Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:12

‘Cahangir Hacıyev beş ildir ki, uşaqlarını nə görə bilir, nə də telefonla danışmağa qoyurlar’


Cahangir Hacıyev
Cahangir Hacıyev

“Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev beş ildir ki, övladlarıyla nə görüşüb, nə də telefonla danışa bilir”, - bu barədə AzadlıqRadiosu-na keçmiş bankirin bacısı Əminə Hacıyeva danışıb.

Fevralın 3-də Cahangir Hacıyevin 16 il 6 ay azadlıqdan məhrum edilməsi haqda hökmdən verdiyi apellyasiya şikayətinə baxılmalıydı. Amma məhkəmə olmadı. Çünki onun Qaradağ rayon Məhkəməsində də baxılası başqa bir ərizəsi var. O şikayətlə bağlı nəticə məlum olmasa, apellyasiya məhkəməsi qərar verə bilməz.

Əminə Hacıyeva
Əminə Hacıyeva

Əminə Hacıyeva deyir ki, 2015-ci ilin dekabrında qardaşı həbs olunandan bəri məhkəmə yollarında qalıblar.

Onun sözlərinə görə, Cahangir Hacıyevin haqqındakı cinayət işindən başqa da təzyiqlərlə üzləşiblər:

“Bizə yaradılan problemlərdən çıxış yolu kimi məhkəmələrə üz tutmuşuq. Hərçənd, məhkəmələr də ədalətli qərar çıxarmayıb, qanunu, ədaləti yox, verilən sifarişi əsas götürüblər. Sifariş də Ədliyyə Nazirliyinin rəhbərliyindən gəlir”.

Cəzasının yüngülləşdirilməsini istəyir

Cahangir Hacıyev Qaradağ rayon Məhkəməsinə ərizəsində haqqındakı birinci hökmün 2007-ci il oktyabrın 20-də Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğunlaşdırılmasını istəyib. Onun 15 il azadlıqdan məhrum edilməsi haqda birinci hökm sözügedən dəyişikliklərdən əvvəl çıxarılıb.

Qanuna görə, əgər dəyişikliklər şəxsin vəziyyətini yüngülləşdirirsə, bu halda, geriyə qüvvəsi var. Həmin hökmdə Cahangir Hacıyevin təqsirli bilindiyi maddələrdən bir neçəsinin (179.3.2 – külli miqdarda mənimsəmə; 308.2 - vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) sanksiyasındakı cəzalar yüngülləşdirilib.

“Ehtiyat edirəm ki, yenə də Ədliyyə Nazirliyinin rəhbərliyi bu işə ədalətli baxılmasının qarşısını alacaq. Bu cür göstərişlərin nəticəsidir ki, Cahangir Hacıyev 5 ildir övladlarını nə görə bilib, nə də onlarla telefonla danışmağa imkan verirlər. Onun telefon danışıqlarına 1 il yarımdır ki, qadağa qoyulub. Dörd ildir ki, şəxsən mən 2015-ci ildə vəfat etmiş anamızın mülkiyyətilə bağlı vərəsəlik hüququ əldə edə bilmirəm. Qanun şəxsin yeganə yaşayış yerinin müsadirəsini qadağan edir. Amma sifarişlə Cahangir Hacıyevin yaşadığı evi də müsadirə edirlər. Artıq qərar çıxarılıb” – Əminə Hacıyeva belə deyir.

Ədliyyə Nazirliyinin tabeliyində olan Penitensiar Xidmətdən isə Cahangir Hacıyevin telefon danışığı və görüş hüququnun sifarişlə məhdudlaşdırılması barədə deyilənlər təkzib olunub. Bu qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, telefon danışığı və görüş hüququ qanunla tənzimlənir:

“Qanunun bu tələbinə də ciddi riayət olunur. Kimliyindən, hansı əməli törətməsindən asılı olmayaraq, bu hüququ məhdudlaşdırılmır”.

Ədliyyə Nazirliyinin ünvanına səslənən digər ittihamlarla bağlı qurumdan açıqlama almaq mümkün olmayıb.

Xatırlatma

2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev mənimsəmə və vəzifəsindən sui-istifadə ittihamıyla 15 il həbs cəzası çəkirdi.

2019-cu ilin sentyabrında ona yenidən hökm oxunub. O bu dəfə əvvəlki cəzası da birləşdirilməklə, 16 il 6 ay azadlıqdan məhrum edilib.

Cahangir Hacıyev bu dəfə Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4.7 milyard manatlıq mənimsəmədə təqsirli bilinib. Amma o, özünü günahkar saymır və sifarişlə həbs olunduğunu iddia edir.

Keçmiş bankir ikinci cinayət işində daha 20 nəfərlə birlikdə mühakimə olunurdu. Onların arasında İ.Hidayətzadədən başqa, C.Hacıyevin dostu, sabiq deputat Dünyamin Xəlilov və onun işçiləri də vardı. D.Xəlilov işçilərinin adına şirkətlər yaradıb, Beynəlxalq Bankdan kredit götürüb mənimsəməkdə ittiham olunur.

14 il 6 ay həbs cəzası alan D.Xəlilov da özünü təqsirli bilmir. O deyir ki, götürülən kreditlərə müxtəlif müəssisələr yaradılıb. Həmin müəssisələr də sonradan əllərindən alınıb.

XS
SM
MD
LG