Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:42

Rusiyanın hələ çoxmu gücü qalıb? Ekspert cavab verir


Rusiyayönlü qüvvələr Mariupolda
Rusiyayönlü qüvvələr Mariupolda

Müxtəlif ekspertlər Ukraynanın şərqindəki döyüşlərdə tərəflərin qüvvələrini fərqli qiymətləndirirlər

Ukrayna hökuməti Rusiyanın ölkənin şərqində çoxdan gözlənilən böyük hücuma keçdiyini bildirib.

Amma bir sıra hərbi ekspertlər hesab edirlər ki, bu hələ genişmiqyaslı hücum deyil və əsl həmləyə hazırlıqdır.

Pentaqonun sözçüsü Con Körbi də bu qənaətdədir ki, Rusiya daha miqyaslı hücum üçün hazırlıq görür.

Analitiklərin fikrincə, Rusiya komandanlığının məqsədlərindən biri də Ukrayna qüvvələrini Xarkov və başqa şəhərlərin müdafiəsində saxlamaqla, onların şərqə yönləndirilməsinin qarşısını almaqdır.

Amma Arlinqtondakı CNA İnstitutunun Rusiya tədqiqatları şöbəsinin direktoru Maykl Kofman hesab edir ki, Rusiya qoşunları qüvvədən salınıb və növbəti hücum gözlənildiyindən daha zəifdir.

“Rusiya qüvvələrinin yarısını itirib”

Current Time saytına müsahibə verən hərbi ekspert Mixail Samus da bu qənaətdədir ki, Donbas uğrunda hücum artıq bir neçə gündür başlanıb:

“Hərçənd Qərb ekspertləri nədənsə gözləyirlər ki, Rusiya hücum əməliyyatını II Dünya Müharibəsi stilində aparmalıdır. Mən düşünürəm ki, bu hücumun xarakteri fərqli olacaq, çünki Rusiyanın Kursk döyüşü və ya II Dünya Müharibəsinin başqa döyüşləri stilində hücum etmək üçün sadəcə olaraq ehtiyatları qalmayıb. Bununla belə, Rusiya Ukrayna qoşunlarının müqavimətini qırmaq üçün ehtiyatları ikinci eşelonla gətirəcək və cinahlardan hücumu inkişaf etdirəcək. Bu, müdafiəni məhz əldə olan qüvvələrlə yarmaq cəhdidir. Mən bu cəhdin uğurla nəticələnəcəyindən əmin deyiləm”.

Samus Rusiya qüvvələrini kəmiyyətcə də qiymətləndirməyə çalışıb. O deyib ki, müxtəlif dəyərləndirmələrə görə Rusiya hazırda 24 fevralda malik olduğu qruplaşmanın təqribən yarısına malikdir:

“Belə çıxır ki, birinci fazanın döyüşlərində Rusiya faktiki olaraq qüvvələrinin yarısını itirib və Ukraynanın şimalından qaçandan bəri, çox vaxt keçməsinə baxmayaraq qüvvələrini bərpa edə bilməyib. Halbuki yenidən qruplaşmaq və yeni şəxsi heyət yığmaq, texnikanı bərpa etmək və yeni hücuma keçmək üçün vaxt vardı”.

Balans dəyişib

Ekspertin fikrincə Rusiyanın qalan qüvvələri əsasən iki qruplaşmaya ayrılıb. Bunlardan biri cənubdan, digəri isə şimaldan müdafiəni yarmağa çalışacaq:

“Düşünürəm ki, Rusiyanın uğur şansı sadəcə olaraq yoxdur. Məndə belə təəssürat yaranıb ki, əməliyyata generallar yox, DTK zabiti Putin rəhbərlik edir. Yadınızdadırsa, bu müharibədən əvvəl təqaüddə olan generallar bu əməliyyatı keçirməməyə çağırır, bunun Rusiya ordusu üçün fəlakətlə nəticələnəcəyini deyirdilər. Amma Putin qulaq asmadı. Odur ki, prinsipcə bu hücumun da nəticəsi birinci fazadakı kimi olacaq”.

Müxbir: Lakin Amerika təhlilçiləri deyirlər ki, Ukraynanın ehtiyatları, Rusiyanın ehtiyatlarından da azdır.

Samus bu arqumentə belə cavab verib:

“Təbii ki, xəritəyə və statistikaya baxsanız, Ukrayna Rusiyadan kiçikdir. Ukrayna ordusu da Rusiya ordusundan xeyli azsaylıdır. Statistikaya görə Rusiyanın on minlərlə tank və zirehli texnikası, yüzlərlə təyyarəsi var. Ukraynada isə yüzlərlə təyyarə yoxdur. Bu mənada, bəli, sırf statistik mənada Rusiyanın ehtiyatları daha böyükdür. Amma axı bu ehtiyatlar fevralda bundan da çox idi. Yəni bu mənada fevraldakı və indiki qüvvələr nisbətini müqayisə etsək, bu nisbət Ukraynanın xeyrinə dəyişib”.

Lap Donbası tutsalar da

Ekspertin firkincə bu balansın dəyişməsində Rusiyanın böyük itkilər verməsi və Qərb müttəfiqlərinin Ukraynaya dəstəyinin artması xüsusi rol oynayıb:

“Məsələ burasındadır ki, Rusiyanın kəşfiyyatla keçirdiyi döyüşlərdə Ukrayna bəzi texnika karvanlarını məhv edib. Bu məhv edilən texnikanın arasında Düşənbədə yerləşən 201-ci bazaya aid olanlar da vardı. Rusiya harda nəyi varsa çəkib gətirməyə, döyüşə hazır hissələr təşkil etməyə çalışır”.

Ekspert deyir ki, müharibədən əvvəl səfərbərliyin keçirilməsinə Putin razı olmayıb, indi isə belə bir səfərbərlik üçün vaxt qalmayıb.

Samus deyib ki, əgər Rusiya qüvvələri hər halda Donbası tam zəbt edə bilsələr, Odessa və Dnestryanı mühasirəyə alınsa, onların “Novorossiya” adlandırdıqları ərazi alınacaq:

“Putin bu nəticəni hətta qəbul də edə bilər. Bu onun üçün əməliyyatın məqbul nəticəsi sayıla bilər. Çünki onun bütün hallarda Kiyev üçün gücü qalmayıb. Amma düşünürəm ki, iş bu mərhələyə gəlib çatmayacaq. Onlar artıq bir aydır ki, İzyumdan bir neçə kilometr irəliləməyə çalışırlar, amma heç nə alınmır. Bu səbəbdən də heç bir mühasirə, Ukrayna Silahlı Qüvvələri üzərində strateji qələbə olmayacaq”.

XS
SM
MD
LG