Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:02

'Sağa dönüş': Donald Tramp və populist liderlərin yüksəlişi


Donald Tramp
Donald Tramp

ABŞ-da seçki günündən bir neçə gün öncə respublikaçıların namizədi Donald Tramp Viskonsindəki bir hava limanında çox sayda jurnalistin önündə narıncı-sarı təmizlikçi jileti geyinərək zibil maşınının üstünə dırmaşmışdı. Prezident Co Bayden Trampın dəstəkçilərini "zibil" adlandırmış, Tramp da zibil maşınına çıxmaqla bu yanlış davranışdan öz xeyrinə yararlanmağa çalışmışdı.

AzadlıqRadiosunun Vaşinqtonda fəaliyyət göstərən müxbiri Todd Prinsin qələmə aldığı məqalədə deyilir ki, Trampın bu siyasi şou ilə verdiyi mesaj yeni deyil. O, illər əvvəl ilk dəfə respublikaçıların namizədi olduğu zamandan bəri bu mesajı verir. Mesaj ondan ibarətdir ki, ölkənin siyasi elitası vətəndaşlara yuxarıdan aşağı baxır.

"Sən Amerika xalqına nifrət edirsənsə, prezident ola bilməzsən", - Tramp bir seçki yürüşündən az sonra Bayden və demokratların namizədi Kamala Harrisi nəzərdə tutaraq belə demişdi.

Tramp 2017-2021-ci illərdəki birinci prezidentliyi dönəmində ciddi cinayət ittihamlarına və iki dəfə impiçmentə məruz qalsa da, son prezident seçkilərində səs-küylü qələbə qazanması onun siyasi mesajlarının nə dərəcədə effektiv olduğunu bir daha ortaya qoyub.

"ABŞ-da işçi sinfinə mənsub insanlar gerçəkdən əziyyət çəkirlər"

Tramp işçi sinfin ticarət və immiqrasiya kimi məsələlərlə bağlı narazılığından yararlanaraq meynstrim (ortada olan əsas baxışlar nəzərdə tutulur -red.) partiya və ideologiyaları kənara itələyən populist və sağyönlü namizədlər dalğasının bir hissəsidir.

Macarıstan, Slovakiya, Fransa, Almaniya, Avstriya, Niderland və başqa Avropa ölkələrində sağ qanadı təmsil edən populist partiyalar ya hakimiyyətə gəlib, ya da son seçkilərdə güclü nəticələr göstərib. Beləcə, COVID-19 pandemiyasının populistlərin qələbə dalğasını bitirəcəyinə ümidlər də doğrulmayıb.

Qətər Corctaun Universitetinin professoru Qabor Şeyrinq AzadlıqRadiosuna müsahibəsində deyib ki, populizmin yüksəlişi on illər boyunca yetişən bir prosesdir: "ABŞ-da işçi sinfinə mənsub insanlar gerçəkdən əziyyət çəkirlər. Gerçək maaşlar durğunluq içində, ölüm sayı da artır. Almaniyada universitet diplomu olmayan işçilərin real maaşları onillərdir durğun vəziyyətdədir".

Viktor Orban və Donald Tramp
Viktor Orban və Donald Tramp

Şeyrinq deyir ki, Latın Amerikasının, Afrika və Yaxın Şərqin gəlişməkdə olan ölkələrindən kütləvi immiqrasiya bu siyasi alovun üstünə daha çox yanacaq töküb. Tramp kimi populistlər aşağı maaşlarda və iş yerlərinin itirilməsində immiqrantlarla rəqabəti günahlandırırlar.

Tramp Bayden administrasiyasının açıq sərhəd siyasətinə yönəltdiyi tənqidi öz namizədlik kampaniyasının mərkəzi nöqtəsinə çevirərək ABŞ-a qanunsuz gələnləri deportasiya edəcəyinə söz verib.

Sağa dönüş immiqrasiyadan qaynaqlanır?

