Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:52

Serbiyada Heydər Əliyevin heykəli olan park necə salınıb?


 Belqradın "Taşmaydan" parkında Heydər Əliyevin heykəli
Belqradın "Taşmaydan" parkında Heydər Əliyevin heykəli

Həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənova qarşı ittihamlardan biri budur ki, işlədiyi ölkələrdə səfirlik üçün bina alınanda büdcədən ayrılan pulun bir hissəsini mənimsəyib. Məsələn, Serbiyada səfirlik üçün yer alınmasına 3 milyon avrodan çox vəsait ayrılıb, amma alqı-satqı müqaviləsində binanın 1 milyon 350 min avroya alındığı yazılıb. Həsənov Serbiyada səfir işlədiyi dövrdə onun müşaviri olmuş Qabil Köçərli bu məsələ ilə əlaqədar sentyabrın 28-də məhkəmədə dindirilib. Müqavilədə onun imzası var.

"Onların heç bir işinə biz qarışa bilməzdik"

Köçərli bildirib ki, səfirlik üçün hansı binanı və neçəyə almaq məsələsini Xarici İşlər Nazirliyinin yaratdığı komissiya həll edirdi. Xarici işlər nazirinin müavini Vaqif Sadıqovun sədrlik etdiyi komissiyaya nazirliyin İşlər İdarəsinin sabiq müdiri Fərhad Mollazadə, (XİN-dən) Rüfət Ağazadə və Dövlət Əmlak Komitəsindən bir nəfər daxil idi: "Komissiya gəldi, əmlak şirkətinin təklif etdiyi yerlərə baxdı, birini seçdi. Onların heç bir işinə biz qarışa bilməzdik. Onlar bəyənəndən sonra mən səfirliyin nümayəndəsi kimi yerinə baxdım. Binanın qiyməti və s. məsələlərə də biz müdaxilə etməmişik. Komissiya qərar verib, biz ancaq notariusa gedib imzalamışıq".

Ayrılan vəsaitlə alqı-satqı müqaviləsindəki rəqəm arasında fərqə gəlincə, Köçərli deyib ki, əmlak sahibi öz ölkəsində vergini çox ödəməmək üçün müqavilədə rəqəmin aşağı göstərilməsini istəyib. Qalan məbləği də nağd alıb.

"Eldar Həsənov qanunsuzluq etmək barədə elə bir tapşırıq versəydi, mən heç onunla işləməzdim", – keçmiş müşaviri məhkəməsində Həsənov haqqında belə deyib.

"Serbiyadakı park da Rumıniyadakı park kimi olmalıydı"

Köçərli Belqradda "Taşmaydan" parkının salınmasından da danışıb. Bu parkda Azərbaycanın mərhum prezidenti Heydər Əliyev və serb yazıçı Milorad Paviçin heykəli var. 2011-ci ilin iyununda parkın açılışında Azərbaycan və Serbiya prezidentləri iştirak edib.

"Eldar müəllim dedi ki, Azərbaycanla Serbiya arasında münasibətlər aşağı səviyyədədir. Təklif elədi ki, park salınsın. Serbiya rəhbərliyi razılıq verdi, salındı. Eldar Hüseynov memar idi, bu məsələlərə, o cümlədən kimin heykəlinin hara və necə qoyulmasına da o baxırdı. Amma parkla bağlı bütün məsələlər həm də şəhər meriyası ilə razılaşdırılırdı. Serbiyadakı park da Rumıniyadakı park kimi olmalıydı", – Köçərli bildirib. (Eldar Həsənov Rumıniyada səfir olanda Buxarestdə park salınıb və orada Heydər Əliyevin heykəli qoyulub)

Məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə - 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. Həmçinin, sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur.

Ona CM-nin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10ilə qədər həbs cəzası nəzərdə tutulub.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb. O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.

XS
SM
MD
LG