Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:43

Aysel Novruzda atası ilə yumurta döyüşdürmək istəyir...


İlqar Məmmədovun qızı Aysel. 22dek2016
İlqar Məmmədovun qızı Aysel. 22dek2016

Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalanacağı gözlənir. Əfvə kimlər düşəcək, kimlər sevinəcək? İndi bu suala heç kim dəqiq cavab verə bilmir, hamı çiynini çəkir, elə əfv müraciətlərini araşdıran dövlət komissiyasının üzvləri də.

“Silah, narkotik alveriylə məşğul olanlar əfvə düşmürlər”.

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Mehdi Mehdiyev AzadlıqRadiosu-na deyir ki, onlara 800-dən çox məhbus müraciət edib. Bu müraciətlərdən 400-dən çoxuna baxılıb, 200-dən çoxuna isə müsbət cavab verilib:

Əfv Məsələləri Komissiyasının üzvü Mehdi Mehdiyev
Əfv Məsələləri Komissiyasının üzvü Mehdi Mehdiyev

– Daxil olan müraciətlərin hamısına baxılana qədər komissiya işini davam etdirəcək.

– Baxmadığınız, kənara qoyduğunuz müraciətlər varmı?

– Sənədlər qaydasındadırsa, daxil olan müraciətin hamısına mütləq şəkildə baxılır. O başqa məsələ ki, baxılan hər müraciətə müsbət cavab verilmir. Hələlik, 200-dən çox müraciətə müsbət cavab verilib, amma hələlik, araşdırma davam edir. Eləsi var, təsadüfən və ya bir dəfə cinayət törədib, indi də peşmançılıq çəkir, eləsi var qatı cinayətkardır, 5-6 dəfə eyni cinayəti törədib, bu cür insanların müraciətinə rədd cavabı verilir. Silah alveriylə, narkotik alveriylə məşğul olanlar əfvə düşmürlər. Amma təsadüfən cinayət törədənlərin, cəmiyyətə inteqrasiya edəcəyinə, düzgün nəticələr çıxaracağına, təkrar cinayət törətməyəcəyinə inandığımız adamların əfvə salınmasına çalışırıq.

Buna da bax:​ Əfv komissiyası daha 100-dən çox müraciəti araşdırıb

– Siyasi məhbusların adından müraciətlər də daxil olubmu komissiyaya?

– Hələlik, müraciətlərə baxılır, onların hansı maddələrlə həbs edildiyi araşdırılır. Onlar hamısı cinayət törədən insanlardır. Yəqin, siyasi məhbusların da müraciəti varsa, onlara baxılacaq. Hələlik, iş davam edir.

– Tutalım, həbsdəki gənc fəallarla, müxalifətçilərlə bağlı müraciətlər gəlməyib?

– Hələlik, yox. Bəlkə də var, rastımıza çıxmayıb. 800-dən çox müraciət daxil olub. Novruza qədər işimizi yekunlaşdıracağıq. İnşallah, cənab prezident də komissiyanın rəylərinə müsbət yanaşacaq.

“Ana ürəyini o qədər yanıldıblar ki...”

Əfv komissiyası araşdırmasında olsun, görək bayram ərəfəsində məhbus ailələrinin gözləntiləri nədir.

Buna da bax: Məhbus ailələrinin puça çıxan bayram ümidləri

İlkin Rüstəmzadənin anası.
İlkin Rüstəmzadənin anası.

“Ana ürəyi nə desin? Son illər o qədər ana ürəyini yanıldıblar ki, artıq heç nə demir”. NİDA-çı fəal İlkin Rüstəmzadənin anası Atlas Rüstəmzadə yarıciddi, yarızarafat “Oğlunuzun adının əfv siyahısına düşəcəyini gözləyirsinizmi” sualına cavabda belə deyir. Səsi həmişəki kimi şuxdur. Həm də həyəcanlı... Əfv sərəncamında oğlunun adının çıxacağına, az da olsa, ümid etdiyini söyləyir. Amma onu da deyir ki, hər dəfə sərəncamı gözləyib, sonra xəyal qırıqlığına uğramaqdan yorulub, ona görə də bu dəfə özünü daha tox tutmağa çalışır. Sadəcə, bir ana olaraq bayram hazırlığını görür. Oğlu bu bayramı yenə dörd divar arasında, onlarsız keçirəcək, ya onlarla eyni süfrə başında? Bu sualın cavabı haqda düşünməməyə çalışır, dediyinə görə.

