Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:31

'Bravo'ya silahlı hücuma görə ağır cəzalar kəsildi: bir nəfər ömürlük azadlıqdan məhrum edildi


"Bravo" işi üzrə məhkəmədə (Arxiv fotosu)
"Bravo" işi üzrə məhkəmədə (Arxiv fotosu)

Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketinə silahlı hücum - bir nəfərin ölümü, daha birinin isə yaralanmasıyla bağlı 10 ay davam edən məhkəmə iyulun 12-də yekunlaşıb.

Bu hadisəyə görə məhkəmə önünə çıxarılan 6 nəfərdən birinə - cinayəti törətməkdə ittiham olunan Dəyanət Qüdrətova ömürlük həbs cəzası verilib.

Cinayətin təşkilində ittiham olunan 3 nəfərdən Azər Məmmədovİbrahim İbrahimov 19 il, Səbuhi Qurbanov isə 18 il 6 ay azadlıqdan məhrum edilib.

Cinayəti törətməkdə ittiham edilən, saxlanılarkən öldürülən Ruhlan İsmayılovun atası Rövşən İsmayılov və daha bir qohumu Babək İsgəndərov da təqsirləndirilən şəxslər arasındadır.

Onlara qanunsuz silah əldə etməklə bağlı ittiham verilib. Hər ikisi həm istintaq, həm də məhkəmə dövründə azadlıqda idi. Lakin iyulun 12-də hökm oxunanda məhkəmə zalında həbs olunublar - Rövşən İsmayılova 4 il 11 ay 28 gün, Babək İsgəndərova isə 3 il 5 ay iş kəsilib.

Amma adları çəkilən şəxslərdən D.Qurbanov istisna olmaqla, digərləri özünü təqsirli bilmir, “Bravo”ya silahlı basqına aidiyyətləri olmadığını deyirlər.

Son söz üçün vaxt verilməyib

İyulun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökmdən öncə təqsirləndirilən şəxslərdən A.Məmmədov son söz üçün məhkəmədən vaxt istəyib. Deyib ki, çıxışa hazır deyil. Ancaq hakim Azad Məcidov ona vaxt verməyib.

A.Məmmədov özünü təqsirli bilmir. Onun sözlərinə görə, cinayəti törətməkdə ittiham olunan və saxlanılarkən öldürülən Ruhlanla bir müddət birlikdə işləyiblər. Cinayətdən xəbərsiz olduğunu deyən A.Məmmədovun sözlərinə görə, hadisə günü Ruhlan ona zəng eləyib, zəhərləndiyini bildirib və gəlib onu aparmasını istəyib:

"Mən də gedib, onu evindən götürüb, aparıb dediyi yerdə düşürmüşəm. Mən hardan bilim ki, bu, belə bir cinayət törədib".

O vurğulayıb ki, hadisədən sonra iş yerindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb, öncə cibinə narkotik atıb, bir neçə gün bu ittihamla idarədə saxlayıblar. Orada işgəncəyə məruz qaldığını deyən A.Məmmədovun sözlərinə görə, işgəncə nəticəsində bu cinayətlə bağlı etiraf ifadəsinə imza atmağa məcbur olub.

Digər təqsirləndirilən şəxslər də bəraət istəyiblər. Onlar bildiriblər ki, R.İsmayılovla tanış olublar. Hesab edirlər ki, bu səbəbdən də onları cinayətin təşkilində ittiham edirlər.

D. Qüdrətov isə R.İsmayılovla birlikdə hadisə yerində olduğunu təsdiqləsə də, heç kimi öldürmədiyini deyir. O, son sözündə məhkəmədən yüngül cəza verilməsini istəyib.

Xatırlatma

Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketində silahlı hücum 2023-cü il martın 4-də günorta saat 12.00 radələrində baş verib.

Nəticədə hipermarketin girişində bankomata pul yükləyən inkassator Rüfət Həşimov qətlə yetirilib, Samir Şaydayev isə yaralanıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda iddia olunur ki, cinayəti törətməkdə ittiham edilən Ruhlan İsmayılov axşam saat 21.00 radələrində olduğu evdə saxlanılanda polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Həmin evdə yaşayan İsmayıl Hacızadə də o gün həbs olunub. Ona qarşı isə narkotik ittihamı irəli sürülüb. O da Bakı Ağır Cinayətlər Məhkəməsində ayrıca mühakimə olunub və ona 3 il həbs cəzası kəsilib. İ.Hacızadə bildirib ki, narkotik ittihamı əsassızdır, heç vaxt istifadəçisi olmayıb.

Homoseksual olduğunu deyən İsmayılın sözlərinə görə, Ruhlanla öncədən münasibətləri vardı. Hadisə günü günortadan sonra onun evinə gəlmişdi:

“Mən hardan bilim ki, bu, belə bir hadisə törədib. Axşam qapı döyüldü, mən açdım. Qapını açan kimi də bilmədim ki, nə baş verir. Güllələr başımın üstündə uçurdu. Heç Ruhlanın da necə öldürüldüyünü görmədim. Məni də sürüyə-sürüyə apardılar...”

XS
SM
MD
LG