Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:50

Koronavirus 15 milyonadək ölümə səbəb olub


Çin, 4 may, 2022-ci il
Çin, 4 may, 2022-ci il

“Görünən odur ki, pandemiya nəhəng sayda həyat itkisinə səbəb olub”

Koronavirus pandemiyası dünyada 15 milyonadək əlavə ölümə səbəb olub. Bu yeni hesablamanı Dünya Səhiyyə Təşkilatı (DST) aparıb. Göstəriciyə həm Covid-19-dan ölənlər, həm də böhranla əlaqəli digər səbəblərdən, məsələn, tibbi xidmətin çatışmazlığından vəfat edənlər daxildir.

DST əlavə ölümlər deyəndə “baş verən ölü sayı ilə daha öncəki illərin datasına əsasən, pandemiya olmasaydı baş verə biləcək ölü sayı arasındakı fərqi” nəzərdə tutur.

Ayıldıcı data

Qurumun baş direktoru Tedros Adhanom Gebreyesus bəyanatında deyib ki, “bu ayıldıcı data təkcə pandemiyanın təsirini göstərmir, eyni zamanda ölkələrin daha möhkəm səhiyyə sistemlərinə sərmayə qoymalı olduğunu” üzə çıxarır.

Pandemiyanın ilk iki ilində əlavə ölümlərin çoxu Cənub-şərqi Asiya, Avropa və Amerikalarda qeydə alınıb. Onların üçdə ikisi cəmi 10 ölkədə, o cümlədən ABŞ-da baş verib.

Birləşmiş Ştatlarda koronavirusdan ölüm 1 milyona yaxınlaşmaqdadır. Ancaq bu saya pandemiya dövründə səhiyyə sistemləri yükləndiyindən müalicə ala bilməyənlər daxil deyil.

“Digər yuxarı gəlirli ölkələr sırasında ABŞ-da ən pis əlavə ölüm göstəriciləri qeydə alınıb”, – Virciniya Kommonvels Universitetinin Tibb Məktəbində Cəmiyyət və Səhiyyə Mərkəzinin fəxri direktoru və aparıcı müşaviri, DST-nin hesabatının hazırlanmasına iştirak etməmiş Stiven H. Vulf deyib.

“Görünən odur ki, pandemiya nəhəng sayda həyat itkisinə səbəb olub”, – Vulf sözlərinə əlavə edib.

6 milyon 200 min

Əlavə ölümlərin 81 faizi ortagəlirli, 53 faizi isə aşağı-ortagəlirli ölkələrin payına düşüb. Yuxarı gəlirli ölkələr üzrə əlavə ölümlər 15 faiz, azgəlirli ölkələrdə isə 4 faiz olub.

Cons Hopkins Universitetinin hesablamasına görə, dünyada koronavirusdan indiyədək 6 milyon 200 mindən çox insan vəfat edib. Yoluxma sayı 500 milyondan artıqdır.

DST Hindistanda pandemiyanın 4.7 milyon ölümə səbəb olduğunu bildirir. Amma hökumətin göstərdiyi rəqəm bundan 10 dəfə azdır. Hindistanın Səhiyyə Nazirliyi bu hesabatı rədd edib, data yığımı sisteminin “statistik baxımdan qeyri-sağlam olduğunu, elmi baxımdan suallar yaratdığını” deyib.

Rəsmi təsdiqlənmiş ölü sayı ilə DST-nin hesablamasının fərqinə gəlincə, ekspertlər bunu bəzi yerlərdə testlərin olmaması, adamların heç virusa yoluxduğunu bilmədən ölməsi ilə əlaqələndirirlər. Bəzi ölkələr isə ölüm hallarını yaxından izləməyib. 85 ölkə Covid-dən ölümlərə dair statistikanı DST-yə verməyib.

Azərbaycanda indiyədək koronavirusdan 9 min 700-dən çox ölüm və 792 mindən çox yoluxma təsdiqlənib.

XS
SM
MD
LG