Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:51

'Reuters': Azərbaycan kiçik adaların COP29-da iştirak xərcini çəkmək istəyir


Bakıda Heydər Əliyev Mərkəzi
Bakıda Heydər Əliyev Mərkəzi

Bu il COP29 BMT-nin iqlim sammitinə ev sahibliyi edəcək Azərbaycan hökuməti iqlim baxımından zəif durumda olan kiçik adaların tədbirdə iştirak xərclərini çəkməyi təklif edib. Bunu "Reuters" agentliyi COP29-un aparıcı rəsmisinə istinadla yazır.

Noyabrın 11-dən 22-dək keçiriləcək sammitdə ölkələr daha yoxsul ölkələrin iqlim dəyişikliyi ilə mübarizəsini maliyyələşdirmək üçün yeni hədəf təyin etməlidirlər. Bu məsələnin dəniz səviyyəsinin qalxması riski ilə üzləşən ada dövlətlərə birbaşa təsiri var.

Bakı təklif edib ki, inkişaf etməkdə olan hər bir kiçik ada dövlətdən dörd təmsilçinin COP29-da iştirakının bütün xərclərini ödəsin. Buraya səyahət, otel və digər xərclər daxildir. Məlumatı agentliyə adının çəkilməsini istəməyən aparıcı COP29 rəsmisi verib.

Rəsmi nə qədər vəsaitdən söhbət getdiyini açıqlamayıb. "Reuters" yazır ki, BMT-nin iqlim danışıqlarında 40-dək kiçik ada dövlət iştirak edir.

Bahalanan otellər

Son illər bəzi təmsilçilər BMT-nin illik iqlim sammitlərinə ev sahibliyi edən ölkələrdə otel qiymətlərinin getdikcə artmasından gileylənirdilər.

Qeyd edək ki, illər öncə beynəlxalq jurnalist araşdırması üzə çıxarmışdı ki, Bakıdakı "Four Seasons", "Marriott", "Hilton" kimi 10-dan çox məşhur otellər prezident ailəsinə birbaşa və ya dolayısı ilə bağlıdır.

Kiçik ada ölkələri qlobal iqlim danışıqlarında güclü səsə malikdirlər. Onlar daim hökumətlərdən iqlim dəyişikliyi ilə mübarizədə daha ambisiyalı tədbirlər tələb edirlər.

Ötən il Dubayda keçirilən COP28 sammitində ölkələr mədən yanacağından uzaqlaşmağa razılaşıblar. Kiçik ada ölkələri, Avropa İttifaqı və digərləri belə bir öhdəliyin qoyulmasına çalışırdı. Neft və qazla zəngin bəzi Körfəz ölkələri isə bu addıma qarşı çıxıb.

Ancaq COP29-un sahibi, neft-qaz hasilatçısı olan Azərbaycan hələ mədən yanacağı ilə bağlı ötənilki razılaşmanın necə icra olunacağı ilə bağlı planlarını təsdiqləməyib.

Hazırda Azərbaycanda elektrik enerjisi, əsasən, mədən yanacağından hasil olunur. Hökumətin külək və günəş enerjisi kimi bərpaolunan enerji mənbələrini genişləndirmək planları da var.

XS
SM
MD
LG