Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

AzadlıqRadiosu-nun prezidenti İranın sanksiya siyahısında


Ceymi Flay
Ceymi Flay

AzadAvropa/AzadlıqRadiosunun Prezidenti Ceymi Flay (Jamie Fly) 20-dən çox fərd və qurumla birlikdə İranın sanksiya siyahısına salınıb. İran bu addımı Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın Tehrana qarşı yeni tədbirlərinə qarşı atıb.

Xarici İşlər Nazirliyi fevralın 21-də yaydığı bəyanatda qeyd edir ki, siyahıya düşənlərin İrana girişi qadağan olunur, İrandakı əmlak və aktivləri müsadirəyə məruz qalır.

Nazirlərin, parlament üzvlərinin salındığı siyahı

Aİ və Britaniya bir gün öncə İranda ictimai etirazlara zorakı və ölümcül divan tutulmasında rolu olan məmur və qurumlara yeni sanksiyaları açıqlayıb.

Tehran İrandakı hadisələri işıqlandıran müstəqil jurnalistləri və informasiya mənbələrini də sıxışdırıb.

İranın sanksiya siyahısında Fransanın bərabərlik və sənaye məsələləri nazirləri, Almaniya parlamentinin üzvləri, eləcə də Avropa Parlamentinin Fransa və Belçikadan üzvləri var.

XİN siyahıya düşənlərin “terrorçu hərəkətləri qızışdırdığını və həvəsləndirdiyini” bildirib.

Tehran ötən il ölkədə başlanan etirazlara görə Qərb hökumətlərini ittiham edib. Etirazlara 22 yaşlı Məhsa Əmininin əxlaq polis tərəfindən saxlanandan sonra ölümü səbəb olub.

Ancaq İrandakı etirazlarda Qərbin roluna dair heç bir dəlil ortaya qoyulmayıb.

Aİ-nin sanksiya siyahısı

Nümayişlərin amansızlıqla yatırdılması nəticəsində azı 500 nəfər öldürülüb, minlərlə insan həbs olunub.

Aİ-nin fevralın 20-də açıqladığı sanksiya siyahısına isə 32 fərd və iki qurum salınıb. Onların sırasında İranın mədəniyyət və islami irşad, təhsil nazirləri, etirazçılara divan tutulmasını dəstəkləyən digər siyasətçilər var.

Dekabrda AzadlıqRadiosunun fars xidməti – Radio Fərda və Fransanın “Charlie Hebdo” satirik jurnalı Tehranın sanksiya siyahısına salınmışdı.

O zaman Flay bunu “hər bir avtoritara xas, həqiqətin absurd manipulyasiyası” adlandırmışdı.

Radio Fərda müxtəlif platformalarda radio proqramlarını sutka boyu yayır. Fərda-nın vebsaytı bu ölkədə ən populyar farsdilli xəbər və informasiya orqanlarından biridir.

XS
SM
MD
LG