"Uşaq da yorulub gözləməkdən"

“Ümidimiz yoxdur... Düzdür, ümid hər zaman olmalıdır. Amma çox azdır ümidimiz, çox az, yox dərəcəsindədir...” İsmayıllı hadisələrinə görə həbs edilən REAL Hərəkatının sədri İlqar Məmmədovun xanımı Vəfa Məmmədova belə söyləyir. “İlqar dörd ildir həbs edilib, hər dəfə əfv sərəncamı ilə bir neçə məhbus azadlığa buraxılıb, amma İlqar içəridə qalıb. Ona görə bu dəfə böyük ümidim yoxdur ki, adı siyahıya düşəcək”.

Buna da bax:​ Hakimiyyətə 'İlqar Məmmədovu azad et' çağırışı

“Mən artıq yolkamı qurmaq istəyirəm” demişdi Aysel, İlqar Məmmədovun qızı yeni il bayramı ərəfəsində. Bunu AzadlıqRadiosu-na anası danışmışdı: “Bizdə bir adət vardı, həmişə yeni il ərəfəsində Aysel atasıyla yolka qurardı. İlqar tutulandan biz yolka bəzəmirik. Aysel belə istəyir. Amma bu il çox istəyir ki, atası azadlığa çıxsın. Tez-tez mənə ‘Ana, mən artıq yolkamı qurmaq istəyirəm’ deyir”.

Aysel yolkasını atasıyla qura bilmədi, amma yəqin ki, Novruz süfrəsində atası ilə boyanmış yumurtaları döyüşdürməyə, gizli də olsa, ümid edir.

Vəfa Məmmədova deyir ki, qızının da ümidləri artıq öləziməyə başlayıb: “Onun yanında bu haqda danışanda deyir ki, danışmayın. Hiss edirəm ki, artıq uşaq da yorulub gözləməkdən...

Təbii, ümidim var ki, İlqar əfv sərəncamı ilə olmasa da, azadlığa çıxacaq, Avropa Məhkəməsinin qərarı ilə də olsa, azadlığına qovuşacaq”.

Buna da bax: ABŞ-in insan haqları hesabatında Azərbaycanda 'butulka işgəncələri'ndən bəhs edilir

Murad Ədilovun uşaqları.
Murad Ədilovun uşaqları.

“Bəlkə əfv oldu, özü gəldi...”

AXCP fəalı, narkotik satışında ittiham olunaraq 6 il azadlıqdan məhrum edilmiş Murad Ədilovun anası Tahirə müəllimə isə yol gözləyir. O deyir ki, martın 9-da oğluna qohumlardan sovqat göndərsə də, özü getməyib. “Deyirəm, bəlkə əfv oldu, özü gəldi. Ona görə getmədim. Böyük ümidlə gözləyirəm. Tək mən yox, üç övladı da yol gözləyirik” söyləyir.

Yol gözləyənsə tək Murad Ədilovun, İlkin Rüstəmzadənin anaları, İlqar Məmmədovun yoldaşı-qızı deyil, bəzi hüquq müdafiəçilərinin siyahısına görə, ölkədə 100-dək, bəzilərinin siyahısına görə 160 siyasi məhbus var. Amma hakimiyyət təmsilçiləri “siyasi məhbus” anlayışını qəbul etmir, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini deyir.

Buna da bax:​ "Ata, səni buraxsalar, öz qoyunumu kəsəcəm"

Hüquq müdafiəçiləri isə Əfv Məsələləri Komissiyasına 27 nəfərin adını verib. Bu haqda Arzu Abdullayeva danışmışdı bir qədər öncə AzadlıqRadiosu-na: “Əlbəttə, gözləntilərimiz böyükdür. Əlbəttə, biz istərdik dostlarımız, günahsız adamlar həbsdən çıxsın. İlqar Məmmədovun, Seymur Həzinin, NİDA-çı uşaqların, Qiyas İbrahimovun, Bayram Məmmədovun, Əli İnsanovun azadlığa çıxmasını istəyirik. Ümumiyyətlə, siyasi məhbusların, vicdan məhbuslarının, günahsız həbs edilənlərin çıxmasını istəyirik”.

XS
SM
MD
LG