bravo"nun sahibləri kimlərdir

Ölkədə bir çox iri şirkətlər kimi, "Bravo" mağazalar şəbəkəsinin də adı prezident ailəsi ilə bağlıdır. Şirkətin açıqladığı məlumatlara görə, "Azərbaycan Supermarket" MMC-nin üç payçısı var. Şirkətdə 25 faiz iştirak payı "İdeal Biznes Ko" MMC-yə, 25 faizlik iştirak payı "Yevro Standart" MMC-yə, 50 faizlik paysa Mir Cəlal Paşayevə məxsusdur. Qeyd edək ki, AzadlıqRadiosunun bir neçə il öncəki araşdırmasında məlum olmuşdu ki, ölkədə barəsində məlumatların gizli saxlanıldığı şirkətlərdən ikisi məhz "Bravo"nun səhmdarları olan "İdeal Biznes Ko" və "Yevro Standart"dır. Bu iki şirkət maliyyə sektorunda da təmsil olunur. Ölkənin iri banklarından sayılan "Xalqbank"ın da səhmlərinin 85 faizə yaxını məhz bu şirkətlərə məxsusdur. "Xalqbank"ın xarici şirkətlər tərəfindən həyata keçirilən audit hesabatlarında quruma prezidentin qızı Leyla Əliyevanın nəzarət etdiyi göstərilir. Hər iki şirkət Neftçilər prospekti, ev-153 ünvanında qeydiyyatdadır. Bura "Paşa Holdinq"in baş ofisi – "Port Baku Towers"dir.

Kiçik mağazaların bazar payı daha da azalacaq

"Bravo"nun açıqladığı rəqəmlər arasında ən çox diqqət çəkənlərdən biri də iri şəbəkə və xırda mağazaların bazar payı ilə bağlıdır. Şirkətin hesablamalarına görə, 2019-cu ildə Azərbaycanın qida və qeyri-qida sektorunda xırda mağazaların payı 69 faiz olub. Bazarın 31 faizi iri mağaza şəbəkələrinə məxsus olub ki, bunun da 2 faizi sırf "Bravo" mağazalarının payına düşüb. Şirkətin proqnozlarına görə, 2025-ci ilədək bazarda xırda mağazaların payı 16 faiz azalaraq 53 faizə enəcək. Həmin dövrdə iri şəbəkələrin payının 47 faiz olacağı proqnozlaşdırılır. Bunun da 8 faizinin "Bravo" mağazalarına məxsus olması hədəflənir.

Bazar payını dörd dəfə artırmaq istəyən şirkət, təbii ki, yeni investisiyaları da gözə almalıdır. Bu baxımdan, 2021 və 2022-ci illərdə strateji böyümə planına uyğun olaraq, "Bravo"nun investisiyalarının məbləği də açıqlanıb. "Bravo"nun bu illərdə nəzərdə tutulan bütün tikinti və yenidənqurma layihələri üzrə investisiyası 50 milyon 696 min manat olacaq. Bu xərcləri qarşılamaq üçün şirkətin istifadə edəcəyi metodlardan biri də istiqrazdır. Belə ki, "Bravo" supermarketlər şəbəkəsinin sahibi "Azərbaycan Supermarket" MMC 40 milyon manat həcmində istiqraz emissiya edəcək. İstiqrazlar, illik ödəniş dərəcəsi 10.5 faiz olmaqla, hərraca çıxarılacaq.

XS
SM
MD
LG