Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:47

Brink: 'Azərbaycan prezidentinin qrantlarla bağlı sərəncamı müsbət addımdır'


Bridget Brink
Bridget Brink

“Azərbaycanla əməkdaşlığın davam etdirilməsinə sadiq olduğumuzu bildirmək istəyirəm. ABŞ müstəqil, sabit və demokratik inkişaf edən Azərbaycanla birlikdə hərəkət etməyə davam edəcək”.

ABŞ dövlət katibinin Bakıda səfərdə olan Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridget Brink noyabrın 22-də keçirdiyi brifinqdə belə deyib.

Azərbaycanın ABŞ-dan ötrü çox mühüm tərəfdaş olduğunu ifadə edən Bridget Brink Bakıda olduğu zaman apardığı müzakirələr haqda bilgi verib.

Buna da bax:​ Prezident Bridget Brink-i qəbul edib

İkitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi

Səfəri zamanı prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşən B.Brink müxalif siyasi partiya təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri ilə də müzakirələr apardığını deyib. O, görüşlərinin səmərəli və konstruktiv keçdiyini ifadə edib.

Onun deməsinə görə, görüşlərdə ikitərəfli əlaqələri daha da inkişaf etdirməyin yolları müzakirə edilib.

“Görüşlərdə Azərbaycanla ABŞ arasında münasibətlər və bu əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Eyni zamanda, təhlükəsizlik, terrorizmə, transmilli cinayətkarlığa, korrupsiyaya qarşı mübarizə, iqtisadi əməkdaşlıq, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndiririk. Azərbaycanın iqtisadi planlarını, islahatları nəzərdən keçirdik. Bu addımların korrupsiyanın azaldılması və şəffaflığın təminində rolu vurğulandı”.

Buna da bax:​ Azərbaycan Qarabağ problemində ABŞ-ın səylərini artırmasını istəyir

İlqar Məmmədovla bağlı müzakirələr

“ABŞ təhlükəsizlik, iqtisadiyyat, energetika, insan hüquqları və demokratiya üzrə Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıdır”, deyən B.Brink görüşləri zamanı REAL Hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovla bağlı müzakirələrin olduğunu da qeyd edib. İstənilən demokratik cəmiyyətdə media və sərbəst toplaşma azadlığının, güclü vətəndaş cəmiyyətinin böyük əhəmiyyət kəsb etdiyini deyən B.Brink Azərbaycan prezidentinin imzaladığı xarici qrantlarla bağlı sərəncamını “müsbət addım” kimi qeyd edib.

Buna da bax:​ Bridget Brink Sivil Toplum-la da görüşüb

Dağlıq Qarabağ məsələsi

B.Brink Dağlıq Qarabağ münaqişənin tənzimlənməsi ilə bağlı da danışıb.

“Dağlıq Qarabağ məsələsinin hərbi yolla həlli yoxdur. ABŞ problemin kompleks həllinə nail olmaqdan ötrü Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə əməkdaşlığa hazırdır. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öhdəliklərimizə sadiqik. Bu öhdəliklərə Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş razılaşmalar istiqamətində davam etmək daxildir”, deyə o, bildirib.

Buna da bax: Münaqişənin tam həllini dəstəkləyirik -ABŞ rəsmisi

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini noyabrın 22-də prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycan müxalifətinin təmsilçiləri və Sivil Toplum Platformasının (STP) üzvləri ilə də görüşüb.

XS
SM
MD
LG