Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:47

Xaricdə yaşayan azərbaycanlılar da sosial yardım alacaq [müsahibə]


Azərbaycanın Çexiyadakı diasporası (arxiv fotosu)
Azərbaycanın Çexiyadakı diasporası (arxiv fotosu)

Xaricdə yaşayan azərbaycanlılar sosial yardım alacaqlar. Prezident İlham Əliyevin “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanuna dəyişikliklə bağlı fərmanında belə deyilir.

Prezident hökumətə göstəriş verib ki, 3 ay müddətində xaricdə yaşayan azərbaycanlılara sosial yardımın göstərilmə qaydası müəyyənləşdirilsin. Bu sosial yardımın Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə gerçəkləşdirilməsi nəzərdə tutulur.

Buna da bax:​ Azərbaycanı tərk edənlər niyə artır? (VİDEO)

Ünvanlı sosial yardımın budəfəki ünvanı: Xaricdə yaşayan azərbaycanlılar

Yardım necə olacaq? Buraya yaşayış, azuqə, təhsil xərcləri daxildirmi? Kimlərə şamil olunacaq? Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi bütün qaydalar bəlli olandan sonra detallı bilgi verəcəyini bildirir. Yəni 3 aydan sonra.

Miqrasiya məsələləri üzrə ekspert, hazırda Almaniyada yaşayan Əlövsət Əliyev AzadlıqRadiosu-na müsahibəsində bu addımı beynəlxalq qanunvericiliyə uyğun sayır, amma “əmma”lara da diqqət çəkir:

Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev
Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev

– Azərbaycan da, digər ölkələr kimi, xaricdə yaşayan vətəndaşının qeydinə qalmalıdır. Məsələn, Türkiyə vətəndaşı Almaniyada yaşasa da, təqaüdünü bu ölkədən alır, sosial ehtiyaclarını bu ölkə hesabına həll edir. Bu, hər yerdə belədir. Vətəndaşı harda yaşasa da, dövlət onun sosial problemlərinin həllinə yardım göstərməlidir.

Buna da bax: Xaricdə yaşayan azərbaycanlıların ölkəyə gəlməsi üçün yeni layihə

– Əlövsət bəy, son 25 ildə minlərcə adam müxtəlif ölkələrə mühacirət edib. Üstəlik, onların çoxunun əmək fəaliyyətinin bir dövrü Azərbaycanın payına düşüb. İndi “xaricdə yaşayan azərbaycanlı” dedikdə, kimlər nəzərdə tutulur?

– “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanuna dəyişikliklərdən sonra 1-ci maddə “xaricdə yaşayan azərbaycanlılar” anlayışının açmasını verir. Göstərilir ki, bu anlayışa hal-hazırda Azərbaycan Respublikasının vətəndaşı olan şəxslər və onların övladları, Azərbaycan SSR-in və Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər və onların övladları daxildir. Həmin maddədə, eyni zamanda o da vurğulanır ki, etnik, dil, mədəniyyət, tarixi ənənələrinə görə özünü azərbaycanlı sayan hər bir kəs “xaricdə yaşayan azərbaycanlı” sayılır. Yəni, bu qanun İrandakı 30 milyonluq azərbaycanlını (dəqiq və rəsmi rəqəm deyil – red.), Rusiya və Gürcüstanda, İraq və Türkiyədə, eləcə də dünyanın digər ölkələrində yaşayan bütün azərbaycanlıları əhatə edir.

Əlövsət Əliyev: 'Türkiyə vətəndaşı Almaniyada yaşasa da, təqaüdünü bu ölkədən alır
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00
Direct-ə keçid

– Belə çıxır ki, Azərbaycan dünyadakı bütün azərbaycanlıların sosial problemi ilə məşğul olacaq?

– Mən də onu demək istəyirəm ki, qanuna bu dəyişikliyin icrası məhz bu baxımdan real görünmür. Bəlkə də oyundur, adamların başını qatmağa yönəlib. Çünki qanun özlüyündə bu qədər geniş çevrəni əhatə edə bilməz. İndi Nazirlər Kabineti 3 ay ərzində sosial yardımın verilmə qaydalarını hazırlayacaq: ehtiyaclar müəyyən ediləcək və ehtiyacları olan insanların qeydiyyatı dəqiqləşdiriləcək. Ancaq bunu müəyyənləşdirmək üçün əvvəlcə xaricdə yaşayan azərbaycanlıların qeydiyyatı aparılmalıdır. Üç ay əvvəl bir araşdırma apardım. Avropa Birliyinin yalnız 4 ölkəsindəki Azərbaycan konsulluğunda qeydiyyatla bağlı məlumat yerləşdirilib. Başqa Azərbaycan səfirliklərinin konsulluqlarında Azərbaycan vətəndaşlarının qeydiyyatı aparılmır.

