Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:38

Su və palçıqdan çörəyi çıxanlar...


Çəltik sahəsində iş gedir
Çəltik sahəsində iş gedir

Astara rayonu sakini Fərahim Tağıyev 20 ildən çoxdur çəltikçiliklə məşğul olur. Hər il 30 sotdan çox sahədə çəltik əkir. Deməsinə görə, əldə etdiyi məhsulla öz ailəsini dolandırır. Bu ildə də bir o qədər çəltik əkini nəzərdə tutub. Amma əkin gecikib.

"Sınanda işlərimiz qalır"

O, əkin sahəsində işləyən iki traktoru göstərib, onların köhnə olduğunu söyləyir: "Sınanda işlərimiz qalır. Texnika olmadığına görə indi torpağı sürürəm. Halbuki, şitil əkməli idim. Yeri traktor sürür, məhsulu kombayn yığır. Qalan işləri əl ilə görürük".

"Yeri şumlamaq, mala vurmaq,... xərcləri artıb"

F.Tağıyev deyir ki, düyünün satışında da problemlər var. Onun vurğulamasına görə, elə sahibkarlar var ki, məhsulun çoxu əlində qalıb: "Əkinə yararlı torpağımız azdır. Hər təsərrüfata 30-40 sot torpaq düşüb. Elələri var ki, icarəyə götürdüyü torpağı əkir. Xərcini çətinliklə çıxardırıq. Yeri şumlamaq, mala vurmaq, digər işlərin xərcləri artıb. Biz həm də mal-qara da saxlayırıq. Tək çəltikçiliklə dolanmaq çətindir".

Yaxınlıqda qadınlar çəltik əkir. Deyirlər ki, tez əkirlər ki, məhsulu tez yığsınlar. Onların sözlərinə görə, gecikəndə məhsul yığımı yağışa düşür və onda məhsul itkisi çox olur.

Başqa bir torpaq sahibi Namik Tağıyev də satışda problemlərin olduğunu söyləyir. N.Tağıyevin vurğulamasına görə, dövlət onlardan düyünü tədarük etsə, yaxşı olar: "Kömək olsa, bir az da genişləndirərik".

Traktorçu Hüseyn Həsənov
Traktorçu Hüseyn Həsənov

"Köhnə traktordur..."

Traktorçu Hüseyn Həsənov isə ehtiyat hissələrinə ehtiyac olduğunu dilə gətirir. Onun deməsinə görə, 50 ilin traktorçusudur. Traktoru isə icarəyə götürdüyünü qeyd edir: "Mühərrikin dəyişməsinə ehtiyac var. Hər dəfə təmirə dayananda 2-3 min manat pul xərcləyirəm. Mühərriki dəyişmək 1 min 800 manat xərc istəyir. Köhnə traktordur, ehtiyat hissələrini tapmaq olmur. Günlərlə traktor təmirə qalır".

Astara rayonu Artupa kənd sakini Mehman Quliyevin isə düyü dəyirmanı var. O da, deməsinə görə, çəltik əkini ilə məşğuldur. Amma M.Quliyev düyünün satışında problem görmür: "Anbarda düyü qalmayıb. İldə dəyirmandan 70-80 ton Artupa düyüsü satıram".

"XXI əsirdə yaşayırıq, amma yenə əl əməyidir"

Lakin onun fikrincə, ölkədə gedən bahalaşma çəltikçiliyin inkişafına mənfi təsir göstərir: "Yerin şumlanması yüz faiz bahalaşıb. Fəhlə günə 20-25 manata işləyir. Düyünün qiyməti də qalxır. Bizdə düyünün bir kiloqramı 4-5 manatadır. Hər kəs ala bilmir".

Qadınlar çəltik əkir
Qadınlar çəltik əkir

O, sahədə işləyən qadınların işini yüngülləşdirmək haqqında düşündüklərini söyləyir: "Mini texnikalar lazımdır ki, palçığın içində hərəkət edə bilsin, qadınlarımız əziyyətə düşməsin. Biz XXI əsirdə yaşayırıq, amma yenə əl əməyidir. Bir problemimiz də var - subsidiya ala bilmirik".

Rəsmi cavab

Astara Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov isə torpaq sahiblərinin qaldırdıqları problemlərlə bağlı bunları deyir: "Elektorun kənd təsərrüfatı portalı var. Biz ora giririk, subsidiya üçün verilən sənəd inteqrasiyadan gəlmirsə, qəbul edə bilmirik. Sahibkarın sənədi gəlməyəndə biz ona deyirik ki, get aydınlaşdır. Bəzən görürsən ki, icarə müqaviləsi olmadan, başqasının torpağını əkirlər. Bu da qanunauyğun deyil".

Onun deməsinə görə, çox vaxt əkilən yerlə sahibkarın əlindəki sənəd düz gəlmir: "Bizim marağımızdadır ki, torpağını əkib becərən adam subsidiya alsın".

Traktorçular iş başında
Traktorçular iş başında

E.Abbasovun vurğulamasına görə, kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrini tapmaq da çətin deyil. O qeyd edir ki, Masallıda, Cəlilabadda, Lənkəranda traktor hissələri satan yerlər var: "Azad bazar iqtisadiyyatıdır, həmin sahəni də bazar tənzimləyir. Bizim kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrini satan yerimiz yoxdur".

"Biz də təkliflərimizi vermişik"

Amma onun da deməsinə görə, düyünün satışında problemlər var. E.Abbasov vurğulayıb ki, məhsul tədarükü ilə bağlı məsələnin üstündə işləyirlər: "Biz də təkliflərimizi vermişik. Ötən il Astara rayonunda 240.6 hektarda çəltik əkilib, 998 ton çəltik tədarük olunub. Bu il 250 hektarda çəltik əkini nəzərdə tutulub. Artıq 58 hektarda çəltik əkini aparılıb...".

Əkinə hazırlıq gedir
Əkinə hazırlıq gedir

"Ailə müxtəlif xəstəliklər tapıb"

Adının çəkilməsini istəməyən bir kənd təsərrüfatı mütəxəssisinin fikrincə isə, çəltikçilikdə problemlər olduğu kimi qalır. Onun vurğulamasına görə, ölkənin tələbatını ödəmək üçün xaricdən düyü gətirilir: "İdxaldan asılıyıq. "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət proqramı" qəbul edilib. Dörd il keçib. Nə ediblər? Çəltikçilikdə əvvəlki kimi əl əməyi üstünlük təşkil edir. Çəltikçi iki ay su və palçığın içində işləyir. Bu da fəhlənin sağlamlığına mənfi təsir edir. Mən bir ailə tanıyıram, hər il bir hektarda düyü əkərdi".

Onun deməsinə görə, həmin ailə müxtəlif xəstəliklər tapıb: "Əkindən imtina etdilər. Mini texnikalar lazımdır. Məhsuldar toxum əldə etmək çətindir. Su, gübrə problemləri var...".

XS
SM
MD
LG