"Donald Tramp bizim başqa dövlətlərdə gördüyümüz sağ qanada - daha mühafizəkar sağqanadlı hökumətə üz tutanlardandır. Məncə, bunun da xeyli hissəsi immiqrasiyadan qaynaqlanır", - Kortlenddəkı Nyu-York Dövlət Universitetində siyasi elmlərdən dərs deyən professor Robert Spitser AzadlıqRadiosuna belə deyib.

ABŞ-ın cənub sərhədindəki keşikçilər Bayden administrasiyası dövründə bu ilin avqustunadək 8 milyon toqquşma qeydə alıblar. Bu, rekorddur. Eyni zamanda, ötən il 400 minədək miqrantın Avropaya qanunsuz gəldiyi bildirilir. Bu, 2020-ci ilin (pandemiya dövrünün) rəqəmləri ilə müqayisədə, az qala, üç dəfə çoxdur.

İkinci Dünya müharibəsindən sonrakı dövrün çox hissəsində Qərbdəki mavi yaxalıqlı işçilər özlərini həmkarlar ittifaqlarına və sənaye sahələrində əməyin mühafizəsini dəstəkləyən liberal və mərkəz-solçu partiyalara yaxın hiss ediblər. Ancaq 1990-cı illərdən başlayaraq bu partiyaların çoxu qloballaşmanı dəstəkləyən eyforik axına qoşulub. Onlar qloballaşmanın hər kəsə daha çox rifah qazandıracağına inanırdılar.

İşçi sinfinin durumu özəlliklə 2008-2009-cu illərin maliyyə böhranından sonra pisləşsə də, meynstrim partiyalar onların problemlərinə baş qoşmadı. Bu da ABŞ-da Tramp və Macarıstanda Viktor Orban kimi populistlərə özünü xalqın gerçək təmsilçisi kimi göstərmək imkanı verdi.

"Meynstrim partiyaların öz seçicilərini təmsil edə bilməməsi, onların ehtiyaclarını dilə gətirməməsi və aydın siyasi çözümlər təklif etməyi bacarmaması populistlərin yüksəlişinə yol açır", - Stenford Universitetinin populizm trendini araşdıran tədqiqatçıları 2020-ci ildə dərc etdirdikləri hesabatda bu qənaətə gəliblər.

"Siz elitaya inanmayanda…"

Populistlərin fokuslandığı məsələlər fərqli ola bilsə də, onlar seçicilərə oxşar mesajlar verirlər: hakim elita korrupsiyaya məruz qalıb və adi vətəndaşı saymır.

Məhkəmələr, düzənləyici qurumlar və media da daxil, institutlara inanmamaq onların ortaq özəlliyidir. Tramp dəfələrlə meynstrim medianı "xalqın düşməni" adlandırıb. Orbansa macar mediasının əsas bölümünü partiya nəzarətinə götürüb.

Şeyrinqin fikrincə, elita və təsisatlara skeptik yanaşmaları onların COVID-19 böhranına effektiv müdaxiləsini əngəlləyib. Tramp və Braziliyanın populist prezidenti Jair Bolsonaru pandemiya ilə bağlı məsələləri də yanlış yönəltdiklərindən ikinci müddətə prezident seçilə bilməmişdilər. Onların məğlubiyyəti populist dalğasının bitməsinə ümidləri artırmışdı.

Populistlər eyni zamanda qaba və bayağı biçimdə danışaraq işçilərin güvənini qazanmaq üçün siyasi davranış, etiket normalarını pozurlar.

"Belə performans siqnallarına görə insanlar populistlər tərəfindən eşidilib-görüldüklərini hiss edirlər", - Şeyrinqin sözləridir. Onun fikrincə, meynstrim siyasətçilər adi insandan çox fərqli danışır və meynstrim siyasət yaxşı təhsil almış insanların sferasına çevrilib: "Siz elitaya inanmayanda belə sosio-mədəni toqquşma anlam qazanır və bütün populist pozvermə də o üzdən bu qədər işə yarayır".

XS
SM
MD
LG