Buna da bax:​ Xaricdəki azərbaycanlılar beynəlxalq təşkilatlara üz tutdu

– Sosial yardım məsələsinin Diasporla İş üzrə Dövlət Komitəsinə tapşırılmasına necə baxırsınız?

– Bu sosial yardım məsələsini Diasporla İş üzrə Dövlət Komitəsi aparacaqsa, onda belə çıxır ki, onlarda bu işlə məşğul olacaq yeni ştatlar açılacaq, xaricdə yeni şəxslər işə götürüləcək. İqtisadi bataqlığa yuvarlanan Azərbaycanın indiki vaxtında belə xərclərə nə ehtiyac var? Xarici İşlər Nazirliyi var, onun səfirlikləri, konsulluqları var, bu işi elə onlara da tapşırmaq olardı. Məncə, bu işin Diasporla İş üzrə Dövlət Komitəsinə tapşırılması onu göstərir ki, xaricdəki diasporların maliyyələşdirilməsini qanuniləşdirmək üçün belə bir addım atılır. Onu da deyim ki, bu yeni təklifin icrasına nə qədər pul ayrılacağı, maliyyələşmənin mənbəyi bəlli deyil. Maliyyə qaynağı bilinməyən qanunun icrası real deyil. Bu, ölü qanun olacaq. Azərbaycan bəlkə də dünyada tək ölkədir ki, səfirliyində şəxsiyyət vəsiqəsi yenilənmir. Xaricdə yaşayan Azərbaycan vətəndaşı mütləq təyyarəyə minib Azərbaycana getməli, sənədini orda dəyişməlidir. Hökumət bir sənədə görə öz vətəndaşını xərcə salırsa, sosial problemini necə yoluna qoyacaq?

– Əlövsət bəy, dediniz ki, xaricdə yaşayan azərbaycanlıların qeydiyyat proseduru yoxdur. Ancaq bir müddət öncə müvafiq qanunvericiliyə belə bir dəyişiklik oldu ki, xaricdə yaşayan Azərbaycan vətəndaşı olduğu ölkədə mütləq Azərbaycanın səfirlik və ya konsulluğunda qeydiyyata düşməlidir. Bu dəyişiklik çoxdan olub və artıq işləməliydi...

– Ailə üzvlərim Almaniyada yaşayır. Qanuna bu dəyişiklikdən sonra onlar Azərbaycan səfirliyində qeydiyyata düşmək üçün elektron müraciət etdilər, ancaq alınmadı. Səfirlik tələb edir ki, pasportumuzu onlara göndərək. Mən öz pasportumu onlara niyə göndərməliyəm? Və ya yazıblar ki, foto-şəkil göndərin. Niyə foto şəklimi göndərməliyəm?

Buna da bax: Komitə xaricdə sosial yardım verə biləcək

– Sizcə, belə dəyişikliyə niyə məhz indi ehtiyac yaranıb?

– Bəlkə də ona görə ki Azərbaycan vətəndaşları gəlib səfirliklərdə qeydiyyatdan keçsinlər. Ancaq bunun stimullaşdırıcı olacağına inanmıram. Stimullaşdırıcı xətt o olardı ki, səfirliklər, konsulluqlar xaricdəki Azərbaycan vətəndaşlarının ölkə ilə bağlı sənədlərində yaranmış problemləri həll edəydilər. O zaman hər kəs gedib qeydiyyata düşər.

– Siz Azərbaycan vətəndaşlığını saxlamış şəxslərdən danışırsınız?

– Bəli, çünki bu qanun, sosial yardım göstərmə məsələsi bütün azərbaycanlı çevrəsini əhatə edə bilməz. Əminəm, qanunda dəyişiklik edib bu məsələni aydınlaşdıracaq və konkret göstərəcəklər ki, qanun Azərbaycan vətəndaşlığını saxlayanlara şamil ediləcək.

Buna da bax:​ Yaşayış minimumu da artır, ona ehtiyacı olanlar da

Hələlik, cavabını gözləyən suallar

Xaricdə yaşayan azərbaycanlıların qeydiyyatını diasporlar aparacaq, yoxsa Azərbaycanın xaricdəki diplomatik korpuslarının məlumat bazasından istifadə ediləcək? Bəzi ölkələrdə 2-3 Azərbaycan diasporu varsa, bu halda Komitə onlardan hansı ilə əməkdaşlıq edəcək? Nazirlər Kabineti 3 ay ərzində qaydaları hazırladıqdan sonra bəlkə bu və digər suallara cavab tapıldı.

XS
SM
MD
LG