Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:52

Taliban qadınların Milli Parka girməsini yasaqlayıb 


“Qəzəb doğuran bu addım məntiqə və insanlığa sığmır” 

Əfqanıstanda büllur kimi mavi gölləri və yüksək qayaları görmək üçün hər il minlərlə ailə ölkənin ən məşhur milli parklarından olan Bənde Əmirə gəlir. Parkın yerləşdiyi Bamiyan əyalətində yaşayan gənc qadın Zəhra Qumbrinin ailəsidir də onlardan biridir. Di gəl, indən belə Qumbri daha ailəsi ilə həmin parka gedə bilməyəcək. Axı Taliban avqustun 26-da bütün qadınların Bənde Əmirə girişini yasaqlayıb. Bu addım ölkədə ciddi qınaq mövzusuna çevrilib.


"Bu həm məntiqsiz, həm də insanlığa sığmayan, qəddar davranışdır. Son iki ildə qadınlar bütün mədəni, iqtisadi və siyasi fəaliyyətlərdən uzaqlaşdırılıblar”, - Qumbri AzadlıqRadiosu-nun “Radio Azadi” xidmətinə belə deyib.


Bu qadağa əfqan qadınlarını ictimai həyatdan silmək baxımından ən yeni addım kimi dəyərləndirilir. Taliban, 2021-ci ildə hakimiyyəti ələ keçirəndən bəri, qadnların təhsil almasını və çalışmasını yasaqlayıb, onların davranış azadlığına və zahiri görünüşünə ciddi məhdudiyyətlər qoyub.


“Biz, demək olar, ev dustağıyıq. Onlar əfqan qadınlarına qadağaları tədricən daha da artırıb sərtləşdirirlər. Beləcə, bizi diri-diri basdırırlar”, - yenə xanım Qumbrinin sözləridir.

Əxlaqın təbliği və əxlaqsızlığın qarşısının alınması üzrə Taliban naziri Mohəmməd Xalid Hənəfi Bənde Əmirə gələn qadınların hicabı düzgün taxmadığını iddia edib. Onun bu iddiasından az sonra sözügedən qadağa qüvvəyə minib.


“Gəzməyə getmək qadınlara məcburiyyət deyil”. Bunu söyləyən Hənəfi Taliban yaraqlılarına qadınların parka girişinə imkan verməməyi əmr edib.


Bamiyanda yaşayan qadınlardan Gul Bəxt Nejati deyir ki, Taliban yaraqlıları bəzi qadınları elə qadağanın açıqlanmasından öncə də Bənde Əmirə buraxmırdılar: “Ora gedən hər kəsi sorğu-suala tuturdular. Ərinlə getsəydin, evlilik şəhadətnaməsini də aparmalıydın, axı Taliban səni sorğu-suala tutacaqdı”.


Əfqan qadın haqları fəalı Taranum Səidi deyir ki, qadınların hicab tələblərini pozmasına dair Talibanın iddiası, əslində, onların ictimai yerlərə çıxışını daha da azaltmaq üçün bəhanədir.


Son bir ildə Taliban qadınlara idman zallarına, ictimai hamamlara və şəhər parklarına getməyi də yasaqlayıb.

"Əfqan qadınları həmişə hicab taxıblar, ancaq Taliban mizoginist (qadın düşmənliyi (mizogini), qadınlara duyulan soyuqluq, antipatiya və ya aşırı düşmənlik anlamındadır. İngiliscədəki "misogyny" anlayışı yunancadakı qadın (gyne) sözündən götürülüb – red.) və zülmkar qrupdur”, - “Radio Azadi”yə xanım Səidinin dediyi sözlərdir.

Talibanın bu qadağası Əfqanıstanın başlıca turist məkanı sayılan Bənde Əmirə gələn ziyarətçi sayını kəskin azaldacaq. Turizmdən asılı yerli biznes adamları indən belə dolanışıqlarının pisləşəcəyindən qorxurlar.


“Bundan sonra dükanlarımızı bağlamalı olacağıq”, - milli parkdakı 6 göldən birinin yaxınlığında dükan işlədən, adının çəkilməsini istəməyən bir qadın belə deyib.


Bənde Əmir 2009-cu ildə Əfqanıstanın ilk rəsmi milli parkı olub. Dörd il sonra parkda 4 qadın meşəbəyi çalışmağa başlayıb. Bu da Əfqanıstan üçün bir ilk idi. Talibanın hakimiyyəti ələ keçirməsinədək milli parkı ziyarət edən yerli turistlərin sayı sürəkli artırdı.


"Bu, olsa-olsa, zülmkarlıqdır. Bu, mədəniyyətimizə və insani dəyərlərimizə xəyanətdir”, - əfqan yazıçı və qadın haqları fəalı Hoqai Amilin AzadlıqRadiosu-na dediyi sözlərdir.

XS
SM
MD
LG